Ermənilər peşman olublar Dünya

Ermənilər peşman olublar

Gömrük İttifaqına üzv olması Ermənistanın başqa ölkələrlə ticari əlaqələrini əngəlləyir

Ermənistanda 2015-ci ilin əvvəlindən ölkəyə daxil olan fərdi transfertlərin həcmi kəskin şəkildə azalıb. Ermənistan Mərkəzi Bankının hesabatında belə deyilir.
Yanvar ayına olan hesabata əsasən, ötən ilin eyni müddəti ilə müqayisədə 2015-ci ilin yanvar ayında Ermənistana xaricdən göndərilən fərdi transfertlərin ümumi həcmi 41,08 faiz azalıb və 72 milyon 169 min ABŞ dolları təşkil edib.
Bu rəqəm 2014-cü ilin yanvar ayında 122 milyon 506 min dollar olub.
Xaricdən Ermənistana daxil olan fərdi transfertlərin böyük hissəsi Rusiyada mövsümi işlərdə çalışan Ermənistan vətəndaşları tərəfindən göndərilir. Rusiyadan alınan fərdi transfertlərin həcmi son bir il ərzində 56,01 faiz azalıb: 2014-cü ilin yanvarında tək bank sistemi vasitəsilə 87 milyon 243 min, düz bir ildən sonra isə 38 milyon 371 min dollar məbləğində pul göndərilib.
Fərdi transfertlər kimi ölkəyə daxil olan xarici valyutanın həcmi Ermənistan dövlət büdcəsi ilə müqayisə edilə bilər. Bəzi mütəxəssislər deyir ki, əvvəlki illərdə Ermənistana xaricdən ildə 3 milyard dollara yaxın pul göndərilirdi.
Məsələn, 2013-cü ildə fərdi pul köçürmələri xəttilə Ermənistana təxminən 2,1 milyard dollar göndərilib, bir ildən sonra isə bu göstərici 7,7 faiz azalıb.
Ukrayna hadisələri ilə bağlı Qərbin sanksiyaları nəticəsində Rusiyada iqtisadi durumun pisləşməsi, rublun məzənnəsinin düşməsi Rusiyada işləyən əmək mühacirlərinin gəlirini azaldıb. Mövsüm işlərindən qayıdanların bir hissəsi bu il Rusiyaya qayıtmayıb.
"Bu hal Ermənistan əhalisinin alıcılıq qabiliyyətini kəskin şəkildə düşməsinə, yaşayış səviyyəsinin pisləşməsinə gətirir" - deyə Ermənistan Milli Bankının sabiq rəisi Baqrat Asatryan bildirir.
İqtisadçılar Ermənistanda hər halda cari ildə iqtisadi göstəricilərin yaxşıya doğru dəyişməyəcəyini və yoxsulluq səviyyəsinin artacağını proqnozlaşdırırlar.
"Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması, Rusiya istiqamətinə üstünlük verməsi gözlənilən müsbət effekti verməyib, əksinə, mənfi təsir edib" - deyə B.Asatryan jurnalistlərə deyib.
Gömrük İttifaqına üzv olması Ermənistanın başqa ölkələrlə ticari əlaqələrini əngəlləyir, Rusiyada rublun məzənnəsinin Ermənistan dramından daha çox düşməsi səbəbindən Ermənistanın bu ölkəyə ixracatı mənfi effekt verir.
Məsələn, Ermənistan şərabları və konyakı Rusiya bazarında xeyli bahalaşıb, çətin satılır və Ermənistan istehsalatçıları ixracatı "sərfəli vaxtlara qədər" dayandırıblar.
İqtisadçının sözlərinə görə, Ermənistanda tənəzzül davam edəcək və cari ildə inflyasiyanın 8-10 faiz artması fonunda 10-12 faiz təşkil edəcək.
B.Asatryanın proqnozuna görə, böhran ən azı daha 3 il davam edəcək, lakin Rusiyada vəziyyət yaxşılaşsa, 2017-ci ilədək sabitləşə bilər.
Ermənistan Milli Bankının ötən ay dərc etdiyi məruzəsinə əsasən, bu il Ermənistanda hökumət tərəfindən 4,1 faiz səviyyəsində planlaşdırılan iqtisadi artım 10 qat aşağı - 0,4-2 faiz ola bilər.
Mərkəzi Bank fərdi transfertlərin də təxminən 30 faizədək azalacağını gözləyir.