Arzu Nağıyev: “Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri 8,8 milyard manatı ötəcək” Gündəm

Arzu Nağıyev: “Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri 8,8 milyard manatı ötəcək”

“2027-ci ildə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 816 milyon 401 min manat vəsait ayrılması nəzərdə tutulur”.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev parlamentin dörd komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, müdafiə və təhlükəsizlik məsələləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas strateji istiqamətlərindən biridir. Onun sözlərinə görə, son illərdə Azərbaycan Ordusunun modernləşdirilməsi, hərbi potensialın gücləndirilməsi, müdafiə sənayesinin inkişafı, müasir texnologiyaların tətbiqi və hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

A.Nağıyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ildə ölkəmizin bütün ərazisində suverenliyin bərpası Azərbaycanın hərbi və siyasi tarixində mühüm mərhələdir. Lakin əldə olunan uğurların qorunması və gələcək təhlükəsizlik çağırışlarına hazır olmaq davamlı iş tələb edir.

Deputatın sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat nəzərdə tutulur.

O bildirib ki, 2026-cı ildə müdafiə və milli təhlükəsizlik üzrə təsdiq edilmiş xərclər təxminən 8 milyard 717 milyon manat olub. Beləliklə, 2027-ci ildə bu istiqamət üzrə xərclərin 98,8 milyon manat və ya 1,1 faiz artırılması planlaşdırılır.

A.Nağıyev vurğulayıb ki, müdafiə büdcəsinə yanaşarkən yalnız kəmiyyət deyil, keyfiyyət göstəriciləri də nəzərə alınmalıdır. Ayrılan vəsaitlərin hansı istiqamətlərə yönəldilməsi və ölkənin müdafiə qabiliyyətinə hansı töhfəni verməsi xüsusi əhəmiyyət daşıyır.

O, 2027-ci il üzrə müdafiə və milli təhlükəsizlik xərclərinin bölgüsünü də açıqlayıb. Bildirib ki, müdafiə qüvvələri üzrə 3 milyard 369,6 milyon manat, milli təhlükəsizlik üzrə 479,2 milyon manat, sərhəd xidməti üzrə 554 milyon manata yaxın, müdafiə və milli təhlükəsizlik sahəsinə aid digər fəaliyyətlər üzrə isə 4 milyard 413,7 milyon manat vəsait nəzərdə tutulur. Bundan əlavə, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 4 milyard manat ayrılması planlaşdırılır.

Komitə sədri qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinə 3 milyard 438,6 milyon manat yönəldiləcək. Bu, 2026-cı illə müqayisədə 102,3 milyon manat və ya 3,1 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 518,3 milyon manat və ya 17,7 faiz çoxdur.

Onun sözlərinə görə, müdafiə və hüquq-mühafizə orqanlarında şəxsi heyətin tam komplektləşdirilməsi, maddi-texniki təminatın yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərdə müvafiq xidmətlərin təşkili üçün tələb olunan vəsait də büdcə layihəsində nəzərə alınıb.

Deputat diqqətə çatdırıb ki, 2027-ci ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclər üçün 15 milyon manat, kirayə yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara ödənilən pul kompensasiyası üçün isə 14,7 milyon manat ayrılması nəzərdə tutulub.

A.Nağıyev müasir dövrdə təhlükəsizlik anlayışının yalnız ənənəvi hərbi güclə məhdudlaşmadığını da vurğulayıb. O bildirib ki, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, enerji infrastrukturlarının qorunması, iqtisadi təhlükəsizlik və strateji kommunikasiya xətlərinin mühafizəsi də milli təhlükəsizliyin ayrılmaz hissəsidir.

Deputat əlavə edib ki, müdafiə qüvvələri üzrə xərclərin 2026-cı illə müqayisədə təxminən 11,2 faiz artırılması nəzərdə tutulur. Bu, ümumi müdafiə və təhlükəsizlik xərclərinin artımından fərqli olaraq, həmin sahənin strukturunda daha ciddi artımdır.

Sonda A.Nağıyev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2027-ci il dövlət büdcəsi layihəsini dəstəklədiyini və plenar iclasda müzakirəyə tövsiyə etdiyini bildirib.

Günel Elxan