
Maliyyə naziri Sahil Babayev 2027-ci ilin dövlət büdcəsinin əsas prioritetlərini açıqlayıb.
Xalqcəbhəsi.az xəbər verir ki, nazir bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.
Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin qorunması, əhalinin rifahının yüksəldilməsi və sosial tədbirlərin tam maliyyələşdirilməsidir.
Bununla yanaşı, müdafiə qabiliyyətinin və təhlükəsizliyin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rəqəmsal texnologiyalar və innovasiyaların tətbiqinin genişləndirilməsi, təhsil və səhiyyə sektorlarının dəstəklənməsi də əsas prioritetlər sırasındadır.
S.Babayevin sözlərinə görə, 2027-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 141 milyard manat olacağı, real iqtisadi artımın isə 2,7 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Qeyri-neft-qaz sektoru üzrə ÜDM-in 109,1 milyard manat, real artımın isə 4,4 faiz olacağı gözlənilir.
Gələn il xam neftin bir barelinin orta illik qiyməti 65 dollar, orta illik inflyasiya 5,3 faiz, manatın məzənnəsi isə 1,7 manat səviyyəsində proqnozlaşdırılıb.
Nazir qeyd edib ki, 2026-cı ilin sonuna dövlət borcunun ÜDM-ə nisbətinin 19,5 faiz, 2030-cu ildə isə 20,4 faiz olacağı gözlənilir.
2026-cı il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 23,9 milyard manat və ya illik ÜDM-in 17,3 faizini təşkil edib. Bu göstərici cari ilin əvvəli ilə müqayisədə 2,8 faiz bəndi azalıb.
Dövlət borcunun 16,2 milyard manatı və ya 67,9 faizi daxili, 7,7 milyard manatı və ya 32,1 faizi xarici borcun payına düşür. Bildirilib ki, dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı aşağıdır.
S.Babayevin təqdim etdiyi məlumatlara əsasən, 2026-cı il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollar təşkil edib. Bu məbləğ xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir.
Həmçinin qeyd olunub ki, Dövlət Neft Fondunun gəlirləri xərclərini üstələyir. Belə ki, Fondun gəlirləri 7,8 milyard dollar, xərcləri isə 7,1 milyard dollar təşkil edib.
2027-ci ildə Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertinin təxminən 7 milyard dollar olacağı, bunun cari illə müqayisədə 550 milyon dollar və ya 935 milyon manat az olduğu bildirilib. 2030-cu ilədək transfertin əlavə 1,5 milyard dollar azaldılaraq 5,5 milyard dollara çatdırılması planlaşdırılır.
Günel Elxan