Qafqazda ilk dəfə elm festivalı keçiriləcək Hadisə

Qafqazda ilk dəfə elm festivalı keçiriləcək

AMEA-nın yeni institutları yaradılacaq

Tərlan

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında akademiyanın 2013-cü ildəki elmi fəaliyyətinə həsr olunmuş ümumi yığıncağı keçirilib. Yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvləri, institut direktorları, millət vəkilləri və KİV nümayəndələri iştirak ediblər. Qonaqlar AMEA-nın elmi müəssisə və təşkilatlarının 2013-cü ildəki fəaliyyətini əks etdirən kitab, jurnal və digər nəşrlərin sərgisi ilə tanış olublar.
Ümumi yığıncağı giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün hər bir imkana malik olduğunu bildirib. AMEA rəhbəri zamanın tələblərinə uyğun olaraq elmi qurumun fəaliyyətinin informasiyalaşdırılması istiqamətində mühüm tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Alim regionda ən qabaqcıl kitabxanalardan olacaq İnformasiya Resursları Mərkəzinin istifadəyə tam hazır olduğunu və müasir elmi istiqamətlər üzrə yeni institutların yaradılacağını qeyd edib. O, ölkənin inkişaf strategiyasına uyğun olaraq regionlarda elmi-texniki potensialı artırmaq məqsədi ilə bir sıra islahatların həyata keçirildiyini, o cümlədən ölkə Prezidentinin sərəncamına əsasən Gəncə Bölməsinin yaradıldığını xatırladıb. AMEA elmi müəssisələrinin Direktorlar Şurası, İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurası, o cümlədən Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb.
A.Əlizadə müxtəlif sahələrdə xüsusi fərqlənən gənclərin "Gənclər üçün Prezident Mükafatı"na təqdim olunması, gənc alimlərin Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alması istiqamətində görülən tədbirlərin akademiyanın gənclər və kadrlar siyasətinin tərkib hissəsi olduğunu qeyd edib. Hazırda AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının hazırlandığını bildirən natiq elmi tədqiqatların prioritet istiqamətlərinin yenidən müəyyənləşdirildiyini, aparılan işlərin artıq yekun mərhələdə olduğunu söyləyib. III Bakı Beynəlxalq Humanitar Forumu kimi dünya əhəmiyyətli tədbirlər Azərbaycanın beynəlxalq elmi əməkdaşlıq mərkəzinə çevrilməsi yolunda mühüm nailiyyətlərdəndir. Akademik həmçinin yeni texnologiyaların və innovasiyaların nümayişi, elmin təbliği, populyarlaşdırılması, gənc nəslin elmə marağının artırılması məqsədi ilə ölkədə və Cənubi Qafqazda ilk dəfə Elm festivalının keçirilməsinin də planlaşdırıldığını bildirib.
Sonra akademiyanın 2013-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edən AMEA-nın akademik-katibi Rasim Əliquliyev bildirib ki, hesabat ilində akademiyada mühüm islahatların yeni mərhələsinə start verilmiş, AMEA-nın strukturu, idarəetmə və təşkilati sistemi təkmilləşdirilmiş, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün bir sıra mühüm tədbirlər həyata keçirilmişdir: "Elmi müəssisələrdə 162 problem çərçivəsində 504 mövzu üzrə 1402 elmi-tədqiqat işi aparılıb, 110 mühüm elmi nəticə alınıb, onlardan 55 iş tətbiq olunub. 604-dən artıq kitab, 7208-dən çox məqalə və tezis, o cümlədən xaricdə 2427-dən artıq məqalə və tezis çap etdirilib. İmpakt faktorlu jurnallarda dərc olunmuş məqalələrin sayı əvvəlki illərlə müqayisədə xeyli artaraq 526-nı ötmüş və onlara 3800-dən çox istinad olmuşdur. AMEA-da 24 elmlər doktoru və 124 fəlsəfə doktorluğu üzrə dissertasiyalar müdafiə edilib, elmi müəssisələr tərəfindən 68 respublika və 45 beynəlxalq səviyyəli tədbir keçirilib".
R.Əliquliyev bildirib ki, AMEA-da həyata keçirilən islahatlar çərçivəsində müasir dövrün tələblərindən irəli gələrək yeni institutlar yaradılıb, həmçinin bir sıra institut və təşkilatların adları dəyişdirilib. AMEA-nın müxbir üzvü akademiyanın ölkə Prezidentinin müvafiq sərəncamı ilə 70 illik yubiley və Azərbaycan alimlərinin I Qurultayı kimi iki mötəbər tədbir ərəfəsində olduğunu, bununla bağlı bir sıra elmi-təşkilati hazırlıq işlərinin aparıldığını söyləyib. AMEA-nın icraçısı olduğu 19 dövlət proqramından 3-ü artıq başa çatıb, 13-ü davam etdirilir.
Natiq AMEA-da həyata keçirilən hüquqi islahatlardan, gənclər siyasətindən də danışıb, elm və təhsilin inteqrasiyasının elmi kadrların akademiyaya cəlb olunmasında başlıca şərtlərdən olduğunu qeyd etib.
İnformasiya cəmiyyətinin inkişafı dövründə elektron elmin formalaşması vəziyyətindən danışan R.Əliquliyev bildirib ki, 2013-cü il İKT ili ilə bağlı tədbirlər planında AMEA-nın da üzərinə müəyyən vəzifələr qoyulub. Bununla bağlı hazırlanan fəaliyyət planı çərçivəsində kompleks tədbirlər həyata keçirilib: "Belə ki, AzScienceNet-in ölkə üzrə infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülmüş, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə AzScienceNet-də 36 km-ə yaxın fiber-optik kabel çəkilmiş, institut və təşkilatların 88%-i fiber-optik xətlər vasitəsilə İnternetə qoşulmuş, əməkdaşların İnternet trafikə olan tələbatı təxminən 3 dəfə, yəni 75 Mb/san-dən 250 Mb/san-yə qədər artmışdır" .
R.Əliquliyev akademiyanın maddi-texniki bazasının gücləndirilməsi, alimlərin əməyinin qiymətləndirilməsi və stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərdən də söz açıb. O, hazırda müzakirə mərhələsində olan "Elm siyasəti haqqında" qanunun qəbul edilməsinin bu sahədə dövlət siyasətinin normativ-hüquqi əsaslarının gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra yığıncaqda AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və Akif Hacıyev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, akademik Əli Abbasov, akademik İsmayıl Hacıyev, akademik Abel Məhərrəmov, akademik İsmayıl İbrahimov, AMEA Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev çıxış edərək mövcud problemlərdən söz açıblar, müxtəlif təkliflər səsləndirilib. Ümumi yığıncağın qərarı ilə AMEA-nın hesabatı qənaətbəxş hesab edilib.
Tədbirdə müxtəlif elm sahəsindəki xidmətlərinə görə fərqlənən alimlərə mükafatlar da təqdim olunub. Akademik Çingiz Qacar Nəsirəddin Tusi adına, akademik Cəlal Əliyev və AMEA-nın müxbir üzvü İradə Hüseynova Həsən bəy Zərdabi adına, akademik Ömər Eldarov akademik Üzeyir Hacıbəyli adına mükafatla, akademik Böyükkişi Ağayev akademik Mirəsədulla Mirqasımov adına, akademik Məhərrəm Məmmədyarov akademik Yusif Məmmədəliyev adına, geologiya-mineralogiya elmləri doktoru Fərid Dadaşov isə akademik Musa Əliyev adına mükafatlarla təltif olunublar.