Putin Avropanı işğal edəcək Dünya

Putin Avropanı işğal edəcək

Bloomberg: "ABŞ və Avropa Birliyi Rusiyaya iqtisadi sanksiya və Ukraynaya hərbi dəstəyi gücləndirməyə məcbur olacaq"

Cavid

2015-ci ildə Ukrayna dünya xəritəsində potensial müharibə bölgəsi olacaq. Bu barədə Bloomberg agentliyinin hərbi proqnozunda deyilir. Proqnozda bölgədə olan 15 münaqişə zonası qeyd edilib. "Putinin dəstəyi ilə separatçılar ölkənin daha dərinliyinə, qərbə doğru irəliləməyə başlayır. Bu, Krıma quru yolu açmaq üçün ediləcək. Bu zaman ABŞ və Avropa Birliyi Rusiyaya iqtisadi sanksiya və Ukraynaya hərbi dəstəyi gücləndirməyə məcbur olacaq" - deyə agentliyin məlumatında bildirilir.
Məlumatda o da qeyd olunur ki, gələn ildə Baltikyani ölkələr və Kalininqrad da qərblə toqquşma obyekti kimi istifadə ediləcək:
"Vladimir Putin NATO-ya neqativ təsiri gücləndirmək üçün Estoniya və Latviyada rusiyalı azlıqlara problemlər yaradacaq. Bu növ təxribat Polşa və Litvanın arasında olan Kalininqradda da dəstəklənəcək".
Qeyd edək ki, Bloomberg toqquşmaların xəritələrini də təqdim edərək Suriya, İsrail, İordan çayının qərb sahili, Səudiyyə Ərəbistanı, Şərqi-Çin və Qərbi-Çin dənizi, Nigeriya, Əfqanıstan, Pakistan-Hindistan, Şimali Koreya, Arktika, Yunanıstan və digər dünya bölgələrini xüsusi risk zonası kimi göstərib.
Dünyada hərbi risklərin artmasını nəzərə alan Rusiya 2015-ci ildə raketlərin sayı artırmağa qərar verib. Orbitə qaldırılacaq raketlərin miqdarında 25% artım olacaq. Bu haqda məlumat Rusiya prezidenti ilə canlı bağlantıda deyilib.
Rusiya "Anqara" tipli yeni raketlərini uçuş sınağını da keçirib. Bu 23 dekabrda baş tutub. "Anqara" raketləri 2025-ci ildə sovet istehsalı "Proton" raketlərlərini əvəz edəcək.
Rusiyanın baş naziri Dmitri Medvedev "Facebook" səhifəsində yazıb ki, Rusiya Ukraynanın bloklara qoşulmayan ölkə statusundan imtinasına reaksiya verəcək.
"Prezident Pyotr Poroşenko Ukraynanın bloklara qoşulmayan ölkə statusundan imtinası haqqında qanun layihəsini Ali Radaya göndərib. Bu, faktiki olaraq NATO-da girişə sifarişdir və Ukraynanı Rusiyanın potensial hərbi rəqibinə çevirir", - Medvedev qeyd edib.
Rusiyanın baş naziri ABŞ-ı da tənqid edib: "ABŞ prezidenti istənilən vaxt istənilən Amerika prezidentinə ölkəmizə qarşı sanksiyalardan istifadə etməyə ixtiyar verən antirus qanunu imzaladı. Bu qanun Amerika ilə bizim münasibətlərimiz onilliklərə zəhərləyəcək".
D.Medvedev bildirib ki, hər iki bu qərarın ekstremal mənfi nəticələri olacaq. O, Rusiyanın cavab addımları atmalı olacağını vurğulayıb.
ABŞ-ın "The Washington Free Beacon" nəşri isə Rusiya bombardmançılarının ABŞ-ın Sakit okeandakı Quam adasının üzərindən uçuş etdiyindən yazıb. NATO tərəfindən "Bear" (Ayı) kod adı verilmiş iki "Tu-95" bombardmançı təyyarəsi 13 dekabr 2014-cü il ABŞ-ın Sakit okeandakı Quam adasının üzərindən uçub.
"The Washington Free Beacon" nəşri bunun artıq bir ay ərzində üçüncü analoji hadisə olduğunu yazıb.
Məqalənin müəllifi Quam adasında ABŞ-ın ən böyük hərbi bazası yerləşdiyini qeyd edib. Nəşr Pentaqondakı mənbələrə istinad edərək bildirir ki, Rusiya bombardmançıları 7 dekabrda bombardman təqlidi yerinə yetirərək Kalininqrad vilayətindəki bazalardan Quama tərəf uçuşlar həyata keçirib.
Məqalənin müəllifi xatırladıb ki, ötən iki il ərzində Rusiya aviasiyasının uçuşları mühüm siyasi hadisələrə uyğunlaşdırılıb. Uçuşlardan biri ABŞ prezidentinin 2013-cü ildə Konqresdəki məruzəsinə, digəri isə Rusiya Federasiyasının lideri Vladimir Putinin ABŞ prezidenti Barak Obama ilə görüşünə təsadüf edib.
Onu da qeyd edək ki, Ukraynanın şərqində vəziyyətin nizama salınması istiqamətində Belorusun paytaxtı Minskdə növbəti görüş keçiriləcək.
Keçiriləcək görüş 24-26 dekabr tarixində nəzərdə tutulur.
Bu barədə Ukrayna Prezidenti Pyotr Poroşenkonun mətbuat xidməti məlumat verib. Poroşenko görüşlə bağlı Almaniya, Fransa və Rusiya liderləri ilə bugünkü telefon söhbətində razılaşıblar.
Prezidentlərin telefon danışıqlarında Ukraynanın şərqindəki vəziyyət, atəşkəs şərtlərinə əməl edilməsi məsələsi müzakirə predmeti olub. Liderlər son razılaşmadan sonra təmas xəttində atəşkəsə əməl edilməsini yüksək qiymətləndiriblər.
Həmsöhbətlər Minsk razılaşmasının bütün bəndlərini yerinə yetirməyə razılıq veriblər. Atışmaların, separatçıların silahlandırılmasının dayandırılması, girovların azad edilməsi istiqamətində ilkin razılıqların olduğu vurğulanır.