"Leyla Yunusun azadlığa buraxılması mühüm humanitar addımdır"
Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin xarici siyasət idarələri, nüfuzlu vətəndaş cəmiyyəti institutları hüquq müdafiəçisi Leyla Yunusun humanitar əsaslarla şərti olaraq azadlığa buraxılmasını yüksək dəyərləndiklərini bəyan ediblər.
ABŞ-ın ATƏT-dəki nümayəndəsi, ABŞ-da həmçinin Helsinki Komissiyasıı kimi tanınan qrupun rəhbəri, konqresmen Chris Smith Azərbaycanda insan haqları müfaiəçisi Leyla Yunus barədə humanist addım atılmasını salamladığını bildirib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Corc Link də Leyla Yunusun səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxılmasını alqışlayıb.
Corc Link qeyd edib ki, Leyla Yunusun azadlığa buraxılması müsbət və çox humanist jestdir. O, ATƏT DTİHB-in insan haqları ilə bağlı məsələlərdə Azərbaycan hakimiyyətinin nümayəndələri ilə konstruktiv müzakirələri davam etdirməyə hazır olduğunu bəyan edib.
ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby bəyanatında Leyla Yunusun buraxılmasını alqışlayıb. John Kirby deyib ki, ABŞ Azərbaycan hökuməti və xalqı ilə təhlükəsizlik, enerji, demokratiya və insan hüquqları olmaqla, bütün sahələrdə əlaqələri inkişaf etdirməyə çalışacaq.
Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier bu qərarı "mühüm humanitar addım" kimi qiymətləndiriblər.
Avropa Genişləndirmə və Qonşuluq Siyasəti Komissarının sözçüsü Maja Kocijancic Leyla Yunusun azadlığa buraxılması ilə bağlı verilən qərarın əhəmiyyətini vurğulayıb: "Avropa İttifaqı inanır ki, daha da çox addımlar atılacaq. Biz Azərbaycanla münasibətlərimizi genişləndirməyə hazırıq".
Avropa Parlamentinin prezidenti Martin Şults bunun gözəl xəbər olduğunu deyib.
Avropa Şurasının Baş katibi Thorbyorn Yaqland isə Leyla Yunusun azadlığa buraxılması haqda fikirlərini belə ifadə edib: "Leyla Yunusun həbsdən azad edilməsi məni yüngülləşdirdi. Ümid edirəm ki, o indi sağlamlığının tam bərpasına başlaya və bu çətin sınağı arxada qoya biləcək".
Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasser də Twitter hesabında Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışlayıb.
"Amnesty İnternational" təşkilatının Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Denis Krivoşeyev bildirib ki, "Bu, Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində mühüm ümid mesajı göndərəcək düzgün istiqamətdə olan bir addımdır.".
Human Rights House Şəbəkəsinin Şərqi Avropa və Qafqaz regionu üzrə rəhbəri Ane Tusvik Bonde də Leyla Yunusun azadlığa buraxılmasını xoş qarşıladığını deyib.
Birləşmiş Krallığın xarici işlər nazirliyi və Avropa üzrə nazir David Lidington Leyla və Arif Yunusun azadlığa buraxılmasını müsbət qarşılayıblar. David Lidington qərara şərhini bildirərkən qeyd edib ki, "bu qərarı müsbət qarşılayıram. Ümid edirəm ki, Leyla Yunus indi ona lazım olan əsas tibbi müalicəni ala biləcək".
Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer Bakı Apellyasiya məhkəməsinin Leyla Yunusu şərti azadlığa buraxılması haqqında qərarını alqışladığını bildirib və bunun mühüm humanitar addım olduğunu vurğulayıb: "İndi Leyla Yunus və həyat yoldaşı Arif Yunus vacib olan tibbi müalicəni almalıdırlar".