ABŞ-la İsrail arasında qalmaqal böyüdü Dünya

ABŞ-la İsrail arasında qalmaqal böyüdü

Ağ Ev rəhbərliyi Netanyahunun partiyasının seçkilərdə qələbəsini tənqid edib

Qabil Hüseynli: "Vaşinqtonun jestləri İranı nüvə danışıqlarında daha loyal və güzəştli mövqe tutmağa şirnikləndirmək məqsədi daşıyır"

Cavid

İsraildə Knessetə (parlament) keçirilən seçkilərdə baş nazir Benyamin Netanyahunun liderlik etdiyi "Likud" Partiyasının qalib gəlməsindən sonra Ağ Ev açıqlama ilə çıxış edib. Xarici KİV-in verdiyi xəbərə görə Ağ Evin mətbuat katibi Coş Ernest İsrailin baş naziri Benyamin Netanyahunun parlament seçkiləri öncəsi apardığı təbliğatı tənqid edib.
Onun sözlərinə görə Vaşinqton hesab edir ki, baş nazir Benyamin Netanyahunun seçki qabağı kampaniyası İsrail vətəndaşı olan ərəblərin təcrid edilməsinə yönəlmişdi.
Coş Ernest bildirib ki, ABŞ İsrailin hökumət başçısının ərəblərə qarşı ritorikasından dərin narahatdır. Ağ Ev rəsmisi bəyan edib ki, Netanyahunun təcrid etmək planları İsrail əhalisinin müəyyən bir hissəsində dərin narahatlığa səbəb olur.
Bununla yanaşı Coş Ernest, ABŞ dövlət katibi Con Kerrinin Knessetə keçirilən seçkilərdə qalib gələn Netanyahu ilə telefonla əlaqə saxladığını və onu təbrik etdiyini söyləyib.
Ağ Ev nümayəndəsi əlavə edib ki, ABŞ prezidenti Barak Obama da yaxın günlərdə Netanyahuya telefon vasitəsilə təbriklərini çatdıracaq.
Vaşinqton administrasiyasının nümayəndəsi Yaxın Şərqdə əsas münaqişələrdən biri olan Fələstin probleminin perspektivlərini də şərh edib:
"ABŞ Yaxın Şərqdə münaqişənin nizama salınması üçün öz yanaşmasını təkrar gözdən keçirəcək. Vaşinqton hesab edir ki, müstəqil Fələstin dövlətinin yaradılması gərginliyin aradan qalxması üçün ən yaxşı yoldur".
Məlumat üçün deyək ki, Netanyahu İsrailin strateji partnyoru ABŞ-ın İranın nüvə proqramı ilə bağlı siyasətini kəskin tənqid etdikdən sonra iki ölkə arasında gərginlik müşahidə edilib. "Altılıq" ölkələrinin (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) İranla Tehranın nüvə strategiyası ilə bağlı apardığı danışıqlar fonunda ABŞ-ın tutduğu mövqeyi təndiq edən Netanyahu hesab edir ki, İrana heç bir güzəşt edilməməlidir.
Netanyahu ABŞ Konqresində çıxışı zamanı da bu məsələni qaldırmışdı. Netanyahunun bu çıxışına reaksiya verən ABŞ prezidenti Barak Obama isə bildirmişdi ki, onun bu cür açıqlamasında yeni, alternativ bir fikir yoxdur.
Onu da xatırladaq ki, Netanyahunun Vaşinqtona səfəri zamanı ABŞ-ın yüksək səviyyəli şəxsləri tərəfindən qəbul edilməməsi diqqət çəkmişdi.
Şübhəsiz ki, Ağ Evin Knessetə keçirilən seçkidən sonra Netanyahunu belə formada ittiham etməsi İsrailin İranın nüvə proqramı ilə bağlı tutduğu radikal mövqeyinə və bu məsələdə ABŞ-ı da təqsirləndirməsinə görədir.
Bundan başqa ABŞ-ın "Dünya səviyyəsində təhlükə"yə dair hesabatında İran və Hizbullah terrorizm siyahısından çıxarılması da rəsmi Təl-Əvivin narahatlığına səbəb olub. İranın nüvə proqramı ilə bağlı İsveçrədə baş tutan ABŞ-İran danışıqlarında məsələnin 90 faiz həllini tapdığı bildirilərək razılaşmaya dair son tarix kimi martın 31-i göstərilir.
Politoloq Qabil Hüseynli deyib ki, ABŞ-ın terrora dəstək verən ölkələr və yeni terror təşkilatları siyahısından İran və "Hizbullah"ın adını çıxarması əslində İrana edilmiş böyük bir jestdir. ABŞ-ın İranla bağlı sözügedən addımı və bu fonda Altılıq ölkələri ilə nüvə danışıqlarının hazırkı gedişatını dəyərləndirən politoloq burada önəmli situasiyaların olduğunu bildirib: "Bu təşkilatın fəaliyyətində elə də ciddi bir dəyişiklik olmayıb. Yeganə dəyişiklik İŞİD-ə qarşı İordaniya ərazisindəki mübarizədə hərbi əməliyyatlarda iştirak etməsidir. Ancaq "Hizbullah" İŞİD-in İordaniyadan Livana çıxmasına qarşı aparılan əməliyyatlarda fəaliyyətini dayandırıb. Görünür,
ABŞ bunu nəzərə alaraq "Hizbullah"ı terror təşkilatı siyahısından çıxarıb. Digər tərəfdən də bu, İrana qarşı bir jest, eyni zamanda, İranı nüvə danışıqlarında daha loyal və güzəştli mövqe tutmağa şirnikləndirmək məqsədi daşıyır. ABŞ söz verib ki, bu ayın sonuna qədər İranda nüvə tədqiqatlarının dayandırımasına dair çağırışlara nail olacaq. Bunu bir müddət öncə Kerri də söyləmişdi. Düzdür, sonradan Amerika administrasiyası buna ehtiyatlı düzəlişlər etdi. Ancaq hər halda ABŞ İranla dil tapacağına çox əmindir. Üstəlik də, İran İraqla birlikdə İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlarda çox fəal iştirak edir. İŞİD məsələsi bu gün Amerikanın qarşısında duran ən mühüm məsələlərdən biridir. "Hizbullah" və İran isə bu məsələdə çox yaxından iştirak edir. Bu, özlüyündə İran-ABŞ arasındakı buzları demək olar ki, yavaş-yavaş olsa da əritməyə başlayıb".
Politoloqun sözlərinə görə, radikal millətçi Netanyahunun yenidən baş nazir postuna yiyələnməsi sözügedən məsələ ilə bağlı situasiyada elə də ciddi bir önəm daşımayacaq: "Çünki İsrailin buradakı mövqeyi o qədər də əsas deyil. ABŞ kəşfiyyatı Mossaddan daha güclüdür. Hər halda Vaşinqton ola biləcək hər hansı bir təhlükəni İsraildən daha həssas bilir. ABŞ hələ ki ən azı danışıqlar prosesinin məntiqi sonluğuna qədər nə İsrailin, nə də digər hər hansı bir dövlətin təklifini qəbul etməyəcək. Ona görə ki danışıqlar prosesi başa çatmalı, həm də İŞİD məsələsi ilə bağlı müzakirələr də öz həllini tapmalıdır".