Almaniyada 31 Mart aksiyası keçirilib Hadisə

Almaniyada 31 Mart aksiyası keçirilib

Avropa ölkələrinin dövlət və qeyri-dövlət təşkilatlarına soyqırımla bağlı mətbuat açıqlaması göndərilib

Berlin Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Alman-Azərbaycan Gənclər Assosiasiyası 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Berlində Brandenburq darvazası önündə etiraz nümayişi keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri əks etdirən vərəqələr yaymaqla, plakatlar və şüarlarla alman ictimaiyyətinin, eləcə də turistlərinin diqqəti bu qanlı hadisələrə cəlb etməyə çalışıb. Aksiyaçılar yerli sakinlərlə tək-tək söhbət edərək bu faciənin tarixindən bəhs ediblər.
Avropa Azərbaycanlıları Konqresi (AAK) isə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Avropa Parlamentinin İnsan Hüquqları Komitəsinə, Parlamentin üzvlərinə, Almaniyanın və digər Avropa ölkələrinin müxtəlif ictimai-siyasi qurumlarına, dövlət və qeyri-dövlət təşkilatlarına mətbuat açıqlaması göndərib.
Alman və ingilis dilində hazırlanmış açıqlamada 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, etnik təmizləmə siyasəti haqqında ətraflı məlumat verilir və aradan 96 il keçməsinə baxmayaraq, bu cinayətlərə hələ də hüquqi qiymətin verilməməsi vurğulanır. Sənəddə erməni millətçilərinin cəzasızlıqdan ruhlanaraq Azərbaycan xalqına qarşı yeni kütləvi qırğınlar törətdiyi, 1992-ci ildə isə Xocalı soyqırımını həyata keçirdiyi diqqətə çatdırılır.
AAK beynəlxalq terrora qarşı mübarizəni qarşısına məqsəd qoymuş dünya ictimaiyyətindən Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməyi tələb edir, həmçinin nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq mövqeyini dəstəkləməyə, qondarma erməni soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə sanksiyalar tətbiq etməyə, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsinə biganə yanaşmamağa çağırır və Azərbaycan torpaqlarında sülhün bərqərar olunmasında dünya ictimaiyyətinin böyük səy göstərəcəyinə ümid etdiyini vurğulayır.