
“ABŞ Prezidenti Donald Trampın Volodimir Zelenskini Rusiya ilə müharibəni başa çatdırmaq üçün dəfələrlə imkan əldə etdiyi halda bundan istifadə etməməkdə ittiham etməsi və Ukraynada yeni prezident seçilməsinin vaxtının çatdığını bildirməsi Vaşinqtonun müharibəyə yanaşması ətrafında ciddi müzakirələrə səbəb olub. Bu açıqlamalar ilk baxışdan Zelenskinin siyasətinə qarşı növbəti tənqid kimi görünə bilər. Lakin məsələyə daha geniş istiqamətdə yanaşdıqda, burada ABŞ-nin müharibənin dayandırılması üçün məsuliyyəti bölüşdürmək, Kiyevin qərarlarına təsir göstərmək və Moskva ilə mümkün razılaşmanın şərtlərini müəyyənləşdirmək cəhdlərini də görmək mümkündür”.
Bu fikirləri xalqcebhesi.az-a politoloq Aytən Qurbanova deyib.
A.Qurbanova söyləyib ki, Trampın mövqeyində diqqət çəkən əsas məqam onun müharibənin uzanmasına görə Zelenskinin siyasi məsuliyyətini ön plana çıxarmasıdır: “ABŞ prezidentinin fikirlərinə görə, Ukrayna rəhbərliyi müəyyən razılaşmalara daha əvvəl gedə bilərdi. Ancaq müharibənin davam etməsini yalnız Kiyevin mövqeyi ilə izah etmək doğru olmaz. Rusiya ilə Ukrayna arasında ziddiyyətlər ərazi məsələlərindən, təhlükəsizlik təminatlarından və müharibədən sonrakı siyasi nizamın necə qurulacağından qaynaqlanır. Tərəflərin bu məsələlərdə mövqeləri uzlaşmadığı halda, Zelenskiyə təzyiq göstərilməsi özlüyündə sülhün əldə olunmasına zəmanət vermir. Həmçinin Trampın açıqlamalarının Moskva üçün müəyyən diplomatik üstünlük yaratdığını söyləmək mümkündür. Rusiya uzun müddətdir Qərb ölkələri arasında Ukraynaya münasibətdə fikir ayrılıqlarının dərinləşməsində maraqlıdır. Vaşinqtonun Kiyevə qarşı sərt ritorikası isə Kremlin Qərbin mövqeyinin vahid olmadığını göstərmək üçün istifadə edə biləcəyi əlavə siyasi arqumentdir. Xüsusilə ABŞ kimi Ukraynanın hərbi və siyasi dəstəyində mühüm rol oynayan bir dövlətin prezidentinin Zelenskinin rəhbərliyini açıq şəkildə sorğulaması Moskvanın diplomatik hesablamalarına təsirsiz ötüşmür. Lakin Rusiyanın mövqeyinin güclənməsini yalnız Trampın bəyanatları ilə əlaqələndirmək də düzgün olmaz. Əsas məsələ bu açıqlamaların hansı konkret qərarlarla müşayiət ediləcəyidir”.
