İŞİD Yəmən paytaxtında husilərə hücum etdi Dünya

İŞİD Yəmən paytaxtında husilərə hücum etdi

FTX rəhbəri terror təşkilatının MDB üçün də təhlükə olacağını deyib

Cavid

Ötən axşam "İraq Şam İslam Dövləti" terror təşkilatının üzvləri Yəmənin paytaxtı Sənada terror aktları törədib."The Jerusalem Post" xəbər verir ki, bu barədə məlumatı terrorçular sosial şəbəkəklərdə yayıblar. Onlar bəyan ediblər ki, Sənada dörd avtomobil partladılıb.
İŞİD-in bəyanatında deyilir ki, terror hücumu Yəmən paytaxtını nəzarətdə saxlayan şiə üsyançılara qarşı yönəlib.
İlkin məlumata grə, terror aktı nəticəsində 4 nəfər ölüb, 60 adam yaralanıb.
İŞİD-in Yaxın Şərqdə hücumları rəsmi Moskvanın da narahatlığına səbəb olub. Belə ki,
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sədri Aleksandr Bortnikov terror təşkilatı İŞİD -in Müstəqil Dövlətlər Birliyi (MDB) coğrafiyasında sabitliyi pozmağa çalışdığını söyləyib.
MDB Terrorla Mübarizə Mərkəzinin quruluşunun 15 – ci ildönümü ilə bağlı Moskvada keçirilən mərasimdə çıxış edən FSB sədri Bortnikov beynəlxalq terrorun təsir vasitələrini artırmaq üçün səy göstərdiyinə diqqət çəkib.
Bortnikov bildirib ki, hal-hazırda İŞİD beynəlxalq terrorizmin siması kimi ortaya çıxmaqdadır:0 "İŞİD dünyanın müxtəlif bölgələrində öz dayaq nöqtələrini yaradır və açıq-aşkar MDB coğrafiyasında və Mərkəzi Asiyada sabitliyi pozmağı planlaşdırır".
Bu yöndə MDB Terrorla Mübarizə Mərkəzinin beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı inkişaf etdirməli və artırmalı olduğunu vurğulayan FSB rəhbəri qeydc edib ki, əvvəlcə İŞİD nümayəndələrinin fəaliyyət göstərdiyi ölkələrdə əlaqədar rəsmilərlə əməkdaşlığın inkişaf etdirilməsi və artırılması vacib şərtdir: "Bu ölkələrdə İŞİD nümayəndələri və onlara bağlı olan terrorist təşkilatlar, məntiqi baza quraraq terrorçuların və silahların ötürülməsi üçün yeni metodlar tapırlar".
FSB sədri ortaq fəaliyyət və əməliyyatlara hazırlıq işləri, həmçinin terror təhlükəsinin yayılması və vəziyyəti ilə bağlı dərin strateji analizin aparılması üçün MDB ölkələrinə bir çox dəstəyin təmin edilməli olduğunu vurğulayıb.
Bu arada MDB ölkələrinin Antiterror Mərkəzinin rəhbəri general Andrey Novikov maraqlı bir açıqlama verib. O deyib ki, İŞİD-də 5 minədək rusiyalı vuruşur: "Hazırda xüsusi xidmətlərin məlumatına görə İŞİD sıralarında Rusiya pasportuna malik 2 min adam vuruşur. Bəzi ekspert dəyərləndirmələrinə görə onların sayı 5 minə yaxınlaşır", - deyə general polkovnik Andrey Novikov "İnterfax" agentliyinə bildirib.
Bu yaxınlarda İŞİD-ə qatılmaq niyyətində olduğu iddia edilən Moskvalı tələbə Mariya Karaulovanın Türkiyə-Suriya sərhədinə getməsi Rusiyada böyük əks-səda doğurmuşdu.
Ötən il Rusiyanın Milli Antiterror Komitəsi İŞİD terror qruplaşması sıralarına 800-dən 1 minədək rusiyalının daxil olduğu barədə məlumat yayıb. Mütəxəssislər yeni üzvlərin internet üzərindən cəlb olunduğunu deyirlər.
Onu da qeyd edək ki, son bir il ərzində İŞİD-ə Britaniya, Almaniya, Belçika və Fransa kimi ölkələrdən minlərlə avropalı qatılıb.
Türkiyənin baş naziri Əhməd Davudoğlu isə Suriyada İŞİD terrorçuları ilə kürd döyüşçüləri arasında gedən döyüşlərlə bağlı açıqlama verib.
Türkiyə KİV xəbər verir ki, Əhməd Davudoğlu Suriyanın şimalında yerləşən Təl Abyad uğrunda gedən qanlı döyüşlərdən sonra 23 min nəfərin ölkəsinə gəldiyini bəyan edib.
Hökumət başçısı bildirib ki, Türkiyə İŞİD-ə qarşı aparılan əməliyyatları, bu terror şəbəkəsinin mövqelərinə endirilən zərbələri hər zaman dəstəkləyir.
O, Suriya hakimiyyətinin Haseke şəhərində İŞİD terrorçuları ilə görüşdüyünü vurğulayıb:
"27-28 mayda Azad Suriya Ordusu Hələbdə önəmli mövqeləri ələ keçirdi. Lakin Suriya rejimi PYD-nin nəzarətində olan yaxın bir yerdə İŞİD təmsilçiləri ilə görüşdü. Bundan sonra Suriya qüvvələri iki bölgədən geri çəkildi və İŞİD irəliləməyə başladı.
Azzazın şimalında PYD nəzarətinə yaxın olan ərazilərdə İŞİD koordinasiyalı bir şəkildə Azad Suriya Ordusuna hücum etdi. Hədəfləri isə Azzazı alıb, Trükiyə sərhədində yerləşən Kilisə qədər olan əraziləri ələ keçirməkdir. Bununla da PYD və İŞİD paylaşacağı bir xətt formalaşdırmaq istəyirlər. Rejim isə buna və PYD-yə hava dəstəyi verdi",-deyə baş nazir qeyd edib.
Məlumat üçün bildirək ki, PYD PKK-nın Suriya qanadıdır.