Pan Gi Mun: “Bakı Qlobal Forumu dialoq üçün çox gözəl platformaya çevrilib” Hadisə

Pan Gi Mun: “Bakı Qlobal Forumu dialoq üçün çox gözəl platformaya çevrilib”

“Bakı Qlobal Forumu dialoq üçün çox gözəl, möhtəşəm platformaya çevrilib, beyin mərkəzlərini bir araya gətirir”.

APA-nın xəbərinə görə, bunu bu gün IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” mövzusunda paneldə BMT-nin sabiq Baş katibi Pan Gi Mun ( 2007-2016-cı illər) video mesajında bildirib.

Pan Gi Mun deyib ki, innovasiya yönümlü fikirlərin irəli sürülməsi önəmlidir: “Biz ictimai səhiyyəyə diqqətimizi yönəltməliyik. COVID kimi yoluxucu xəstəliklərlə mübarizə aparmaq üçün çoxtərəfli əməkdaşlıq da mühümdür. ÜST tərəfindən qlobal səhiyyənin idarə edilməsi ölkələr qarşısında duran problemlərin aradan qaldırılması üçün vacibdir. ÜST baxışı prioritet olmalıdır. Xüsusən Afrika qitəsinə diqqət yönəldilməlidir. Bu aspektdə vaksinlər gəlirlərinin səviyyəsindən asılı olmayaraq bütün ölkələr üçün əlçatan olmalıdır”.

Pan Gi Mun qeyd edib ki, 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün Bakı Qlobal Forumu kimi tədbirlərin keçirilməsi vacibdir: “COVID pandemiyasını tam aradan qaldırmaqla 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə nail ola bilərik. İnanıram ki, səhiyyə xidmətlərini yaxşılaşdırmaqla daha yaxşı dünya qura biləcəyik”.