Azərkosmos yeni peyklər buraxacaq - Saməddin Əsədov Hadisə

Azərkosmos yeni peyklər buraxacaq - Saməddin Əsədov

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) gələcəkdə yeni peyklər buraxacaq.

Trend-in məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin İdarə Heyətinin sədri Saməddin Əsədov “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” beynəlxalq konfransında deyib.

S.Əsədov qeyd edib ki, hazırda 2030-cu ilə qədər Azərbaycanın kosmik sahədə fəaliyyətləri ilə bağlı sənədlər hazırlanır:

"Kosmik sektorda uğura imza atamaq, irəli getmək üçün agentlik beynəlxalq əməkdaşlığa üstünlük verməlidir. Beynəlxalq təşəbbüslərin bir hissəsinə çevrilməlidir. Bunun nəticəsidir ki, Azərbaycan kosmik sənayedə etibarlı tərəfdaş olaraq qəbul olunur və növbəti il Bakı şəhərində Beynəlxalq Astronavtika Konqresi keçiriləcək",- S.Əsədov deyib.

Sədr bildirib ki, telekommunikasiya infrastrukturunun böyük hissəsi peyk fəaliyyətindən asılıdır: "Hamımız naviqasiya xidmətlərindən istifadə edirik, meteorologiya və iqlim dəyişikliyi araşdırmaçıları peyklərin tədqiqat şəkilləri və məlumatlarından yararlanır. Günəş fəaliyyəti və kosmik hava ilə bağlı müzakirələr getdikcə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan hökumətinin hazırda istismarda olan 3 peyki var. Agentlik olaraq bu obyektlərin verdiyi məlumatları bir çox iqtisadi sahələrdə tətbiq edirik. Onlar telekommunikasiya infrastrukturunun inkişafında böyük rol oynayır".

Agentlik sədri əlavə edib ki, günəş və kosmik anomaliyalar peyk infrastrukturuna təsirsiz ötüşmür:

"Əməliyyatçı olaraq bu anomallıqdan əziyyət çəkirik. Müxtəlif təşkilatçılardan çoxsaylı məlumatlar əldə edirik və peyklərin fəaliyyətini öncədən görməyə çalışırıq. Müəyyən tədbirlər görürük ki, bu təsirin mənfi nəticələri bir o qədər görünməsin".