Binəqədi rayonunda şəhidlərin əziz xatirəsinə ucaldılmış abidənin açılışı olub Hadisə

Binəqədi rayonunda şəhidlərin əziz xatirəsinə ucaldılmış abidənin açılışı olub

Sentyabrın 28-də Binəqədi rayonunda şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub. Rayonun 301 şəhidinin adı, soyadı və ata adı abidədə həkk edilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, tədbirdə əvvəlcə Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Abidənin açılışı mərasimində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhidlərin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını vurğulayıb, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Şəhid ailələri qeyd ediblər ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan övladları ilə hər zaman qürur duyurlar.