Ermənilər mitinqə ara veriblər Dünya

Ermənilər mitinqə ara veriblər

Amma etirazlarını davam etdirəcəklərində israrlıdılar

Cavid

Ermənistanda "Talana yox" qrupu Azadlıq meydanındakı mitinqi dayandırıb. Erməni mətbuatının verdiyi məlumata görə, aksiyanın təşkilatçısı Maksim Marqaryan jurnalistlərə onların meydanı tərk etdiklərini deyib. Bu gün isə "Talana yox" qrupu mətbuat konfransı keçirəcək və növbəti fəaliyyətləri haqqında danışacaq.
Bununla belə, Baqramyan prospektində hələ də xeyli sayda etirazçı var. Polis növbəti dəfə etirazçıları asayişi qorumağa səsləyib. İrəvan polis rəisinin müavini Valeri Osipyan özü aksiya iştirakçılarına müraciət edib. O, hətta onları da hədələyib və deyib ki, əgər səs-küy kəsilməsə bəzi üsullara əl atmalı olacaq.
Daha öncə isə o səsgücləndirici quraşdırmağı qadağan etmişdi. Bundan sonra etirazçılar portativ səsgücləndiricilərdən istifadə etməli olmuşdular.
Xatırladaq ki, iyunun 19-dan Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir. Etirazçıların bir qismi Baqramyan prospektində toplaşıblar. Digər qismi isə polisin prospektdəki aksiya iştirakçılarına müdaxiləsindən sonra Azadlıq meydanında yığışıblar. "Talana yox" qrupu etirazlarda 3 əsas tələb irəli sürüb. Onlar elektrik enerjisi tarifinin artırılması haqqında qərara yenidən baxılmasını və onun ləğv edilməsini, keçən il müəyyən edilən tarifi daha da aşağı endirmək məqsədilə yenidən nəzərdən keçirilməsini tələb edirlər. Narazı ermənilərin 3-cü tələbi isə iyunun 22-də Baqramyan prospektində etirazçılara qarşı qəddar davranan polislərin cəzalandırılmasıdır.
Ermənistan mətbuatı onu da yazıb ki, Gümrüdəki etirazçılar mitinqi dayandırıblar. Mətbuatın məlumatına görə, etirazçılar mitinqi dayandırsalar da, yenidən bir araya gəlib öz tələblərini irəli sürəcəklər.
Onu da qeyd edək ki, Ermənistanda vəziyyətin günbəgün gərginləşməsi xarici ölkələrin də diqqətindən yayınmır. Bu isə o deməkdir ki, İrəvanda daxili vəziyyət nəzarətdən çıxır və beynəlxalq miqyas alır. Belə ki, Fransa yaranmış vəziyyətlə əlaqədar narahat olduğunu açıqlayıb. Fransanın Ermənistandakı səfiri Yan-Fransua Şarpante bəyanat verərək, İrəvanda olan hadisələri izlədiklərini söyləyib. Diplomat vurğulayıb ki, "biz suveren xarici ölkənin daxilində baş verən hadisələr barədə şərh vermək fikrində deyilik. Amma vəziyyətin nəzarətdən çıxmasına, insanların əziyyətinə göz yuma bilməmək də olmaz. Bu hüququ biz özümüzə yazmamışıq".
O, keçirdiyi mətbuat konfransında elektrik enerjisinin bahalaşmasına qarşı əhalinin etiraz aksiyalarına münasibət bildirib. Səfir deyib: "Deyə bilərəm ki, biz, şübhəsiz, baş verən hadisələri narahatlıqla izləyirik. Hadisələr demokratik proseslərin ümumi məntiqinə uyğun olmalıdır. İnsanların tələb irəli sürmələri normaldır. Hakimiyyət isə ictimai asayişi qorumaq istəyir. Çox istəyirik ki, bu, mümkün qədər tez, dialoq vasitəsilə həllini tapsın. Bu bütün tərəflər üçün münasibdir və iqtisadi nöqteyi-nəzərdən faydalıdır. Bu ölkə üçün iqtisadiyyat çox əhəmiyyətlidir. İnsanla yaşamaq istəyirlər".
ABŞ-ın Ermənistandakı səfirliyi də İrəvandakı vəziyyətlə əlaqədar narahatlığını bildirib. Ötən gün səfirliyin "Twitter" səhifəsində yerləşdirilən yazıda deyilir ki, biz yaranmış gərgin vəziyyətdən çox narahatıq. Tərəfləri ləyaqətli demokratiyanın dəyərləri olan sülh, təmkinli davranış göstərməyə çağırırıq. Bir sözlə, ATƏT-in Minsk qrupunun üzvü olan iki ölkə Ermənistandakı vəziyyətlə bağlı narahatlığını bildirib. Amma Rusiya hələlik belə bir bəyanat verməyib. Bu isə o deməkdir ki, etiraz aksiyaları təsadüfdən yaranmayıb və enerji tariflərinin artırılması bəlkə də buna bir bəhanədir. Qərb İrəvanda əhalinin mövqeyindən çıxış edərək vəziyyətin gərginləşməsində maraqlıdır və bununla Rusiyaya mesaj göndərmək istəyir. Rusiya isə İrəvana bəzi güzəştlər etməklə vəziyyəti sabitləşdirməyə çalışır. Görünən odur ki, iki qoçun, yəni Qərb ilə Rusiyanın başı İrəvandakı qazanda qaynamayacaq...