Ana və iki övladını öldürməkdə təqsirləndirilən şəxs şərləndiyini deyir - Məhkəmə Hadisə

Ana və iki övladını öldürməkdə təqsirləndirilən şəxs şərləndiyini deyir - Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Nizami rayonunda ana və iki övladını qətlə yetirməkdə təqsirləndirilən Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Nizami rayon Polis İdarəsinin Post-Patrul Xidməti bölüyünün əməkdaşı Ramil Hacıyev məhkəmədə hadisədən əvvəl baş verənləri danışıb: "Həmin ünvanda ailə münaqişəsi zəminində mübahisə yaranması və səs-küy olması barədə polisə məlumat daxil olub. Mən də ərazidə olduğum üçün qeyd olunan ünvana getdim. Qapını döydüm, bir uşaq cavab verdi. Qapının bağlı olduğunu dedi. Dedim ki, atana denən, qapını açsın. Uşaq bildirdi ki, atam içkilidir, yatıb, oyatsaq, bizi yenə də döyəcək. O zaman anasını çağırmasını istədim. Dedi ki, anam da gəlmir. Qapını açan olmadı. Orada olan qonuşlardan biri dedi ki, qadın başı bağlı adamdır, qapıya çıxmır. Elə bu vaxt uşaq bildirdi ki, şikayətimiz yoxdur, gedə bilərsiz.

Bölməyə məlumat verdim ki, qapını açmırlar, Fövqəladə Hallar Nazirliyi məlumatlandırılsın, bağlı qapı arxasında azyaşlı uşağın qalması barədə əraziyə xilasedicilər cəlb olunsun. Xilasedicilər gələrkən əlaqə saxladılar. Onlara vəziyyəti izah etdik. Bildirdik ki, içəridə uşaqlar var, validenyləri də yanlarındadır, amma qapını açmırlar. Bu zaman xilasedicilər bildirdilər ki, azyaşlının yanında valideynləri varsa, biz müdaxilə edə bilmərik. Onlar yoldan geri qayıtdılar”.

Təqsirləndirilən şəxs Əhəd Əliyev deyib ki, qətli o törətməyib.

O bildirib ki, istintaq zamanı döyülməsi səbəbindən cinayəti törətdiyini etiraf edib: “Orada 7-8 dəqiqə olmuşam. Gülnarədən bank kartının onda olub-olmadığını soruşmaq üçün getmişdim. Dedi ki, məndə deyil, mən də oradan getdim".

Hakim cinayət işinin istintaqını aparan müstəntiqin də növbəti məhkəməyə dəvət olunacağını deyib. Bildirib ki, işdə olan videolarda kəsirlər var, müstəntiq bunun səbəbini məhkəmədə izah etməlidir.

Növbəti proses dekabrın 8-də davam edəcək.

İttihama görə, bu ilin fevralın 20-də Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladı qəsdən öldürülüb. Aparılmış istintaqla, zərərçəkmişlərin qohumu 1981-ci il il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla Gülnar Qaraxanova və iki azyaşlı övladına xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7, (iki və ya daha çox şəxsi öldürmə) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Əhəd Əliyev qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olub.

Qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.

Əhəd Əliyev 2007-2014-cü illərdə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.