Nəqliyyatın Nəqliyyat Nazirliyi problemi Hadisə

Nəqliyyatın Nəqliyyat Nazirliyi problemi

Məzahir Rüstəmov: "Onların yaratdıqları qoçu dəstələri reketliklə məşğul oldular"
Ərşad Hüseynov: "Söhbət dövlət vəsaiti hesabına Bakı ŞİH-in tabeçiliyində olan iri kommersiya qurumunun yaradılmasından gedir"

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verib. Nazirlər Kabineti Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə qərar verib. Qərar Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə verilib. Qərara görə, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən payları dövlətə məxsus "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılacaq.
Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və sərnişin daşınması üzrə avtobusların alınması məqsədi ilə həmin cəmiyyətə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30,0 (otuz) milyon manat məbləğində vəsait ayrılacaq.
Maliyyə Nazirliyi bu qərarın 2-ci hissəsi ilə ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etmək, Nəqliyyat Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərini müəyyən etmək tapşırılıb.
Bakı Şəhər İcra Hakimiyyəti isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cəmiyyətin nizamnaməsinin təsdiq edilməsini, dövlət qeydiyyatına alınmasını və icra orqanlarının yaradılmasını təmin edəcək.
Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə ən azı 200 ədəd iritutumlu avtobusun saxlanması məqsədi ilə avtonəqliyyat parkları (qarajları) üçün yerin ayrılmasını 1 ay müddətində təşkil ediləcək.
Nəqliyyatın təşkili üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, bu hələ ilkin mərhələdir: "İlkin mərhələdə bir fikir söyləmək çətin haldır. Hələlik avtobusların alınması ilə bağlı vəsait ayrılıb. Nəqliyyat Nazirliyinə isə marşurutların hərəkət və qrafiklərini müəyyən etmək tapşırılıb. Ancaq, düşünürəm ki, sərnişindaşıma Nəqliyyat Nazirliyindən alınacaq".
Hüquqşünas Ərşad Hüseynov qənaətinə görə, burada heç bir sensasiya yoxdur. Onun fikrincə, qərara əsasən Nəqliyyat Nazirliyindən heç nə alınmır: "Söhbət dövlətimizin vəsaiti hesabına Bakı ŞİH-in tabeçiliyində olan iri kommersiya qurumunun yaradılmsından gedir. Dövlətə məxsus olacaq və tam təsərrüfat hesabı ilə işləyəcək bu müəssisə digər özəl şirkətlərlə yanaşı şəhərimizdə sərnişin daşıma ilə məşğul olacaq. Nəqliyyat Nazirliyi nəqliyyat məsələləri üzrə dövlət idarəçiliyini və bu sahəyə nəzarəti həyata keçirən qurumdur. BŞİH-nin hansısa avtobus müəssisəsinin yaradılması bu Nazirliyin hansısa səlahiyyətinin alınaraq həmin müəssisəyə verilməsi demək deyil. Nazirliik yenə də öz işi ilə məşğul olacaq, hətta yeni yaradılam müəssisəyə də lisenziyanı, marşrut xətlərini bu Nazirlik verəcək, digər şirkətlər kimi onun da avrobuslarının fəaliyyətinə bu Nazirlik nəzarət edəcək və s...
Sadəcə olaraq maraqlı odur ki, bu yeni müəssisəyə hansı marşrutlar veriləcək, həmin marşrutların əvvəlki sahibləri necə olacaq? Bir sözlə, yeni yaradılan müəssisəyə Nazirlikdən heç nə verilməyəcək. Bu müəssisə indiki şirkətlərə ciddi rəqib olacaq. Bax bu rəqabətin də taleyini əslində Həqliyyat Hazirliyi həll edəcək, çünki yeni marşrutlar yaratmaq, əvvəlki marşrutları yenidən bölüşdürmək tam olaraq bu Nazirliyə aid səlahiyyətdir və həmin səlahiyyəti heç kim almayıb".
Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmovun sözlərinə görə, Nəqliyyat Nazirliyi ona tapşırılan işləri həyata keçirə bilməyib: "Bakı şəhərində nəqliyyatın idarə edilməsi 2006-cı ildən Bakı şəhər İcra Hakimiyyətindən alınıb Nəqliyyat Nazirliyinə verildi. Amma onlar layiqincə xidmət həyata keçirə bilmədilər. Məhdud Məsuliyyətli Cəmiyyət yaradıldı və onun da rəhbərliyi Nəqliyyat Nazirliyinin yaxın adamlarına tapşırıldı".
Ekspertin sözlərinə görə, onların yaratdıqları qoçu dəstələri reketliklə məşğul oldular, nəqliyyat sahibkarlarını ələ alıb monopoliya yaratdılar: "İctimai birlik olaraq bizə nəqliyyat sahəsində hər hansı araşdırma aparılmasına icazə verilmirdi. Nəqliyyatın idarə edilməsinin nazirliyin tabeliyindən çıxarılması alqışlanası haldır. Əlbəttə, əvvəlki kimi idarəçilik olacaqsa, ictimai nəzarət olmayacaqsa, dəyişiklik olmayacaq. Amma inanırıq ki, yeni qurum bu vaxta qədər olan problemləri həll edəcək. İdarəçilik və təşkilatlanmada peşəkarlar cəlb ediləcək. İctimai qurum olaraq biz də onlara təkliflər təqdim etməyə hazırıq".
