“Fars şovinizminin Güneydə Azərbaycan türklərinə qarşı yürütdüyü siyasət...” Hadisə

“Fars şovinizminin Güneydə Azərbaycan türklərinə qarşı yürütdüyü siyasət...”

Mirmahmud Mirəlioğlu: "Həm anti-insani, həm də anti-İslamidir"

"Fars şovinizminin Güneydə Azərbaycan türklərinə qarşı yürütdüyü siyasət həm anti-insani, həm də anti-İslamidir". Bu fikirləri Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Güneydəki aksiyalara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, adını İran İslam Respublikası qoyan bir ölkə Allahın insana verdiyi dili onun əlindən alır: "Belə şey yolverilməzdir. Etiraz aksiyalarının keçirilməsi yerindədir, biz də onlara dəstək veririk. Təəssüf ki, özünü ayətullah, din xadimi adlandıranlar ağızlarını Allah yoluna qoyublar, küfr edirlər, dilimizə dil uzadırlar. Bu, o deməkdir ki, artıq fars şovinizminin sonudur. Başlanan hərəkat ümumi istiqlal hərəkatının tərkib hissəsidir. Həm adam təəssüflənir ki, belə hallar baş verir, təhqir olunuruq, həm də bəzən deyirik, bu adamların cavabını vermədikcə belə təhqirlərə məruz qalacağıq. Güneydə böyük etiraz aksiyası keçirib deyirlər ki, "haray, haray mən türkəm!" Bakıda isə bütün media onları İran azərbaycanlıları adlandırır. Adamlar bütün dünyaya hayqırır ki, "mən türkəm!" Bizimkilər deyir, yox, "sən azərbaycanlısan". Bəzi özündən müştəbeh alimlərimiz də bizə azəri deyir. Ağıllarını itirənlər söyləyir ki, alimlər toplaşıb bu millətə ad qoysun. Bəyəm, millətə adı alim qoyur? Alim bu millətin yetirməsi, övladıdır. Bu elm deyil axı". Fransadakı terror hadisələrinə gəlincə, M.Mirəlioğlu hesab edir ki, terror harada olur-olsun pislənməlidir: "Azərbaycan xalqı özü illərlə terrora məruz qalan, amma onun haqq səsinə səs verməyən dünyanı görür. Dünya özü indi terrorla üz-üzədir. Biz bunun arxasında kimin, hansı dövlətin, gücün, dini cərəyanların durmasından asılı olmayaraq onu lənətləyirik. Məsələnin o biri tərəfi də ondan ibarətdir ki, dünyada haqq-ədalət, mizan olmalıdır. Biz hər gün terrora məruz qalırıq, torpağımız işğal altındadır. Dünya Azərbaycanın vəziyyətini görmürmü?"