Medvedevdən bədbin proqnoz Dünya

Medvedevdən bədbin proqnoz

"Rusiya iqtisadiyyatının dərin tənəzzülə girməsi riski mövcuddur"

Cavid

Moskva birjasında ticarət sessiyasının açılışından sonra satışlarda dəyərini 3 rubladək itirən dolların qiyməti 53, avronun kursu isə 65 rubla çatıb. Eyni zamanda bazarın kapitallaşmasının göstəricisi olan Moskva birjasının əsas indekslərindən biri - RTS-in dəyəri 10 faiz artıb. Ekspertlər artımı rublun məzənnəsinin möhkəmlənməsilə əlaqələndirirlər.
Qeyd edək ki, ötən həftə Rusiya sahibkarları ilə prezident Putinin görüşü vaxtı iri şirkətlərə rublu dəstəkləmək məqsədilə valyutanı birja üzərindən satmaq tövisyyə olunub.
Rusiyanın baş nazir Dmitri Medvedev isə bəyan edib ki, Rusiya iqtisadiyyatının dərin tənəzzülə girməsi riski mövcuddur.
Medvedev hakim "Vahid Rusiya" partiyasının Ali və Baş Şuralarının geniş iclasında çıxış edərkən "Bizim üçün daha dərin tənəzzülə girmək riskləri mövcuddur" deyib.
Baş nazirin sözlərinə görə, hazırda yaranmış vəziyyət, 2008-ci ildəki böhrandan daha çətindir.
"O vaxtlar (2008-2009-cü illərdə) biz dünya ilə birlikdə böhrandan çıxdıq, hazırda isə bir sıra ölkələr iqtisadiyatımızın inkişafına maneələr törətməklə məşğuldur".
Medvedevin sözlərinə görə, hökumət 2008-ci ildəki böhran vaxtı olduğu kimi bazardakı vəziyyətə təsir göstərməyə çalışacaq.
Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 2015-ci ildə ümumdaxil məhsulun həcminin 0,8 faiz azalacağını proqnoz edib.
"Rusiya prezidenti Vladimir Putin çox böyük bir səhvə yol verir. Yaşanan böhran orta sinfə ağır zərbə vura, Putinin kreslosunu isə laxlada bilər".
Türkiyə mediasının yazdığına görə, bu sözləri Rusiya üzrə türkiyəli mütəxəssis Habibe Özdan Moskvanın qarşılaşdığı iqtisadi problemləri şərh edərkən deyib.
Enerji qiymətləri yüksək olan dövrdə Rusiyanın son dərəcə güclü bir beynəlxalq oyunçu olduğunu deyən türkiyəli ekspert qiymətlərin düşdüyü zaman bu ölkənin ciddi problemlərlə qarşılaşdığını bildirib. H.Özdal Rusiya iqtisadiyyatının bu vaxta kimi şaxələnmədiyini, bunun isə enerji ehtiyatları ilə zəngin olan bir ölkənin ən böyük səhvi olduğunu dilə gətirib.
Putinin 419 milyard dollarlıq valyuta ehtiyatına arxalandığını və bu ehtiyatlardan istifadə edəcəyini açıq şəkildə dilə gətirdiyini deyən Özdal valyuta ehtiyatlarında kəskin azalmanın qeydə alındığını vurğulayıb: "2014-cü ilin əvvəlində 550 milyard dollar olan valyuta ehtiyatları 130 milyard dollar azalıb. Putinin arxalandığı bu ehtiyatlar sürətlə əriyir. Ehtiyatların azalması bu şəkildə davam edərsə, xalq Putini sorğulamağa başlayacaq. Putin hazırda baş verənləri "xarici aktyorların Rusiyanı dağıtma planı" olduğunu bildirir. İndiki halda Qərb əleyhdarlığı artır və Putinə dəstək çoxalır. Ancaq itkilər cəmiyyətin üzərində hiss olunduqca yaşananlar yeni ortaya çıxan orta sinif üzərində dağıdıcı effekt yaradacaq. O halda isə işin rəngi dəyişəcək".
Kreml hakimiyyətin hazırda atdığı bütün addımların müvəqqəti həll yolları olduğunu deyən Özdalın fikrincə, Rusiya qarşılaşdığı problemləri kökündən həll etmək üçün həm ABŞ, həm də Avropa ilə əlaqələrini dərhal düzəltməlidir.
İqtisadçı ekspert Rəşad Həsənov isə deyib ki, bütün növ məhsulları daha ucuz qiymətlərlə əldə etmək üçün son günlər Rusiyaya valyuta axını artıb ki, bu da vəziyyəti müvəqqəti tənzimləməkdə hökumətə əlavə avantaj yaradıb: "Lakin yaranmış situasiyada ölkə istehsalçıları və yaxud distribütorlar satışda maraqlı tərəf deyillər. Azərbaycandan da bu ölkəyə son günlər valyuta axını artıb. Kimisi əmlak, digəri avtomobil, bir başqası isə gündəlik tələbat malarını daha aşağı qiymətlə əldə etməyə tələsir. Düşünmürəm ki, sonuncular üçün vaxt kifayət qədərdir. Çünki Rusiya özü bu gün ərzaq qıtlığı ilə üzləşdiyi halda olan-qalanının da qonşu ölkələrə daşınmasına imkan verməyəcək. Hansısa formada bu imkanların qarşısı alınacaq. Yerli avto-istehsalçılar isə indiki qiymətlərlə avtomobil satmaqda həvəsli görünmür. Həmçinin daşınmaz əmlak satıcıları. Təbii ki, bu ölkədə əlaqələri olanlar üçün hər zaman variantlar mövcuddur".