Məzahir Rüstəmovun sözlərinə görə, Nəqliyyat Nazirliyi bu vaxta qədər onlardan olan gözləntilərin heç birini doğrultmadı, çünki idarə mexanizmi düzgün qurulmamışdı. Bütün problemləri özləri yaratdılar. Ona görə də, BŞİH-nin işi olduqca ağırdır. Ekspertin sözlərinə görə, bu məsələdə Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzinin fəaliyyətinin necə təşkili də sual altındadır. Bu barədə də araşdırma aparılmalıdır.
"Azad İqtisadiyyata Yardım" İctimai Birliyinin sədri Zöhrab İsmayıl deyib ki, hökumətin yeni qərarı sərnişindaşıma sektorunda idarəetmənin Nəqliyyat Nazirliyindən alınması anlamına gəlir. Onun sözlərinə görə, əslində inkişaf etmiş ölkələrin hər birində şəhər nəqliyyatı bələdiyyələr tərəfindən idarə olunur: "Məsələn, Türkiyənin iri şəhərlərini götürsək, bu şəhərlərdə nəqliyyatın idarə edilməsi bələdiyyələr tərəfindən həyata keçirilir. Yəni şəhər bələdiyyələri nəqliyyatla bağlı mövcud infrastruktura cavabdehdirlər. Burada söhbət təkcə avtobuslardan getmir və ümumi infrastruktur nəzərdə tutulur. Tutaq ki, Praqada sərnişindaşıma ilə bağlı vahid sistem mövcuddur. Həmin sistemə həm avtobus, həm tramvay, həm də metro nəqliyyatının idarəetməsi daxildir. Bu sistem elə qurulub ki, sərnişindaşıma sektorunda vahid kartla yanaşı, vahid qiymət siyasəti də həyata keçirilir. Görünür bizdə Bakı Şəhər Bələdiyyəsi olmadığından bu iş Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb".
Ekspert onu da vurğulayıb ki, hökumətin yeni qərarının effektli olub-olmayacağı barədə indidən fikir söyləmək çətindir. Zöhrab İsmayılın sözlərinə görə, bu məsələ yeni yaradılan MMC-nin hansı formada işləyəcəyindən asılı olacaq: "Açığı, indidən nəyisə proqnozlaşdırmaq çətin məsələdir. Düzdür, bu qərar sərnişindaşıma sektoru üçün bir sıra yeniliklər vəd edir. Ən azı paytaxtda sərnişindaşımanı təşkil edən qurum dəyişəcək. Bundan başqa, paytaxtda yeni avtobusların gətirilməsi nəzərdə tutulur. Amma bu qərarın nə dərəcədə effektli olub-olmayacağı söyləmək çətindir. Təbii ki, hər şey yeni MMC-nin öz işini necə quracağından asılı olacaq".
"Müstəqil Nəqliyyatçılar" İctimai Birliyinin rəhbəri Natiq Ələkbərli isə bildirib ki, şəhər təsərrüfatında vahid infrastrukturunun formalaşması vacib məsələdir. Amma ekspert vurğulayıb ki, indiyədək sərnişindaşıma sahəsində müxtəlif yeniliklərin edilməsinə baxmayaraq bu yeniliklərin heç biri uğur qazanmayıb: "Mən tərəfdarıyam ki, bu sahədə vahid sistem yaransın və hansısa problem ortaya çıxanda da vahid mərkəzdən həllini tapsın. Lakin bir məsələni vurğulamalıyam ki, sərnişin nəqliyyatında həyata keçirilən islahatların heç bir uğurlu olmayıb. Yəni bu sistemdəki problemlərə kökündən yanaşmaq lazımdır. Təbii ki, hansısa yeni qurum yaratmaqla vəziyyəti dəyişmək olmaz".
Ekspert vurğulayıb ki, Bakıda sərnişindaşıma sahəsində mövcud problemləri aradan qaldırmaq üçün ilk növbədə idarəçiliyi düzgün qurmaq lazımdır. Natiq Ələkbərlinin sözlərinə görə, Bakı paytaxt şəhər olduğundan sürətlə inkişaf edir və bu inkişaf nəqliyyat sektorunun fəaliyyətində müəyyən dəyişikliklərə ehtiyac yaradır: "Bakı kimi böyük və sürətlə dəyişən şəhərlərin hər birində şəhər təsərrüfatı vahid mərkəzdən idarə olunur. Tutaq ki, əgər sərnişindaşıma, kommunal xidmələr sahəsində problem varsa, bunun üçün ayrı-ayrı qurumlara müraciət etməyə ehtiyac qalmır. Sistem vahid mərkəzdən idarə olunduğundan problemlərə bağlı siqnallar da eyni mərkəzə ötürülür. Belə olan halda yaranmış problem daha operativ aradan qaldırılır və ayrı-ayrı qurumlar arasında "ötür-ötür" oyununa da son qoyulur. Amma bizdə bu sistemin uğurlu olub-olmayacağını demək çətin məsələdir. Əgər meriya öz məsuliyyətini dərk edərsə və işinə məsuliyyətli yanaşarsa, o zaman sərnişindaşıma sektorunda müsbət dəyişikliklər olacaq".

Əli