Ermənistanda oliqarxların davası Dünya

Ermənistanda oliqarxların davası

Müxalifət Sarkisyana qarşı birləşir

Cavid

Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan parlamentində təmsil olunan və say tərkibinə görə ikinci fraksiyanın lideri, Milli Təhlükəsizlik Şurasının üzvü Qaqik Tsarukyanı "bir siyasi xadim kimi ölkə üçün bəla" adlandırıb və onun ictimai və siyasi fəaliyyətinə qarşı tədbirlər görüləcəyini bəyan edib.
Rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyası Siyasi Şurasının iclasında prezident Sarkisyan Firavan Ermənistan Partiyasının (FEP) sədri Qaqik Tsarukyanın ünvanına yönələn tənqidi və təhqiramiz çıxışından sonra onun Milli Təhlükəsizlik Şurasından azad edilməsi haqqında fərman imzalayıb.
"Ölkənin ali təhlükəsizlik orqanı teatr deyil ki, kefin istədiyi vaxt baş çəkəsən", - Sarkisyan deyib. Sarkisyan Tsarukyanın siyasətdə peyda olmasında "öz səhlənkarlığı üçün" üzr istəyib və səhvini düzəltməyi vəd edib.
"Siyasi xadim Qaqik Tsarukyan ölkəmiz üçün bir bəla olub. Və bu təbiidir. Siyasi prosesə qatılmaq üçün kifayət qədər mexanizmə malik, lakin zəif intellektual qabiliyyətli şəxs inkişafın tormozuna çevrilir...Səhvi təmiz, kökündən və tez düzəltmək lazımdır", - Serj Sarkisyan bəyan edib.
Prezident Sarkisyanın Tsarukyana qarşı bəyanatlarından sonra FEP Siyasi Şurasının iclasında Qaqik Tsarukyan artıq ölkədə yaranmış vəziyyətdən yeganə çıxış yolunu "növbədənkənar prezident seçkiləri vasitəsilə tam hakimiyyət dəyişikliyində" gördüyünü bəyan edib.
Sarkisyan isə buna cavab olaraq, Tsarukyanın deputatlıq fəaliyyətindən də məhrum etmək niyyətini gizlətməyib: "2013-2014-cü illərdə Qaqik Tsarukyan Milli Məclisin 145 iclasından cəmisi dördündə iştitak edib. O, öz seçicilərini, parlamentin rolunu heç nə hesab edir...Bizim deputatlar yəqin sabahdan bu mənasız vəziyyəti düzəlmək üçün lazımi addımlar atarlar".
Ermənistan prezidenti Qaqik Tsarukyanın biznes fəaliyyətinə də "diqqət yetirməyə çağırıb".
O deyib: "İllər boyu büdcəyə ödənilməmiş, təqaüdçülərə və gənclərə çatacaq, lakin müxtəlif "xeyriyyəçilik" tədbirlərinə sərf olunan milyardlarla dram haqqında məlumatlar yoxlanılmamış qalır".
Sarkisyan baş nazir Hovik Abrahamyanı onunla bağlı məlumatları yoxlamaq üçün müvafiq idarələrə tapşırıq verməyi tapşırıb. Ermənistanın baş naziri Abrahamyan Qaqik Tsarukyanın qudasıdır. Sarkisyan yalnız Tsarukyanın Ermənistan Olimpiya Komitəsinin prezidenti kimi "törətdiyi cinayətləri" qeyd etməyib.
Təhlükəsizlik Şurasının iclasında Serj Sarkisyan Tsarukyan tərəfindən "müxtəlif cinayətlərin məharətlə gizlədilməsi mexanizmləri barədə məlumatların yoxlanılmasına" diqqət yetiriləcəyini bildirib.
Ümumiyyətlə, Ermənistanın nüfuzlu sahibkarlarından biri hesab olunan Qaqik Tsarukyanın partiyası müxalif Erməni Milli Konqresi və İrs partiyaları ilə "üçlük"də təmsil olunaraq, bir neçə birgə mitinq keçirməsinə baxmayaraq, "Firavan Ermənistan"ın mövcud hakimiyyətə belə çıxışı çoxlarına şübhəli görünürdü.
Fevralın 5-də "üçlüyün" konfransı zamanı Tsarukyan xəbərdar etdi ki, iqtidarın kiçik bir səhvi "Ermənistan vətəndaşlarını küçəyə çıxarar". Onun sözlərinə görə, Gümridə ailə üzvlərinin qətlə yetirilməsi, qiymətlərin artması, maliyyə bazarının olmaması "güclü ictimai partlayışa səbəb" ola bilər. Tsarukyan "bütün qanuni vasitələrlə", o cümlədən aramsız mitinq, yürüş və nümayişlərlə Serj Sarkisyanın istefasına nail olmağa və "bu hakimiyyətdən" azad olmaq üçün "ümumxalq səfərbərliyinə" çağırıb: "Mübarizəyə hazırlaşın! Küçəyə 3000 adam çıxanda hakimiyyət qanunları dəyişməyə məcbur olur. Bütün xalq çıxsa – hakimiyyət dəyişikliyi baş tutar. Bu hakimiyyət getməlidir, və biz tariximizin bu rüsvayçı və şərəfsiz səhifəsini örtməliyik".