Türkiyədə silsilə terror aktlarının qarşısı alındı Dünya

Türkiyədə silsilə terror aktlarının qarşısı alındı

DHKP-C ilə əlaqədə şübhəli bilinən 60-dan çox şəxs saxlanılıb

Cavid

Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşları əvvəl saxladıqları DHKP-C (Devrimci Halk Kurtuluş Partisi-Cephesi) terror təşkilatının iki üzvünün evində keçirilən baxış zamanı onların ölkə ərazisində silsilə terror aktlarının hazırlandığını təsdiqləyən dəlillər aşkarlayıblar.
"Anadolu"nun verdiyi xəbərə görə, Türkiyə Təhlükəsizlik İdarəsinin məlumatına əsasən, terrorçuların evində keçirilən baxış zamanı və onlara məxsus kompüterlərdə üzvü olduqları təşkilatın parlament deputatlarına, Milli Kəşfiyyat Xidmətinin zabitlərinə, polis əməkdaşlarına, sahibkarlara və ABŞ vətəndaşlarına qarşı sui-qəsd planlarını təsdiqləyən sənədli dəlillər aşkarlanıb. Məlumata görə, terrorçular polis forması geyinərək, polis idarələrinə daxil olaraq partlayışlar törətmək niyyətində olublar. Bundan başqa, onlar Bosfor və Dardanel boğazlarından keçən ABŞ gəmilərinə və iri sahibkarlara məxsus gəmilərə qarşı diversiya hazırlamaq məqsədi ilə dayvinq (dalğıc) təlimi keçiblər. Terrorçular sui-qəsdlərin törədilməsində, həmçinin zəhərli maddələrdən istifadə etməyi planlaşdırıblar. Qeyd edək ki, martın sonunda DHKP-C-in iki üzvü İstanbulda məhkəmənin binasına vəkil qismində daxil olaraq prokuror Səlim Kirazı girov götürüb, sonra isə qətlə yetiriblər. Keçirilmiş əməliyyat zamanı hər iki terrorçu məhv edilib.
Bundan bir gün sonra DHKP-C üzvü Elif Sultan Kalsen İstanbulda polis məntəqəsinə silahlı hücum edib. Terrorçu qadın atışma zamanı məhv edilib, iki polis əməkdaşı yaralanıb. Bu hadisələrdən sonra polis ölkə miqyasında antiterror əməliyyat keçirib, nəticədə DHKP-C ilə əlaqədə şübhəli bilinən 60-dan çox şəxs saxlanılıb.
O da bildirilir ki, Yunanıstan "İnqilabi xalq azadlıq partiyası-cəbhəsi" (DHKP-C) terror təşkilatının üzvlərindən birinin Türkiyəyə ekstradisiyasından imtina edib. Türkiyə bir il əvvəl Afinada saxlanılan DHKP-C üzvü Fevzi Tekinin ekstradisiyası xahişi ilə Yunanıstana müraciət edib.
Araşdırmaçı-jurnalist Aqil Ələsgərin sözlərinə görə, əslində Türkiyədə bu kimi terror olayları gözlənilən idi. Çünki Türkiyə yenidən "qızıl ittifaq" qurmağa yaxın idi və Mursidən sonra özünə çox güclü müttəfiq - Səudiyyə Ərəbistanının yeni kralı Salman ibn Abdulazizi tapmışdı: "Əslində Yəmən yeni "sünni ittifaqı"nın ilk məşqi idi. Mursidən sonra Qətərdə baş verən parlament dəyişikliyi ilə pozulan Türkiyə - Qətər - Misir sünni üçlüyü daha güclü bir alternativ ilə bölgədə meydana çıxırdı. Elə bu zamana qədər İrana yaxın olmaqla suçlanan, buna rəğmən "İran mənim ikinci evimdir" deməkdən çəkinməyən