ABŞ-Qərb qarşıdurması yarana bilər Dünya

ABŞ-Qərb qarşıdurması yarana bilər

Avropa Obamanı Rusiyaya qarşı sanksiyaların ləğvinə çağırıb

Cavid

Almaniyanın "Deutsche Wirtschafts Nachrichten" qəzeti "Avropanı Rusiyaya qarşı sanksiyaları ləğv etməyə ABŞ icazə vermir" iddiası ilə çıxış edib. Qəzetin yazdığına görə, Merkellə telefon görüşməsində Barak Obama bacardıqca sanksiyaların uzadılmasını tələb edib.
Politoloq Qabil Hüseyinli vurğulayıb ki, Avropanın Rusiyaya qarşı siyasətinin yumşalması enerji faktoru ilə bağlıdır: "Rusiya Avropanın qaz tələbatının 70 faizini ödəyir. İndi Rusiya bəzi Avropa ölkələrinə - Yunanıstan, Borlqarıstana qazın verilişini azaldıb. Bu ölkələr isə bildirir ki, yanacağın verilişi tamamilə dayandırılıb. Bu vəziyyətin yaranması isə böyük ajiotaja səbəb olub. Belə bir soyuq vaxtda sənaye qazın verilməsi çox vacibdir. Bu nöqteyi nəzərdən tətbiq edilən sanksiyalar Rusiya ilə yanaşı, Avropa ölkələrinin özlərinə də xeyli zərər vurur. Hər iki tərəf qarşlıqlı şəkildə itirir. Avropa isə böhrana girmək fikrində deyil və mövcud çətinliyə dözür. Eyni zamanda itkiləri də böyükdür. Belə ki, Avropa ölkələrinin çoxu Rusiya ilə qarşılıqlı ticarətdə böyük məbləğdə pullar qazanırdı. Proses uzandıqca Avropanın itkiləri kritik həddə çatır. Bundan sonra həmin ölkələrdə iqtisadi böhranın əlamətləri başlaya bilər. Rusiya böyük riskə gedərək həmin ölkələrə də qazın verilməsini dayandırsa, bu həmin dövlətlər üçün mənfi nəticələrə səbəb ola bilər. Belə bir vəziyyətdə Avropa çox ehtiyatlı hərəkət edir. Onların bir qismi sansksiyaların yumşaldılmasını və hətta dayandırılmasını istəyirlər. Əgər Astana görüşü uğurla başa çatarsa, Amerikanın təzyiqləri olsa belə, sanksiyaların yumşaldılması yolunda müsbət addımlar atıla bilər".
"Deutsche Wirtschafts Nachrichten" qəzetinə istinadən yaydığı xəbərə görə, 19 yanvarda Brüsseldə keçirilən görüşdən sonra bir çox Avropa ölkəsi Rusiyaya qarşı fikirlərini kəskin dəyişiblər. Görüşdə sanksiyaların ləğvi qərara alınıbmış. Yalnız ABŞ-ın müdaxiləsindən sonra sanksiyalar qüvvədə qalıb.
Bu arada o da bildirilib ki, ABŞ Qərbə qaz ixrac edəcək. Bu isə Avropanın Rusiyadan enerji təhlükəsizliyini azaldacaq. İqtisadçı-ekspert Azər Mehdiyev deyib isə bildirib ki, ABŞ Avropaya qaz ixrac edərsə, Rusiyanın Avropa ölkələrinə qarşı təzyiq imkanları məhdudlaşacaq.
O qeyd edib ki, bu gün Avropanın enerji mənbələri arasında Rusiya hələ ki ciddi və əhəmiyyətli rol oynayır: "Rəsmi Kreml hər zaman Avropaya münasibətdə bu amili müəyyən təzyiq aləti kimi əldə saxlayır. Xüsusilə, bu təzyiq Rusiyanın qazla təmin etdiyi dövlətlərə qarşı güclü istifadə olunur. Avropa ölkələri bundan qurtularsa, təbii ki, mövcud olacaq vəziyyət, rəsmi Moskvanın Avropada mövqelərinin zəifləməsinə və bu təzyiq vasitəsindən məhrum olmasına gətirib çıxara bilər. Neftin qiymətinin yüksək olduğu dövrdə bəzi Avropa ölkələrində, yanar şistlərdən istifadə etmək imkanlarının olduğu ortaya çıxdı. Ancaq neftin qiymətinin ucuzlaşdığı dönəmdə bu imkanlar məhdudlaşır. Lakin bunun müqabilində, ABŞ Avropaya qaz ixrac etmək niyyətindədir. Əgər bu, baş tutarsa, Rusiyanın Avropaya olan təzyiq imkanları xeyli məhdudlaşacaq. Bu gün hələ ki, üzdə görünən Avropanın, alternativ enerji mənbələrindən geniş istifadə etməklə, özünün Rusiyadan asılılığını azaltmaq istəməsidir. Bu istiqamətdə, xüsusilə, Almaniya ciddi irəliləyişlərə nail ola bilib. Bu təcrübənin geniş yayılması Avropanı Rusiyanın enerji asılılığından xilas edə bilər. Bütün hallarda prosesin tez bir zamanda baş verməsi mümkün deyil. Yəqin ki, buna xeyli zaman lazım olacaq".
Məlumat üçün bildirək ki, Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Mogerini Vaşinqtonda ABŞ dövlət katibi Con Kerri ilə görüşündən sonra Rusiyadan enerji asılılığına son qoyulması üçün tədbirlər həyata keçirildiyini vurğulayıb.
Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin hökumət nümayəndələri ilə keçirdiyi görüşdə vurğulayıb ki, ölkə düşdüyü mövcud vəziyyətdən çıxır və o, iqtisadiyyatı inkişaf etdirəcək.
Politoloq Fikrət Sadıqov bildirib ki, Putinin səsləndirdiyi bu bəyanat əhalini sakitləşdirmək üçündür: "Reallıq ondan ibarətdir ki, Rusiya iqtisadiyyatı, maliyyə vəziyyəti çox mürəkkəb bir durumdadır. Sanksiyalar iqtisadiyyata ciddi zərbə vurub. Onlar özləri bunu yaxşı başa düşürlər. Ancaq Putin mövcud vəziyyətdə Rusiyanın ağır durumdan çıxması üçün əlindən gələni edir. Mənə elə gəlir ki, yaxın zamanda islahatlar aparılmasa, Rusiya üçün çox çətin olacaq. Digər məqam ondan ibarətdir ki, rəsmi Kreml bütün qüvvələrini vəziyyətdən çıxmaq üçün sərf edir. Hələ ki, təbii ehtiyatlar var deyə, Rusiya ayaqda qalmağı bacarır.
Avropanın özü də sanksiyalardan, müəyyən mənada, əziyyət çəkir, zərbə alır. Rusiya iqtisadiyyatı ciddi islahatlara məruz qalmaldır. Əks halda ağır vəziyyətdən çıxmaq çətin olacaq. Açıq şəkildə Qərblə Rusiya arasında qarşıdurma var. Rusiya düşdüyü ağır durumdan çıxsa da, qarşıdurma davam edəcək. Aydın məsələdir ki, Rusiya Qərbi qəbul etmək istəmir. AB başda olmaqla Qərb də Rusiyanı qəbul etmək fikrində deyil. Yaxın gələcəkdə bu qarşıdurma davam edəcək. Kompromislərin olacağı gözlənilən deyil".