BİZ varıq! Hadisə

BİZ varıq!

"Xalq Cəbhəsi" qəzetinin 14 yaşına sözardı...

...14 il ərzində "Xalq Cəbhəsi" qəzeti redaksiyasının qismətinə şəhərin 3 müxtəlif məkanında fəaliyyət göstərmək düşüb. Səbail rayonundan Binəqədiyə, Binəqədidən Yasamala köçmüşük...
Bu 14 ilin 6 ili Binəqədi rayonunda hansısa Aşırım küçəsində yerləşən 16 mərtəbəli binanın 13-cü mərtəbəsində keçib... Qəzetin fədakar təsisçisi, redaktorları, jurnalistləri, dizaynerləri, korrektorları indi ağlasığmaz görünən məhrumiyyətlərə qatlaşaraq öz vəzifələrini vicdanla, yüksək peşəkarlıqla yerinə yetiriblər...
İstiliyimizi kəsiblər - XXI əsrdə dizel sobası yandırmışıq, işığımızı kəsiblər - generatorun gurultusu və tüstüsü altında fəaliyyət göstərmişik, suyumuzu kəsiblər - 13-cü mərtəbəyə piyada su daşımışıq... Amma bir gün də olsun dayanmamışıq, bu çətinlikləri işimizə əngəl, maneə saymamışıq...
...13-cü mərtəbədə, səhra şəraitində susuz, işıqsız, istiliksiz çalışdığımız dönəmlərdə redaksiyanın yerləşdiyi mərtəbədəki ayaqyolunun borularını da kəsib atmışdılar. Həm də kim... Vaxtilə Azərbaycan mətbuatının ən tirajlı qəzetlərindən olan "Bu gün"ün qurucusu və baş redaktoru Nəsib İsmayılovun binada təmir işləri aparan proRAB qardaşıı. Adını unutsam da, 13-cü mərtəbədəki ayaqyolunun dəliyindən proRAB İsmayılovun mənəviyyatına necə... baxdığımızı yaxşı xatırlayıram. O zamandan 7 il keçir və bu 7 ilin hər günündə, hər saatında seçdiyimiz yolun doğruluğuna əmin oluram. Əslində buna şübhəm də olmayıb. İlk gündən qəzetin yaradılmasında, fəaliyyət göstərməsində zəhməti olan bütün həmkarlarım kimi mən də doğru bir hədəfə istiqamətləndiyimizə, Azərbaycan mətbuatının təməl prinsiplərinə xidmət etdiyimizə sonunadək inanmışam.
Bu gün, Yasamal rayonunda, müqəddəs üçrrəngli bayrağımızın dalğalandığı parkın bir neçə addımlığında yerləşən redaksiyamızın işıqlı otaqlarından birində keçdiyimiz yolu, qatlaşdığımız çətinlikləri xatırlayıram. Zərrə qədər də peşman deyiləm. Biz üzərimizə yürüyən qaranlıqlardan işıq kimi sıyrılaraq bu günə gəlmişik. O dövrdən bu yana çox şey dəyişib. Vaxtilə bizi topa tutanlar indi öz düşərgələrindən atılan namərd güllələrindən qorunmaq üçün bizim ünvanımızı seçirlər. Biz isə hansı məkanda fəaliyyət göstərməyimizdən asılı olmayaraq, hər zaman haqqın, ədalətin, Bütöv Azərbaycan məfkurəsinin izində, Azərbaycan dövlətinin və xalqının yanında, Azərbaycan bayrağının kölgəsində olmuşuq. Bütün çətinlikləri də ideallarımıza sığınaraq dəf etmişik...
Bütün sünü maneələri, rəqəmli-rəqəmsiz aşırımları aşdığımız kimi, 14-cü ildönümümüzü də aşırdıq...
Bu illər ərzində bizə arxa-dayaq olan BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə, bütün əqidadaşlarıma, "Xalq Cəbhəsi" qəzetinin gəlmiş-getmiş bütün əməkdaşlarına, bu yolda bizimlə birgə, yanaşı addımlayan qardaş və bacılarıma, övladlarıma dərin minnətdarlığmı bildirirəm.
Bu gün vaxtilə "Xalq Cəbhəsi" qəzetinə, yaxud qəzetin ayrı-ayrı şöbələrinə rəhbərlik etmiş, eləcə də jurnalist kimi imzaları ilk dəfə bu qəzetin səhifələrində işıq üzü görmüş həmkarlarımın media sektorunda qazandıqları uğurları qürür hissi ilə izləyirəm. Şübhəsiz ki, bu uğurlar bilavasitə onların istedadları, təşkilatcılıq qabuliyyətləri, yaradıcılıq imkanları, çalışqanlıqları hesabına əldə olunub. Amma bizim üçün "Xalq Cəbhəsi" qəzetinin keçmiş baş redaktoru, redaktoru, müxbiri, dizayneri, korrektoru... anlayışı yoxdur, BİZ varıq! Azərbaycan mediası var! Bütöv Azərbaycan var!
Artıq 10 ilə yaxındır ki, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoruyam. Az müddət deyil... Bu illər ərzində az qala hər səhər otağımın qapısını açıb içəri daxil olduğum andan başlayaraq məndən öncə bu ağır, məsuliyyətli və şərəfli yükü çiyinlərində daşıyan insanları xatırlayıram...
Mənə göstərilən etimadın sərhədlərini monitora və qəzetin səhifələrinə dikilmiş gözlərimdə, üzərimdəki məsuliyyətin ağırlığını çiyinlərimdə hiss edirəm... Hələ ki, ayaqdayam, hətta oturduğum yerdə belə... Hələ ki, ayaqdayıq!
Başımız üstündən üçrəngli bayrağımız, ayağımız altından müqəddəs torpağımız əskik olmasın!
Dövlətimiz, millətimiz əbədiyyən var olsun ki, biz də var olaq!
Tanrı BİZİ, sevdiklərimizi və qəlbimizdəki Azərbaycan sevgisini qorusun!
Amin!

Sizin Elçin Mirzəbəyli