Ərdoğan I Avropa Oyunlarının açılış mərasiminə qatılacaq Dünya

Ərdoğan I Avropa Oyunlarının açılış mərasiminə qatılacaq

Mövlud Çavuşoğlu: "Azərbaycana hücum etmək üçün fürsət güdən qüvvələr hazırda I Avropa Oyunlarını bəhanə edirlər"

"Biz Azərbaycanın hər zaman həm yaxşı, həm də pis günündə yanındayıq... Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmalıdır. Bununla bağlı bizim mövqeyimiz bəllidir. Əlaqələrin normallaşdırması üçün də bilirsiniz ki, bunu şərt qoyuruq". "Report"un Alaniyada olan əməkdaşı xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
XİN başçısı deyib ki, Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanın yanında olub, bundan sonra da belə olacaq: "Ermənistan qondarma iddialarla məşğul olmaqdansa, işğal etdiyi torpaqlardan çıxsın. Bu, sadəcə mənim sözüm deyil. Bunu BMT-nin qətnamələri, Avropa Şurasının və digər beynəlxalq təşkilatların sənədləri də deyir. Torpaqları işğal edən Ermənistan qonşuları ilə yaxşı yola getməyən bir ölkədir. Ermənistan ilk olaraq başqalarının torpaqlarından çıxmağı bacarmalı və başqalarının torpaqlarında gözü olmadığını sübut etməlidir. Biz hər zaman Azərbaycanın yanındayıq və Azərbaycanın ərazi bütövlüyünü daim müdafiə edirik".
Türkiyə XİN başçısı "Bakı-2015" ilə əlaqədar aparılan qarayaxma kampaniyasına da münasibət bildirib: "Biz hər zaman ikili standarta qarşı olmuşuq. Daha öncəki vəzifələrimdə də, Avropa Şurasındakı vəzifəmdə də, buna qarşı olmuşam. Azərbaycana hücum etmək üçün fürsət güdən qüvvələr hazırda I Avropa Oyunlarını bəhanə edirlər. Heç də zəhmət çəkməsinlər. Çünki Azərbaycan I Avropa Oyunlarını uğurla reallaşdıracaq. Biz də bu məsələdə Azərbaycana dəstəkçi olacağıq. I Avropa Oyunları kimi yarışları bəhanə edərək Azərbaycana hücum etməsinlər, ikili standartdan uzaq dursunlar. Sözdən anlayana bu yetər..."
Mövlud Çavuşoğlu deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələcək.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını "Bakı -2015" I Avropa Oyunlarının açılış mərasiminə dəvət edib: "Biz qardaş Azərbaycanla fəxr edir və qürur duyuruq. Təbii ki, I Avropan Oyunları üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəvət gəlib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkə başçımızı dəvət edib. Cənab Rəcəb Tayyib Ərdoğan da həmin yarışlara qatılacağını söyləyib. Azərbaycanın hər cür tədbirinə biz Türkiyədən ən yüksək şəkildə qatılmağa hazırıq. İnşallah, yenə də, ən yüksək səviyyədə iştirak olacaq".
M.Çavuşoğlu çox vacib yarışlara ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib: "Qardaş ölkə artıq çox peşəkar şəkildə beynəlxalq yarışlara ev sahibliyi edir. Belə ki, beynəlxalq forumlar, konfranslar keçirilir, I Avropa Oyunları kimi çox vacib tədbir də keçiriləcək. Həmçinin "Eurovision" mahnı müsabiqəsi bu günə qədər keçirilən ən səviyyəli tədbirlərdən idi".