“Qərbin kürdlərə göstərdiyi hərbi yardım Türkiyə üçün təhlükə mənbəyidir” Dünya

“Qərbin kürdlərə göstərdiyi hərbi yardım Türkiyə üçün təhlükə mənbəyidir”

Dilavər Əzimli: "Ankara siyasi kursunu dəyiməsə daha ciddi problemlərlə qarşılaşacaq"

Cavid

Almaniya hökuməti İraqın kürd bölgəsinə 140 tona yaxın silah-sursat göndərib. Göndərilən silah-sursat arasında 300 "Milan" raket mərmisi, 5 min əl qumbarası, 1000-ə yaxın tank əleyhinə mərmi və s. yer alıb.
Məlumat üçün qeyd edək ki, bu, Qərbin kürdlərə göstərdiyi ilk hərbi yardım deyil. Bundan öncə də bəzi Qərb ölkələri açıq-gizli üsullarla hərbi yardım göstərib, kürdlərin hərbi baxımdan təşkilatlanmasına, müaait silahlarla təchizatına kömək edib.
Baş verən proseslər fonunda Türkiyənin mövcud durumunu dəyərləndirən politoloqlar isə hesab edir ki, Qərbin kürdlərə göstərdiyi hərbi yardımlar qardaş ölkənin yaxın gələcəhyinə yaxşı heç nə vəd etmir. Ekspertlərin fikrincə, uzun illərdir ki, PKK-nın timsalında ciddi problemlə üzləşən Türkiyə müasir hərbi texnika və silah-sursata malik Kürdüstanın timsalında daha böyük problemlə üzləşə bilər.
Maraqlıdır, Qərbin kürdlərə göstərdiyi hərbi yardım fonunda rəsmi Ankaranın sərgilədiyi susqunluq nə ilə bağlıdır? Doğrudanmı məlum tendensiyanın doğurduğu təhlükə Türkiyə tərəfindən lazımınca dərc edilmir? Doğrudanmı Türkiyə və türk diplomatiyası Qərbin kürdlərə göstərdiyi hərbi yardımları önləmək, bu prosesə təsir göstərmək iqtidarında deyil?
Bununla bağlı açıqlama verən AMEA-nın Tarix İnstitunun əməkdaşı, tanınmış tarixçı və pedaqoq Dilavər Əzimli Qərbin kürdlərə yönəlik yardımında qeyri-adi heç nə olmadığını vurğulayıb: "Qərbin kürdləri silahlandırmasında təəccüblü heç nə yoxdur. Bu "Doğu siyasəti"nin tərkib hissəsidir. Bəli, bu əslində, Türkiyə üçün ciddi problemlər yaradacaqdır. Əslində, Ərdoğan iqtidarının bəzi yarıtmaz siyasəti bu məsələdə mənfi rol oynadı. Ərdoğan iqtidarıvaxtilə "İraq məsələsi"ndə ciddi cəhvə yol verdi. Söhbət Səddam Hüseynin zamanında ABŞ-ın hərbi müdaxiləsindən gedir. O zaman ABŞ Trükiyəyə müraciət etdi ki, ərazilərindən quru qoşunlarının daxil olmasına imkan yaratsın. Türkiyə dinçilərin etirazına əsasən buna getmədi. Hesab edirəm ki, bu, səhv addım idi. Yəni, Türkiyə o zaman İraq ərazilərində gedən döyüşlərdə iştirak etməliydi. Getmədi və nəticə də bu gün məlumdur. İraqdan əli çıxdı. Daha sonra növbət səhv addım. Misirdə Mursi iqtidarını dəstəklədi. Qəribədir ki, Ərdoğan bu gün də eyni sözləri təkrar edir. Türkiyənin bu günki iqtidarı özünü Osmanlı imperiyası zamanındakı kimi aparmaq istəyir. Yəni, daha çox dini müstəviyə yer verir. Amma zaman o zaman deyildir. Bu siyasət istənilən nəticəni verə bilməz. Çünki zamanı deyildir. Bir müddət sonra yenə də bir səhv addım atıldı. Türkiyə iqtidarı demək olar ki, İŞİD-i dəstəklədi. Baxın, bununla da PKK-nı daha da gücləndirdi. İŞİD-ə qarşı ABŞ və Avropa PKK-ya hərbi yardım etdilər. Türkiyə iqtidarı hesab edirdi ki, bu qarşıdurmada PKK ilə İŞİD bir-birini zəiflədəcək və nəticə Türkiyəyə sərfəli olacaqdır. Amma bu baş vermədi. Əksinə, PKK bu qarşıdurmadan daha nizamlı çıxdı. Çünki ona Avropa və ABŞ hərbi yardımı gücləndirdilər. Bu hərbi yardım bu gün də davam edir. Dünyanın iri gücləri Türkiyə üzərində nəzarəti artırmaq üçün bu silahdan istifadədə qərarlıdırlar. Ona görə də Türkiyə iqtidarı özünün bu istiqamətdə siyasətinə yenidən baxmalıdır. Əks halda, ciddi problemlərlə üzləşəcəkdir".