“Hərbçilərimizə, şəhid ailələrinə diqqəti artırmalıyıq” - Qüdrət Həsənquliyev Siyasət

“Hərbçilərimizə, şəhid ailələrinə diqqəti artırmalıyıq” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkil Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
Millət vəkili bildirib: “Mən büdcə zərfi ilə bağlı İqtisadi siyasət komitəsinin iclasında partiya sədri kimi büdcə layihəsinə konseptual baxımdan öz fikrimi bildirmişəm, ona görə sırf Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin profilinə uyğun olaraq bir neçə məsələyə diqqətinizi cəlb etmək istəyirəm.
Hökumət üzvləri bildirirlər ki, ölkədə iqtisadi inkişaf var. Vətəndaşlar da iqtisadi inkişafın öz həyatlarına təsirini gözləyirlər.
Biz Zəfər gününü qeyd etdik və bayramdan sonra ilk iş günüdür. Bir daha şəhidlərimizi böyük hörmət və ehtiramla anırıq.
Ordunun güclü olması üçün biz hərbçilərimizə, şəhid ailələrinə diqqəti artırmalıyıq.
Büdcə zərfindən, ümumiyyətlə, rəsmi rəqəmlərdən bəlli olmur ki, Azərbaycanda neçə şəhid ailəsi və müharibə əlili mənzil növbəsindədir və son altı ildə onlardan neçəsi evlə təmin olunub?
2027-ci ildə bu məqsədlə ayrılmış vəsait neçə mənzilin tikintisinə imkan verəcək, nə qədər şəhid ailəsi və müharibə əlili bundan sonra da mənzil növbəsində gözləməli olacaq?
Digər tərəfdən 20 Yanvar əlillərindən hələ də bu günə qədər mənzillə təmin olunmayanlar var. Onlar nə zaman mənzillə təmin olunacaqları ilə bağlı mənə də müraciət edirlər.
Bu barədə ictimaiyyətə və deputatlara dəqiq bir məlumat verilsəydi yaxşı olardı.
2027-ci il büdcəsində ehtiyata buraxılan hərbçilərin mənzillə təmin olunması və onların kirayə xərclərinin qarşılanması üçün 30 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Bu, vəsait olduqca azdır.
Hərbçilərimiz yaşa dolur, bəziləri övladlarını evləndirir, qızlarını köçürürlər, amma mənzillə təmin olunmaq üçün illərlə gözləyirlər. O da bəlli deyil ki, hazırda ehtiyatda olub mənzil gözləyən neçə hərbçimiz var və hər il onların neçəsi mənzillə təmin olunur. Bu siyahı hansı sürətlə böyüyür və hansı müddət ərzində bu problemi həll edə biləcəyik?
Yəni bu məsələlər hökumətin ciddi müzakirə mövzusu olmalıdır.
Bundan başqa, mən bu məsələni əvvəllər də qaldırmışdım, onlara mənzil əvəzinə pul verilsə daha yaxşı olar. Hökumət bu barədə də düşünməlidir.
Bəlkə onlar başqa bir yerdən, yaxud valideynlərinə yaxın ərazidən ev almaq, yaxud kəndə köçüb, torpaq alıb ev tikmək istəyirlər?
Onlara vəsait verilsə, onlar özləri istədikləri yerdən ev alarlar.
İndi elə yerlərdə evlər tikilir ki, bəlkə onlar həmin ərazidə yaşamaq istəmirlər?
Millət vəkili əlavə edib: “Bir məsələyə də diqqətinizi cəlb eləmək istəyirəm.
Korrupsiyaya qarşı effektiv mübarizəni təmin eləmək üçün biz ilk növbədə hüquq mühafizə orqanlarında, məhkəmə, ədliyyə sistemində çalışan insanların əməkhaqqını onların layiqli həyatını təmin edəcək qədər artırmalıyıq.
Əlbəttə, dövlət qulluqçularının əməkhaqqı artırıldı və bu müsbət addım kimi qiymətləndirilməlidir.
Amma hazırda hakimlərin bir çoxu hətta öz maaşının bir hissəsini texniki işçilərə, köməkçilərinə verirlər.
Bu reallıqdır, bunu bir sorğu keçirməklə də öyrənmək olar.
Ona görə də hakimlərin, polis əməkdaşlarının, ədliyyə işçilərinin, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının, yəni bu orqanlarda xidmət edib dövlət qulluqçusu kateqoriyasına daxil olmayan digər şəxslərin əməkhaqlarını artırmaq lazımdır.
Məsələn, ali təhsilli polis zabiti 740-800 manat maaş alır. Bu indiki xərclər qarşısında çox azdır.
Sonda bir məsələyə də diqqəti cəlb eləmək istəyirəm.
Konstitusiyanın 15-ci maddəsinə görə görə, dövlətin əsas məqsədlərindən biri bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaratmalıdır 35-ci maddəsinə görə dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə etməlidir. Amma mən bu günlərdə mətbuatda oxudum ki, SOCAR Türkiyədə Petkim şirkətinə əlavə olaraq 5-7 milyard ABŞ dolları civarında investisiya yatıracaq. Hansı ki, həmin şirkətə 2 milyard vəsait yatırıb və həmin şirkət 2025-ci ildə 200 milyon dollardan artıq ziyanla işləyib. 2026-cı ilin 9 ayında onların gəliri 38 milyon milyon dollar olub.
Əslində büdcə zərfində öz əksini tapmalıdır ki, hökumətin və dövlət müəssisələrinin yatırdığı investisiyalar müqabilində nə qədər yeni iş yeri açılacaq?
Ümumiyyətlə, SOCAR Türkiyəyə 20 milyard dollara yaxın vəsait yatırıb, məlumat verilsin ki, ölkdə iş yerlərinin açılmasına bu qədər ehtiyac olduğu halda, müstəqillik əldə edəndən bugünədək Azərbaycana nə qədər vəsait yatırıb? Bu çox düşündürücü məsələdir. Türkiyə qardaş ölkədir, bizdən çox inkişaf edib, amma ora yenidən 5-7 milyard dollar vəsait yatırılmasının bir əsaslandırması olmalıdır.
Sonda onu da qeyd eləmək istəyirəm ki, təmsil elədiyim Xətai rayonunda çoxsaylı 9 mərtəbəli binaların zirzəmiləri kanalizasiya suları ilə dolub. Bu problemin həll edilməsinə, həyətlərin abadlaşdırılmasına ehtiyac var. Küçə itləri ilə bağlı problemlər çox ciddidir, onlar üçün sığınacaqlar tikilməlidir.
Bu problemləri Baş nazir Əli Əsədovun qəbulunda olub, onun diqqətinə çatdırmışam. Amma təəssüf ki, bu məqsədlə vəsait ayrılmır və bu problemin həll olunmaması insanlarımızı ciddi narahat edir. Çox istərdim ki, hökumət bu məsələyə də diqqət yetirsin”.