Dini Komitə Şamaxıda toplandı Hadisə

Dini Komitə Şamaxıda toplandı

Şamaxı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ``Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətinin təşkili`` mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhməd Mustafayev, dini icma sədrləri, rayon ağsaqqalları, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Şamaxıda mövcud dini durum və bu sahədə görülmüş işlər barədə danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək Azərbaycanda dövlət və din münasibətləri və bu istiqamətdə görülən işlər barədə geniş məlumat verib. Səyyad Salahlı respublikamızda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və həyata keçirilməsi,həmçinin, dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlətin həyata keçirdiyi tədbirləri müşavirə iştirakçılarının nəzərinə çatdırıb.
Natiq çıxışında eyni zamanda xalqımızın zəngin tolerantlıq ənənəsi, zərərli dini cərəyanların təbliğat metodları və onlara qarşı həyata keçirilən tədbirlərdən danışaraq dini radikalizmlə mübarizədə gənclərin rolunun xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.