O bildirib ki, əgər Vaşinqton Ukraynaya hərbi yardımı məhdudlaşdırarsa, kəşfiyyat və təhlükəsizlik sahəsində əməkdaşlığı zəiflədərsə, eyni zamanda, Rusiyanın enerji gəlirlərinə təzyiqi yumşaldarsa, bu qüvvələr nisbətinə birbaşa təsir göstərə bilər: “Əksinə, ABŞ hər iki tərəfə təzyiq göstərərək qarşılıqlı güzəştlərə əsaslanan razılaşma əldə etməyə çalışarsa, nəticə fərqli ola bilər. Ona görə də, Trampın bəyanatlarını hazırda Rusiyaya verilmiş konkret strateji güzəştlə eyniləşdirmək olmaz. Bunun üçün Vaşinqtonun faktiki addımlarını qiymətləndirmək lazımdır. Ukraynada yeni prezident seçilməsi ilə bağlı çağırış da ayrıca diqqət tələb edir. Müharibə şəraitində seçkilərin keçirilməsi yalnız siyasi qərar deyil, həm də hüquqi və təhlükəsizlik məsələsidir. Seçicilərin təhlükəsizliyi, məcburi köçkünlərin səsvermədə iştirakı, hərbi qulluqçuların seçki hüquqları və seçkinin nəticələrinin legitimliyi təmin edilmədən belə bir prosesin təşkili ciddi problemlər yarada bilər. Digər tərəfdən isə ölkə rəhbərliyinin dəyişməsi müharibənin birbaşa olaraq başa çatacağı anlamına gəlmir. Yeni prezident də ərazi bütövlüyü, təhlükəsizlik təminatları və dövlət suverenliyi ilə bağlı eyni fundamental məsələlərlə üzləşəcək. Deməli, problemin mahiyyətini yalnız Zelenskinin şəxsiyyəti ilə izah etmək münaqişənin əsas səbəblərini arxa plana keçirir. Trampın yanaşmasında ABŞ-nin öz milli maraqlarını ön plana çəkməsi də mühüm amildir. Vaşinqton üçün müharibənin uzanması hərbi və maliyyə xərcləri, Avropa ilə münasibətlər, enerji bazarları və Rusiya ilə gələcək əlaqələr baxımından əlavə yük yaradır”.
Politoloqun sözlərinə görə, Tramp administrasiyasının daha sürətli razılaşmaya nail olmaq istəyi bu baxımdan qismən başa düşüləndir: “Lakin müharibəni tez dayandırmaq məqsədi ilə davamlı sülh yaratmaq məqsədi arasında ciddi fərq var. Əgər razılaşma Ukraynanın təhlükəsizlik narahatlıqlarını nəzərə almadan və gələcək hərbi qarşıdurmanın qarşısını alacaq təminatlar yaradılmadan əldə edilərsə, bu münaqişəni həll etmək əvəzinə, sadəcə müvəqqəti dondura bilər. Belə bir ssenari isə sonrakı mərhələdə daha mürəkkəb təhlükəsizlik problemləri yarada bilər. Məsələnin digər tərəfi isə Rusiyanın iqtisadi imkanlarıdır. Moskvanın enerji ixracından əldə etdiyi gəlirlər onun iqtisadi dayanıqlığı və hərbi xərcləri üçün əhəmiyyətli resurs olaraq qalır. Rusiyaya qarşı enerji məhdudiyyətlərinin yumşaldılması həmin resursların artmasına şərait yarada bilər. Amma ABŞ-nin enerji siyasətindəki hər dəyişikliyi yalnız Rusiyaya siyasi dəstək kimi qiymətləndirmək olmaz. Belə qərarların arxasında bazar sabitliyi, qiymətlər və daxili iqtisadi maraqlar da dayana bilər. Əsas məsələ bu addımların nəticədə Moskvanın müharibəni davam etdirmək imkanlarına necə təsir göstərməsidir”.
A.Qurbanova həmçinin qeyd edib ki, Trampın Zelenskiyə qarşı açıqlamaları Rusiyanın diplomatik mövqeyini müəyyən dərəcədə gücləndirə və Ukraynaya qarşı siyasi təzyiqi artıra bilər: “Ancaq müharibənin gələcəyini yalnız bu bəyanatlar müəyyən etməyəcək. Həlledici amillər ABŞ-nin sonrakı qərarları, Avropanın mövqeyi, cəbhədəki vəziyyət və Moskva ilə Kiyevin hansı şərtlər daxilində razılaşmağa hazır olmasıdır. Sülhün əldə olunması vacibdir, lakin onun davamlılığı daha böyük əhəmiyyət daşıyır. Çünki real sülh yalnız hərbi əməliyyatların dayandırılması deyil, yeni qarşıdurmanın qarşısını ala biləcək siyasi və təhlükəsizlik mexanizmlərinin yaradılması deməkdir”.
Röya İsrafilova