Gəncədə media konfransı Hadisə

Gəncədə media konfransı

Vüqar Əliyev: "Artıq ölkədə yeni media formalaşıb və mətbuat dövlətçilik maraqlarından çıxış edir"

Dünən Gəncədə mediaya həsr olunmuş geniş konfrans keçirilib. Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə baş tutan konfransda Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, ölkənin aparıcı media orqanlarının baş redaktorları, jurnalistlər və Gəncə ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Konfransı açıq elan edən Gəncə şəhərinin icra hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamladıqdan sonra belə bir möhtəbər tədbirin Gəncədə keçirilməsinin böyük əhəmiyyət daşıdığını söyləyib. Milli Mətbuatın yaranmasının 141-ci illiyi ərəfəsində Gəncədə baş tutan konfransın bir neçə gündən sonra Bakıda daha geniş şəkildə qeyd ediləcəyini söyləyən icra başçısı bu münasibətlə media nümayəndələrini təbrik edib. Ölkəmizin sosial-iqtisadi inkişafının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün ölkə başçısı tərəfindən davam etdirildiyini söyləyən E. Vəliyev, bu inkişafın Gəncədə də hiss olunduğunu dilə gətirib. Daha sonra aprel döyüşlərində hadisələrin inkişafının media tərəfindən geniş işıqlandırıldığını söyləyən başçı bu dövrdə medianın öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyini vurğulayıb. Ölkədə azad mediaya dövlət qayğısından danışan E. Vəliyev bu gün də ölkə başçısı tərəfindən bu dəstəyin davam etdirildiyini vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev ölkədə dövlət qurumları və media münasibətlərindən söz açıb. Bildirib ki, son illər dövlət qurumları, mərkəzi və yerli icra hakimiyyətləri ilə media arasında əməkdaşlıq formalaşıb: " Bu tədbirin bu gün Gəncədə təşkil olunmasının məqsədi də bu əməkdaşlığı inkişaf etdirməkdir". Ölkədə mediaya dövlət qayğısından söz açan V.Əliyev bildirirb ki, mediada son illər dövlət maraqlarına zidd olan informasiyalara rast gəlinmir. Artıq ölkədə yeni medianın formalaşdığını deyən şöbə müdirinin müavini bunun müsbət hal olduğunu, mətbuatın dövlətçilik maraqlarından çıxış etdiyini söyləyib. Amma bununla belə, problemlərin də olduğunu söyləyən V.Əliyev bəzən medianın hadisələri olduğu kimi işıqlandırmadığını da dilə gətirib. O, deyib ki, bəzi media orqanları informasiyanı ictimaiyyətə düzgün çatdırmadığı kimi, dövlət orqanları da onlara ünvanlanan sorğuları lazımlı səviyyədə cavablandıra bilmir. KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxışında Gəncə Şəhər İcra Hakimiyyəti ilə Fondun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsindən söz açdı:" Biz artıq ikinci dəfədir ki, Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə bu cür müsabiqə təşkil edirik. Bu, icra başçısı E.Vəliyevin media ilə yüksək səviyyədə əməkdaşlığından xəbər verir. Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 30 KİV-dən 44 yazı daxil olub. Müsabiqədə 10 həvəsləndirici yer nəzərdə tutulsa da, yazılar hamısı eyni bal topladığından həvəsləndirici yerlərin sayı 16-ya artırıldı. Beləliklə, "Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda elan olunmuş müsabiqəyə təqdim olunan yazılardan 6-sı əsas, 16-sı həvəsləndirici yerə laiq görülüb. Biz bu gün əsas qaliblərə mükafatları bu konfransda təqdim edəcəyik. Amma daha bir mükafatı media ilə yüksək əməkdaşlığına görə Elmar Vəliyevə təqdim edirik".
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov konfransdakı çıxışında Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan danışıb. O deyib ki, hər bir xalqın inkişafında mətbuatın mühüm rolu var:"Azərbaycan xalqının inkişafında da "Əkinçi" qəzeti mühüm rol oynayıb. Bir neçə gündən sonra ölkəmizdə bu qəzetin yarandığı gün – Milli Mətbuat Günü qeyd ediləcək"
Konfrans müsabiqə qaliblərinin mükafatlandırılması ilə başa çatıb.