Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumu Hadisə

Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumu

Fevralın 1-də Bakıda "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və YOCOCU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumu işə başlayıb. AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları "MİRAS" İctimai Birliyinin təşkil etdiyi sərgi-yarmarka ilə tanış olublar. Forumun açılışında İctimai Birliyin sədri Fariz Xəlilli çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edilib, iki günlük forumun keçirilməsinin məqsədi gəncləri bir araya gətirməklə müxtəlif ölkələr arasında mədəniyyət, mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır. Bildirilıb ki, bu il tədbirdə Azərbaycanın gənc tədqiqatçıları ilə yanaşı, Türkiyə, Rusiya, Fransa, Hollandiya, Latviya, Macarıstan, Misir və Yəməndən mütəxəssislər iştirak edirlər. F.Xəlilli rəhbərlik etdiyi qurumun ötən ildəki fəaliyyəti və görüləcək işlər barədə də məlumat verib.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov forum iştirakçılarını təbrik edib, tədbirin təşkilində "MİRAS" ictimai Birliyinin fəaliyyətini yüksək dəyərləndirib. Qeyd olunub ki, bu qurum ölkəmizdə mədəni irsin öyrənilməsi üzrə elmi tədqiqat işlərinin aparılmasına, milli və mənəvi dəyərlərimizin öyrənilməsinə və təbliğinə, tarixi abidələrin və digər obyektlərin təmiri və bərpasına, yaddan çıxmış adət-ənənələrimizin araşdırılmasına və gənc nəslə çatdırılmasına kömək məqsədilə fəaliyyət göstərir. İctimai Birlik artıq neçə ildir bu sahədə bir sıra mühüm layihə və tədbirlərin həyata keçirilməsinə nail olub.
N.Səmədov vurğulayıb ki, milli və mədəni irsin beynəlxalq arenada tanıdılması və qorunması dövlətin üzərinə düşən əsas öhdəliklərdəndir. Bu baxımdan, ölkəmiz artıq 24 ildir ki, UNESCO-nun üzvüdür. Ötən müddətdə BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənib. Hazırda Azərbaycanın bir sıra maddi və mədəni irs nümunələri UNESCO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolunu xüsusilə qeyd etmək lazımdır.
Nazir müavini mədəniyyət və turizm sahələrinin inkişafı istiqamətində həyata keçirilən proqram və layihələrdən, onların nəticələrindən söz açıb, forumun işinə uğurlar arzulayıb. O, Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumunun dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirməklə ölkələr və xalqlar arasında mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, eləcə də yeni ideyaların mübadiləsi baxımından səmərəli olacağına əminliyini bildirib.
Tədbirdə tarix elmləri doktoru Qafar Cəbiyev, Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət müşaviri Murad Qaraçanta, YOCOCU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Assosiasiyasının nümayəndəsi Andrea Macchia və başqaları müxtəlif ölkələrin mədəniyyətlərinin və turizm potensialının öyrənilməsində belə tədbirlərin əhəmiyyətini qeyd edib, forumun hər il keçirilməsini arzulayıblar.
Sonra forumun işi "Araşdır", "Qoru" və "Təbliğ et" bölmələrində davam etdirilib. İclaslarda yerli və xarici mütəxəssislərin mövzuya dair məruzələri dinlənilib, müzakirələr aparılıb. Tədbir çərçivəsində "MİRAS" İctimai Birliyinin mükafatları təqdim olunub. Forum fevralın 2-də başa çatacaq.