Şura: Mediada uşaq hüquqlarının qorunması diqqət mərkəzində olan məsələlərdəndir Hadisə

Şura: Mediada uşaq hüquqlarının qorunması diqqət mərkəzində olan məsələlərdəndir

Audiovizual mediada uşaqların rast gəlməsini istəmədiyimiz materiallar olur.

APA xəbər verir ki, bunu “Audiovizual mediada uşaq hüquqlarının qorunması” tədbirində Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov deyib. O qeyd edib ki, mediada uşaq hüquqlarının qorunması bütün dünyada diqqət mərkəzində olan məsələlərdəndir:
"Biz özümüz də beynəlxalq təşkilatların üzvüyük və uşaq hüquqlarının qorunması, onların maariflənmə yolu ilə medianın zərərli təsirlərindən çəkinməsi yolları daim diqqətimizdədir".

Audiovizual Şuranın nümayəndəsi Ayxan Sadıqlı deyib ki, uşaq hüquqlarının qorunması sahəsində dövlət siyasəti “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” vasitəsilə həyata keçirilir. O bildirib ki, həmin strategiya əsasında qəbul olunmuş fəaliyyət planında əsas icraçı qurumlardan biri Azərbaycan Respublikası Audiovizual Şurasıdır:

“Uşaq hüquqlarının qorunması ilə bağlı ən mühüm sənədlərdən biri ”Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanunudur. Bu gün hər bir uşaq öz üzərində dövlət qayğısını hiss edir. Uşaqlara göstərilən diqqət və qayğının artırılması üçün cəmiyyətin hər bir üzvü bütün gücünü səfərbər etməlidir”.

Ayxan Sadıqlı çıxışı zamanı qeyd edib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk qoşulduğu beynəlxalq sənədlər arasında uşaqlarla bağlı olanlar xüsusi önəm kəsb edir:

“ Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına (1989), 2002-ci ildə isə Konvensiyanın 2 Əlavə Protokoluna qoşulub. Ulu Öndər Heydər Əliyev Azərbaycanda uşaqlarla bağlı siyasətin yeni mərhələyə qaldırıb. 1998-ci ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib. Həmin Qanunun 3-cü maddəsində uşaqlar barədə dövlət siyasəti məsələləri öz əksini tapıb.

Bu gün Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 30 dekabr 2021-ci il tarixdə “Media haqqında” Qanun qəbul edilib. Bu qanunun qəbulundan sonra media, o cümlədən onun bir hissəsi olan audiovizual media yeni mərhələyə qədəm qoyub. “Media haqqında” Azərbaycan Respublikası Qanunun bir sıra müddəları sırf uşaq hüquqlarının müdafiəsinə yönəlib. Məsələn, Qanunun 4.1.3-cü maddəsində dövlətin media sahəsində vəzifəsi kimi istifadəçiləri, xüsusilə də uşaqları zərərli informasiyanın təsirindən qorumaq təsbit olub”.