“Nüvə silahları hazır idi...” Dünya

“Nüvə silahları hazır idi...”

Vladimir Putin: "Bütün hərbi qüvvələrə hazırlıq əmri vermişdim"

Cavid

Rusiya prezidenti ilə bağlı ziddiyyətli məlumatlar hələ də gündəmdədir. Belə ki, Rusiya prezidenti Vladimir Putinin yeri hələ də bəlli deyil və onun yaxın bir neçə gün üçün nəzərdə tutulmuş görüşləri təxirə salınıb. "Dojd" telekanalı öz mənbələrinə istinadən xəbər verib ki, 10 günə yaxındır yoxa çıxan Rusiya prezidenti Vladimir Putin qripə yoluxubmuş. Maraqlıdır ki, Kremlin mətbuat katibi Dmitri Peskov bu məlumatı da şərh etməkdən imtina edib.
Telekanalın mənbəsinin məlumatına görə, prezident son günlər Moskvada olmayıb. Putinin həmin müddətdə Novqorod vilayətindəki Valday gölünün ətrafındakı rəsmi rezidentsiyasında olduğu bildirilir. Putin qrip olması haqda yayılan məlumata münasibət bildirilməsi xahişinə Peskov belə cavab verib: "Şərh vermirik, mövzu bağlıdır".
Rusiya mətbuatının xəbərinə görə isə Putin gözlənildiyinin əksinə olaraq Krımın Rusiyaya birləşdirilməsindən bəhs edən "Krım.Vətənə gedən yol" adlı sənədli filmin bu günkü təqdimatına da qatılmayıb.
Qeyd edək ki, "Rossiya 1" telekanalı ilə translasiya olunan filmdə Putinin bir il əvvəlki hadisələrə dair sensasion açıqlamaları yer alıb. Belə məlum olur ki, Putin Krımın Rusiyaya birləşdirilməsinə Qərbin necə cavab verəcəyini bilmədiyi üçün bütün hərbi qüvvələrə hazırlıq əmri verib. Habelə nüvə silahlarını hazır vəziyyətə gətirib.
Putin filmin müəlliflərinə danışıb ki, Kiyevdə hakimiyyətin devrilməsindən sonra Rusiya silahlı qüvvələri Krımı qalaya çevirdi, yarımadanı effektiv silahlarla həm dənizdən, həm də qurudan müdafiə etdi: "Biz Krımı dənizdən də, qurudan da qalaya çevirdik...Mən işlərin ilk mərhələsində dərhal silahlı qüvvələrə müvafiq istiqamət verdim. Təkcə istiqamət yox, birbaşa göstəriş, əmr verdim, Rusiya silahlı qüvvələrinin hadisələrin istənilən inkişaf ssenarisində necə hərəkət etməli olduğunu göstərdim".
Rusiya prezidentinin sözlərinə görə, Qərbin situasiyaya hərbi yolla müdaxiləyə əl atıb-atmayacağı qəti olaraq aydın deyildi. Ona görə də Rusiya hərbçiləri ölkənin nüvə silahlarını da döyüş hazırlığı vəziyyətinə gətirmişdilər. Bundan başqa Krımda "Bastion" sahil raket kompleksi yerləşdirilmişdi. Özü də elə vəziyyətdə ki, onu dənizdən və kosmosdan da görmək mümkün olsun: "Məqsəd yarımadanın etibarlı şəkildə müdafiə olunduğunu nümayiş etdirmək idi. Biz bunu etməyə hazır idik. Mən həmkarlarımla danışırdım və onlara birbaşa belə deyirdim ki, Krım bizim tarixi ərazimizdir, orada ruslar yaşayır. Bu insanlar təhlükə qarşısında qalıblar, biz onları ata bilmərik. Lakin Kiyevdə dövlət çevrilişini biz etməmişdik, millətçilər və radikallar etmişdilər".
Putin Krım əməliyyatında QRU spesnazının iştirakını da təsdiqləyib. Bildirib ki, referenduma qədər Krımdakı 20 minlik Ukrayna hərbi kontungentini blokadaya almaq üçün yarımadaya Rusiya hərbi donanmasının mühafizəsi adı altında QRU spesnazı və dəniz piyadaları yeridilmişdi.
Filmin müəllifi Andrey Kondraşev deyib ki, "Krım baharı" zamanı hərbi mütəxəssislər Putinə Rusiyanın yarımadada bütün hərbi vasitələrdən istifadə etməyi və öz milli maraqlarını qorumağa hazır olduğunu nümayiş etdirməyi tövsiyə ediblər.
Ancaq Putin bununla razılaşmayıb. Deyib ki, "soyuq müharibə" bitib və o, Karib böhranı kimi beynəlxalq böhranın yaranmasını istəmir.
Putin həmçinin filmdə ilk dəfə açıq etiraf edib ki, Viktor Yanukoviçdən Maydana toplaşanlara qarşı silah tətbiqinə dair əmr verməyi istəyib. Lakin Yanukoviç bununla razılaşmayıb və deyib ki, belə bir addım "ağır nəticələrə" gətirib çıxarıb.
"Mən onun işininə qiymət vermək istəmirəm. O dedi: "Mən silah tətbiqi haqda əmr imzalaya bilmərəm. Əlim qalxmır..."
Buna görə onu qınamaq olarmı? Mən bilmirəm. Və bunu etməyə də hazırlaşmıram. Hesab edirəm ki, haqqım çatmır. Yaxşıdır, ya pisdir, bunu fəaliyyətsizlikdən yaranan ağır nəticələr göstərir. Bu, aydındır"- deyə Putin bildirib.
Yanukoviçin Rusiyaya qaçırılması əməliyyatının detallarından da danışan Putin deyib ki, Ukraynanın devrilmiş prezidenti əvvəlcə bunu istəmirdi. Xahiş edirdi ki, onu Krıma göndərsinlər. Ona görə də hakimiyyətin dəyişməsindən sonra bir neçə gün ərzində Yanukoviç Ukrayna ərazizində qalıb.
"Bizim radiomüşahidə xidmətimizi mahiyyətcə onun kortejini aparmağa başladı və hər dəfə o telefon əlaqəsinə çıxanda yerini müəyyən etdi. Orada iriçaplı pulemyotlar quraşdırılmışdı ki, söhbət çox uzanmasın. Biz onu birbaşa Donetskdən götürməyə hazırlaşırdıq. Qurudan, dənizdən və havadan əməliyyat planı hazırlanmışdı. Bu, fevralın 22 və 23-ü arası idi. Yalnız bir neçə gün sonra Kiyevdə anlaşmağa adam qalmadığını görəndə Yanukoviç xahiş etdi və onu Rusiya ərazisinə keçirdilər"- deyə Putin bildirib.