Avropa Məhkəməsi Ermənistanı cərimələyib Dünya

Avropa Məhkəməsi Ermənistanı cərimələyib

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həbsdə olan dörd erməni vətəndaşına qarşı qeyri-insani hərəkətlərə yol verən Ermənistan hakimiyyətini 71 min avro məbləğində cərimələyib.
Strasburq Məhkəməsi Ermənistan rəsmilərinin özbaşınalığından, məmurların korrupsiyaya qurşanmalarından, prezident Serj Sarkisyanın hakimiyyətə gəlməsindən narazı olan insanların 2008-ci il may ayında keçirdikləri dinc nümayiş zamanı polisin onlara göstərdiyi zorakılıq hərəkətlərini, çoxlu sayda nümayişçinin həbs edilməsini qətiyyətlə pisləyib və bu hadisəni ölkədə insan haqlarının pozulması kimi dəyərləndirib.
Ermənistanda insan haqlarının hüquq mühafizə orqanları tərəfindən tez-tez pozulduğunu qeyd edən Avropa Məhkəməsi məhkəmə prosesləri zamanı İnsan Haqlarına dair Avropa Konvensiyasının müddəalarının Ermənistan hakimiyyəti tərəfindən kobud şəkildə pozulduğunu, müttəhimlərə qarşı qeyri-insani hərəkətlərə yol verildiyini bildirib və dövlət rəsmilərindən belə hallara son qoyulması üçün ciddi addımlar atmağı tələb edib.