“British Council”ın regional və ölkə direktorları Bakı Ali Neft Məktəbində Hadisə

“British Council”ın regional və ölkə direktorları Bakı Ali Neft Məktəbində

“British Council” təşkilatının Avropa üzrə regional direktoru Coanna Börk (Joanna Burke), Azərbaycan üzrə yeni təyin olunmuş direktoru Nərgiz Hacıyeva və imtahanlar üzrə meneceri Nərgiz Əkbərova Bakı Ali Neft Məktəbində (BANM) olublar.

Ali Məktəbin kampusu, ACCA, IELTS İmtahan Mərkəzləri, laboratoriyalar ilə tanış olan qonaqlar sonra rektor Elmar Qasımovla görüşüblər.

Qonaqları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən Elmar Qasımov onlara BANM haqqında məlumat verib və bildirib ki, burada tədris tam olaraq ingilis dilində həyata keçirilir. “British Council” və BANM arasındakı əməkdaşlığa toxunan rektor qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi fəaliyyətə başladığı ilk illərdən bu təşkilatla sıx əməkdaşlıq edir: “British Council” təşkilatının ən yaxın tərəfdaşlarından biriyik. Bakı Ali Neft Məktəbinin fəaliyyətə başlamasından ötən 10 il ərzində bu təşkilatla bir sıra böyük layihələr həyata keçirmişik. İngilisdilli tədris və IELTS imtahanlarının təşkili istiqamətində tərəfdaşlıq, müəllimlərin təlimlərinin təşkil edilməsi, ötən ilin iyun ayında Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində ACCA (Association of Chartered Certified Accountants) Mərkəzinin açılması, həmçinin IELTS Qeydiyyat Mərkəzinin yaradılması bizim uğurlu əməkdaşlığımızın nümunələrindəndir”.

Elmar Qasımov, həmçinin ölkə üzrə yeni rəhbər Nərgiz Hacıyevanı təbrik edərək, ilk dəfə yerli kadrın təşkilatın Azərbaycan üzrə rəhbəri təyin edilməsinin qürurverici olduğunu vurğulayıb.
Bakı Ali Neft Məktəbinin kampusunu və burada yaradılan şəraiti yüksək qiymətləndirən regional direktor Coanna Börk bildirib ki, qısa müddətdə böyük nailiyyətlər əldə etmiş bu ali təhsil müəssisəsi ilə təşkilatın əməkdaşlığı çox uğurludur. O, Bakı Ali Neft Məktəbində açılan ACCA Mərkəzinin “British Council” təşkilatının ən mühüm layihələrindən biri olduğunu və qısa müddətdə dünya üzrə ən böyük mərkəzə çevrildiyini vurğulayıb.

“British Council” təşkilatının regional rəhbəri, həmçinin təşkilat və BANM arasındakı yüksək səviyyəli əməkdaşlığın daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.