“Erməni lobbisi Türkiyə ilə dialoqa hazır deyil” Dünya

“Erməni lobbisi Türkiyə ilə dialoqa hazır deyil”

Ermənistandan fərqli olaraq, erməni lobbisi Türkiyə ilə dialoqa hazır deyil. Anadolu agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş nazirinin müşaviri Etyen Mahçupyan bildirib. Prezident Rəcəb Tayyib Ərdoğanın aprelin 24-də Çanaqqala döyüşündə qələbənin ildönümü ilə bağlı təntənələrdə iştirak etmək üçün Ermənistan liderinə göndərdiyi dəvətlə bağlı Mahçupyan bildirib ki, Ermənistanın heç olmazsa, simvolik olaraq bu dəvəti qəbul etməsi pis olmazdı: "Çanaqqala döyüşündə həlak olanlar arasında ermənilər də var. Əgər Ermənistan onların xatirəsinə hörmət edirsə, onda heç olmazsa, simvolik olaraq bu dəvəti qəbul etməli idi". Onun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin bərpa olunacağı halda 1915-ci ildə Türkiyəni tərk etmiş ermənilərin bəzi nəsillərinin Türkiyəyə qayıdacaqları və vətəndaşlıq tələb edəcəkləri istisna deyil. Qeyd etmək lazımdır ki, bundan əvvəl Türkiyə hakimiyyəti dəfələrlə münasibətlərin yoluna qoyulması istiqamətində Ermənistana jestlər edib. Ötən il aprelin 24-də Rəcəb Tayyib Ərdoğanın erməni xalqına müraciətini bunlardan biri hesab etmək olar. Həmin müraciətdə bildirilib ki, 1915-ci il yalnız ermənilər üçün deyil, həm də ərəblər, kürdlər və ölkədə yaşamış başqa millətlərin nümayəndələri üçün ağır dövr idi.