Ukraynada müharibə yenidən qızışır Dünya

Ukraynada müharibə yenidən qızışır

Donetsk aeroporti uğrunda ağır döyüşlər gedir

Cavid

Ukrayna hökuməti ölkənin şərqində ruspərəst üsyançıların törətdikləri zorakılıqlarla əlaqədar hərbi səfərbərlik elan edib. Qeyd edək ki, ötən gün üsyançılar Donetsk hava limanını yenidən ələ keçiriblər. Əməliyyatlar zamanı 6 ukraynalı əsgər öldürülüb, 4 nəfər isə, yaralanıb.
Ölkə hərbisi ehtiyatda olan 100 minə yaxın zabiti cəbhə bölgəsinə cəlb etməyə hazırlaşır.
Rusiya hökuməti isə, Donbas regionuna 8 500 əsgər toplayıb. Ölkənin milli təhlükəsizlik və müdafiə şurasının baş katibi Aleksandr Turçinov parlamentdə çıxışı zamanı bu barədə açıqlama verib. Onun sözlərinə görə, üsyançılar son bir neçə gündə hökumət qüvvələrinin mövqelərini 129 dəfə atəşə tutublar.
3 gün əvvəl Volnovaxa şəhərində avtobusa edilən hücum zamanı 13 mülki vətəndaş ölmüşdü.
Hökumət hücuma görə, üsyançıları ittiham edib. Faktla bağlı ATƏT rəsmilərinin də iştirakı ilə istintaq əməliyyatları aparılır. Hökumət ötən gün ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Qeyd edək ki, Ukraynada münaqişələr başlayandan indiyə qədər 4700-dən çox insan öldürülüb.
Ukrayna qoşunlarının hərbi qərargahının məlumatına görə, tanınmamış "DXR" yaraqlıları Donetsk aeroportuna hücuma keçiblər. Məlumata görə, hazırda Donetsk aeroportu uğrunda yenidən şiddətli döyüşlər gedir. Aeroportun yeni terminalı separatçılar tərəfindən fasiləsiz olaraq atəşə tutulur.
Aeroport uğrunda döyüşlərin getdiyi xəbərini tanınmaş "DXR" lideri Aleksandr Zaxarçenko da təsdiqləyib. Donetskdə keçirilmiş brifinqə Aleksandr Zaxarçenko aeroportun 95%-nə onun rəhbərlik etdiyi qüvvələrin nəzarət etdiyini bəyan edib.
Lakin Ukrayna hərbiyyəsinin rəsmisi Andrey Lısenko aeroport binasını separatçıların ələ keçirdiyini təkzib edib. Onun sözlərinə görə, Donetsk aeroportu ukraynalı hərbçilərin nəzarəti altında qalmaqdadır.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov isə parlamentdə çıxış zamanı bildirib ki, Donbas hövzəsində Rusiya-terror qoşunlarının silahlanmasına 542 tank və 4 "Toçka-U" taktiki raket kompleksi daxildir.
"Rusiya-terror qoşunlarının silahlanmasına 542 tank, 990 zirehli maşın, 694 artilleriya sistemi, 57 zenit-raket kompleksi və 4 "Toçka-U" taktiki raket kompleksi daxildir. Donbas hövzəsinin işğal edilmiş hissəsində 36 mindən çox döyüşçü var. Onlardan 8 min 500-ü Rusiya Federasiyasının nizami qoşununun hərbi qulluqçularıdır", - o, vurğulayıb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri qeyd edib ki, hazırda Ukrayna-Rusiya sərhədində əhəmiyyətli hücum potensialı olan təxminən 52 min Rusiya hərbçisi yerləşib. Məlumata görə, Ukrayna sərhədində 300-dən yuxarı tank, 1800 zirehli maşın, 750 artilleriya və yaylım atəş sistemi, 360-a qədər döyüş təyyarəsi və zərbə vertolyotu döyüş vəziyyətindədir.
Bundan əvvəl isə Aleksandr Turçinov tammiqyaslı müharibənin başlanmasını istisna etməyib.