Ekspert yaranmış böhranın kökündə siyasi amillərin dayandığını bildirib: "Ümumiyyətlə isə qeyd etmək istərdim ki, Rusiyada vəziyyət yenidən gərginləşəcək. Avropa və ABŞ indiki halda kifayət qədər israrlı davranış nümayiş etdirir. Putinə gəldikdə isə bu adam sonuncu görüşlərində və mətbuat konfransında heç də qalib liderə oxşamasa da, bu qədər asanlıqla geri çəkilmək şansına da malik deyil. Çünki geri çəkilmək "Tayqanı düşmənlərin istismarına vermək", az-çox şəxsinə pərəstiş edənlərin güvənini itirmək deməkdir. Maraqlı məqam isə ondan ibarətdir ki, hər iki tərəf az və ya çox şəkildə itkilərə məruz qalıb. Və hər iki tərəf prosesin sonundan asılı olaraq cavab verməlidir. Buna görə də nə ABŞ-da, nə də Avropada heç bir hökumət itirilənlər üçün məsuliyyət daşımaq istəməz. Çünki bu ölkələrdə bilərəkdən zərər hökumətlər üçün intihara bərabərdir. Demək ki, bu dəfə də itirən məzlum rus xalqı olacaq. Obama bir güllə belə atmadan Putini diz çökdürmək havasındadır, Putin isə dostlarını bir-bir itirir. Bir azdan ruslar ucadan düşünəcək və Putin iki od arasında təslim olacaq. Olacaqlar üçün zaman gərəkdir ki, bu zamanın hər dəqiqəsi Rusiya iqtisadiyatına milyonlar bahasına başa gələcək".
"Dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və Ukraynada baş verən hadisələrdə tutduğu mövqeyə görə Qərbin sanksiyalarına tuş gəlməsi nəticəsində Rusiyada milli valyuta son bir neçə ay ərzində dəyərini iki dəfəyə qədər itirib. Rusiya hökuməti və Mərkəzi Bank bu vəziyyətdən çıxış yolları axtarır. Təbii ki, inflyasiyanın tüğyan etdiyi belə bir məqamda prosesi tənzimləmək üçün ilk növbədə klassik üsullarından istifadə olunmalıdır".
Bu isə iqtisadşı Fikrət Yusifovun fikridir.
Rusiyanın klassik üsullardan istifadə etməyə başladığını qeyd edən F.Yusifov buna misal olaraq Mərkəzi Bankın atdığı addımlara diqqət yönəldib: "Cari ilin dekabr ayının 16-da Rusiyanın mərkəzi bankı uçot dərəcələrini bu ilin ortalarında qüvvədə olan 8,0%- dən 17,0% -ə qaldırmaqla ölkədə sərt pul-kredit siyasəti yeritməyə başlayıb. İnflyasiyanın tüğyan etdiyi dövrdə bu, gözlənilən addım idi. Azərbaycan bu yol 1990-cı illərin ortalarında keçib. O zaman inflyasiyanın orta illik səviyyəsi dörd rəqəmli ölçülərə gəlib çıxmışdı. Heydər Əliyevin bilavasitə rəhbərliyi altında aparılan sərt, ancaq düzgün müəyyən edilmiş maliyyə siyasəti çox qısa zamanda vəziyyəti tam sabitləşdirməyə imkan verdi. Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, bazara daha bahalı kreditlər təklif etməklə banklar kreditlərə olan tələbatı minimuma endirir və bu yolla da dövriyyədə olan pul kütləsinin həcmi azalır. Dövriyyədə pul kütləsinin azalması sonda milli valyutanın dəyərinin saxlanılmasını təmin edir, ən pis halda isə heç olmasa onun dəyərinin sürətlə aşağı düşməsinin qarşısını alır. İlkin məlumatlara görə, artıq Rusiyanın bir sira kommersiya bankları fiziki və hüquqi şəxslərə illik dəyəri 35%-ə qədər olan kreditlər təklif edirlər. Belədə ipoteka kreditlərinin dəyərinin 20%-ə qədər artması gözlənilir ki, bu da ipoteka kreditləri üçün fantastik faiz dərəcəsidir. Kreditlərin belə bahalanması onları rentabellik səviyyəsi orta hesabla 5-8% olan istehsal sahələri və əhalinin böyük əksəriyyəti üçün əlçatmaz edir. Təbii ki, bu kursun uzun müddət davam etməsi mümkün deyil. Çünki iqtisadiyyatın real sektorunun kreditləşdirilməsinin bu yolla məhdudlaşdırılması bir müddətdən sonra istehsalın aşağı düşməsinə gətirib çıxaracaq. Bu da sonda ölkə iqtisadiyyatı üçün çox acınacaqlı nəticələr verə bilər. Yaranmış vəziyyətdə, mümkün qədər qisa zaman ərzində Rusiya iqtisadiyyatının maksimum diversifikasiya edilməsi zərurətə çevrilir. Bu işi Rusiya Prezidenti Vladimir Putinin dediyi kimi, iki ilə etmək planlaşıdırılırsa, onda ən azından xarici investitsiyaları ölkəyə cəlb etməyin Çin modelindən istifadə olunmalıdır. Əks halda, qısa zaman kəsiyində bunu etmək heç də real görünmür".