Rezidenturaya sənəd verənlərin sayı açıqlanıb Hadisə

Rezidenturaya sənəd verənlərin sayı açıqlanıb

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyat sona yaxınlaşır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. Namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 1-ci cəhdində iştirak etmək üçün 2022-ci il aprelin 25-dən mayın 5-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə Mərkəzin internet saytında “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

4 may saat 10:00-a olan məlumata əsasən, 1476 namizəd (Azərbaycan bölməsi - 1212; rus bölməsi – 264) imtahana yazılıb.

Qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) rezidentlər (rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturanı bitirdikdən və ya rezidentura təhsilindən imtina etdikdən sonra buraxılırlar;

Əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. İmtahanda iştirak etmək arzusunda olan tələbələr Mərkəz tərəfindən müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməlidirlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar (bax: “Rezidentura” jurnalı, № 1, 2022, səh. 2).

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak edib nəticəsi “məqbul”la qiymətləndirilən xarici ölkələrdə ali təhsil alan və əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni tələb olunan sənədləri SQK-ya (Bakı şəh.,H.Əliyev küçəsi 299) təqdim etməklə qeydiyyatdan keçdikdən sonra buraxılacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.