"Reket" çiliklə məşğul olanlar cəzalanmalıdırlar Hadisə

"Reket" çiliklə məşğul olanlar cəzalanmalıdırlar

Media azadlığı, jurnalistlərə ifadə azadlığının verilməsi demokratik cəmiyyətlərin ən əsas göstəricilərindən və beynəlxalq hüququn daim izlədiyi məsələlərdən biridir.

Azərbaycanda söz, mətbuat azadlığı bütün demokratik prinsiplərə cavab verir.

Amma təəssüf olsun ki, bəziləri bu azadlıqdan sui-istifadə edərək reketçilik məşğul olub, azad medianın adına ləkə gətirirlər.

Cəbhə.info saytının əməkdaşı Vilayət Muxtar "Xalq Cəbhəsi"nə açıqlamasında "Reket jurnalist" anlayışını qəbul etmədiyini deyib: "İlk növbədə onu deyi ki, media da müasir dövrlə ayaqlaşmağa məcburdur. Qəbul etməliyik ki, artıq müasir texnologiyalar ənənəvi medianı üstələyib. Təsadüfi deyil ki, bu gün sosial şəbəkələr vasitəsilə daha geniş auditoriyaya çıxmaq imkanı var. Bu gün ölkədə 4 milyondan çox youtube, 2 milyona yaxın facebook, təxminən eyni sayda instagram və tik-tok istifadəçisi var. Reallıq ondan ibarətdir ki, bu gün heç bir media orqanı vasitəsilə bu qədər böyük bir auditoriyaya çıxış etmək mümkün deyil. Təbii ki, sosial platformaların bu üstünlüklərindən fərqli məqsədlər üçün də istifadə edilər. Jurnalistikaya heç bir aidiyyatı olmayan, media prinsiplərindən uzaq olan bəlli şəxslər sosil şəbəkənin verdiyi imkanlardan istifadə edərək pul qazanmaqla məşğuldurlar. Razılaşaq ki, reketçilik media sektoruna təkcə sosial şəbəkələr vasitəsilə gəlməyib, amma bu gün daha geniş yayılıb. Əslində diqqətlə izləsək, reketçiliklə məşğul olanları görə bilərik. Bu gün söydüyü sabah tərif edən, ona bu və ya digər şəkildə haq qazandıran "junalistləri" hər birimiz görə bilərik. Təəssüf ki, bu gün onların izləyiciləri daha çoxdur, amma bu çoxluq sabun köpüyündən fərqlənmir. Sadəcə hələlik zaman onlara işləyir".

V.Muxtarın fikrincə, bütün bunlara baxmayaraq sosial şəbəkələrin əleyhinə deyil" "Sadəcə sosial şəbəkələrə peşəkarlığın gəlməyinə ehtiyac var ki, bu da bir qədər zaman alır. Fikrimcə, zaman özü bu məsələni də həll edəcək, sadəcə bir qədər səbirli olmaq lazımdır. Amma bu prosesin gedişatında boş dayanmaq olmaz. Bu zaman aralığında peşəkar jurnalistlər daha böyük səylə çalışmalı, cəmiyyəti özünə, imzasına inandırmalıdır. Bu olmadığı halda "reket jurnalistika"nın ömrü daha da uzanacaq. Buna isə yol vermək olmaz.
Bir məsələyə diqqət çəkməyə ehtiyac var. Xatırlayırsızsa, bir müddət əvvəl ən çox baxış sayı olan internet tv-lərin başında xaricdən yayımlanan söyüş kanalları gəlirdi. Amma son dövrlər onların reytinqi sıfıra düşüb. Çünki artıq hər kəs onların mahiyyətini anladı. "Reket"ləri də eyni aqibət gözləyir. Bir müddət sonra onları da iflas gözləyir ki, bu da uzun zaman almayacaq. Ümumiyyətlə, şəxsi maraqlara xidmət edən heç bir media qurumu uzunömürlü olmayıb, ola da bilməz".
Olkepress.com saytının rəhbəri Amil Baycan isə deyib ki, son illər Azərbaycanda "reket" jurnalistika ilə mübarizə nəticəsində bir neçə mətbuat orqanının fəaliyyəti yasaqlanıb və onların rəhbərləri cinayət məsuliyyətinə cəlb olunub. Amma buna baxmayaraq, Azərbaycanda "reket" jurnalistika ilə məşğul olanların sayı durmadan artır. Bu da ölkədə medianın azad olmasından sui-istifadə edən dələduzların fəaliyyətinin genişlənməsinə səbəb olur: "Reket” jurnalistika cinayət əməlidir. “Jurnalistikadan sui-istifadə edənlərə müəyyən müddətə media fəaliyyəti ilə məşğul olmaq yasaqlanmalıdır. Onlar cinayət məsuliyyətinə cəlb olunmalı, cəzalanmalıdlrlar. Söz və mətbuat azadlığı anarxiya demək deyil. Bu gün sosial şəbəkələrdə internet tv, ünvanı bilinməyən informasiya resursları çoxdur. Onların fəaliyyəti nəzarətə götürülməlidir. "Reket”çiliklə məşğul olanların fəaliyyəti bütövlükdə jurnalistikaya böyük zərbə vurur”.
Cavid