Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin səbəbi açıqlanıb İqtisadiyyat

Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin səbəbi açıqlanıb

Məzuniyyət hüququnun təmin edilməsi üzrə dəyişikliklər işçilərin istirahət hüququnun real təmin edilməsinə və milli qanunvericiliyin beynəlxalq əmək standartlarına uyğunlaşdırılmasına xidmət edir.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

“Bu baxımdan layihə ilə əmək münasibətlərinə xitam verilməsi zamanı kompensasiya ödənilməsi istisna olmaqla Əmək Məcəlləsində əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin qadağan olunması təklif edilir”, - nazir müavini vurğulayıb.

O qeyd edib ki, burada əsas məqsəd məzuniyyət hüququnun yalnız maliyyə təminatı kimi deyil, işçinin istirahəti, sağlamlığının qorunması və əmək qabiliyyətinin bərpası üçün nəzərdə tutulmuş fundamental hüquq kimi təmin edilməsidir: “Başqa sözlə, işçinin əmək məzuniyyəti hüququnun mövcudluğu ilə yanaşı həmin hüquqdan faktiki istifadə etməsi də təmin olunmalıdır. Məzuniyyətin kompensasiya ilə əvəz edilməsi işçinin istirahət hüququnun reallaşmasını əvəz edə bilməz”.