Ərdoğanın "İranın İŞİD-in boşaldığı yerlərə girməsinə izn verə bilmərik" sözlərinin ardında da həmin ittifaq dayanırdı. Qısacası, Ərdoğan son illərdə ilk dəfə Kral Salmanın simasında özünün müttəfiqini tapmışdı. Yəmən də bu ittifaqın elanı oldu. Bu ittifaqa cavab isə İstanbuldan gəldi. Dünənə qədər ortalarda görünməyən DHKP-C meydana çıxdı və Türkiyə qarışdı. Qısacası, Yəmənə atılan bomba Türkiyədə partladı. Bəzən olayları oxumaq üçün kənardan baxmaqda fayda var. Türkiyə 2013-cü ildə Beynəlxalq Valyuta Fonduna borcunu ödədiyini elan etdi. Ərdoğan dünyadakı para mərkəzlərindən asılılığı aradan qaldırmağa çalışdıqlarını vurğuladı. Ardınca nə baş verdi? Öncə Reyhanlıda böyük partlayış oldu. Davamında Gəzi hadisələri baş verdi. Və bu gün bəlli olur ki, Gəzi Parkında nümayişçilərə göz yaşardıcı qazla hücum edənlər, Berkin Elvanları qətl edənlər polisin içindəki bir qrup olub. Həmin qrupun kimliyini müəyyənləşdirməyə ən yaxın olan prokuror öldürüldü".
A.Ələsgərin fikrincə, burada daha böyük güclərin savaşından söhbət gedir. Hazırda Türkiyənin yenidən "qızıl üçlük"ü diriltmək istəyinə qarşı olan İran, İsrail və ABŞ-dakı neoconların maraqları birləşib: "Elə baş nazirin müavini Bülent Arıncın aylar sonra İsrail telekanalına müsahibə verərək, Netanyahuya "göz qırpması" da Türkiyənin durumun fərqində olduğunu və vəziyyətdən çıxış yollarını aradığını göstərir.
İrana gəlincə, Türkiyədə bu ölkə ABŞ-dan sonra ciddi təşkilatlanmış durumdadır. Təxmin edilənin əksinə onların buradakı əsas dayağı ələvilər deyil. Güclü İran lobbisinin görünən simaları arasında Nurəddin Şirin, Mustafa İslamoğlu, Kenan Çamurcu kimi isimlər ön plana çıxır. Bu şəxslərdən Nurəddin Şirin Azərbaycan əleyhinə İstanbulda keçirilən aksiyaların əsas təşkilatçısıdır.
Və unudulmamalıdır ki, "qızıl üçlük"dən narahat olan sadəcə bu üç dövlət də deyil. Türkiyənin yenidən, həm də Misirdən dəfələrlə güclü müttəfiq olan Səudiyyə Ərəbistanı ilə birlikdə meydana çıxmasından Avropa da narahatdır. Bu səbəbdən liderləri əsasən Yunanıstan və Almaniyada yaşayan DHKP-C-nin "xortlaması"nda bu faktor da nəzərdən qaçmamalıdır.
Qısacası, XX əsrdə müharibələr bəlli bölgələrdə yaşansa da, XXI yüz ildə savaşların sərhədi anlayışı ortadan qalxıb. Türkiyəyə gəlincə, baş verənlər sadəcə jurnaldır. Təəssüf ki, daha ciddi sınaqlar və olaylar qarşıdadır və 7 iyun parlament seçkiləri sadəcə bir mərhələdir".
DHKP-C, həmçinin 2013-cü ilin fevralında ABŞ-ın Ankaradakı səfirliyinə bir mühafizəçinin ölümü ilə nəticələnən silahlı basqının təşkilində, 2013-cü ilin iyulunda Suriya sərhədi yaxınlığındakı Reyhanlı şəhərində 53 nəfərin ölümü, 155 nəfərin isə yaralanması ilə nəticələnən iki partlayışın törədilməsində ittiham olunur.