Mətbuat Şurasında Türkiyə səfirinin KİV təmsilçiləri ilə görüşü keçirilib Hadisə

Mətbuat Şurasında Türkiyə səfirinin KİV təmsilçiləri ilə görüşü keçirilib

Dünən Mətbuat Şurasında ölkəmizdəki diplomatik missiyası başa çatmaqda olan Türkiyənin Azərbaycandakı Səfiri İsmail Alper Çoşkunun kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə vida görüşü keçirilib.
Toplantını giriş sözü ilə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq bildirib ki, Azərbaycan və Türkiyənin bütün sahələrdəki əlaqələri qibtə olunacaq səviyyədədir. İkitərəfli münasibətlərdəki intensivlik baxımdan dünyanın heç bir ölkələri arasında oxşar vəziyyət müşahidə edilmir. Bu, tarixi bağlılıqdan, dostluqdan, qardaşlıqdan qaynaqlanan xüsusiyyətdir. Belə bir nəticənin əldə edilməsində medianın rolu çox böyükdür. Hazırda Türkiyə və Azərbaycan mediası arasındakı əlaqələr də dövlətlərarası əməkdaşlığa adekvat şəkildə inkişaf etməkdə və dərinləşməkdədir. Bu prosesdə ömrünün dörd ilini Azərbaycandakı mühüm diplomatik missiyasının icrasına sərf etmiş Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Çoşkunun rolu son dərəcə böyükdür.
Əflatun Amaşov son dörd ildə rəhbərlik etdiyi qurumun Türkiyə Səfirliyi ilə əməkdaşlığının daha səmərəli nəticələr verdiyini, istər Azərbaycandan Türkiyəyə, istərsə də Türkiyədən Azərbaycana jurnalist səfərlərinin sayının çoxaldığını bildirib. Mövcud cəhət təcrübə mübadiləsinin genişlənməsi ilə yanaşı Türkiyə və Azərbaycan cəmiyyətinin bir-birini daha yaxından tanımasına şərait yaradıb. "Bütün bunlar çox önəmlidir. Hesab edirəm ki, cənab səfirin belə dəst-xəttin seçilməsində müstəsna əməyi var. Mətbuat Şurası bunu nəzərə alaraq İsmail Alper Çoşkunu özünün xüsusi diplomu il təltif etmək qərarına gəlib", - deyən Əflatun Amaşov xüsusi diplomu səfirə təqdim edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli müxtəlif illərdə Türkiyə və Azərbaycan arasında nifaq toxumu səpməyə çalışan qüvvələrin olduğunu, onların öz məqsədlərinə çatmaq üçün mediadan yararlandıqlarını vurğulayıb. Lakin hazırda iki ölkə mediası və bütövlükdə cəmiyyəti arasında münasibətlər o qədər güclüdür ki, belə hallar təsir effektini göstərə bilmir. Mövcud nəticənin əldə edilməsində diplomatik missiyanın da böyük xidməti var. Vüqar Səfərli bu baxımdan səfir İsmail Alper Çoşkunun ötən dörd ildəki fəaliyyətinin müstəsna əhəmiyyət daşıdığına diqqət çəkib.
MŞ İdarə Heyətinin üzvü, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı Türkiyənin Azərbaycandakı səfiri olmuş Hulusi Kılıç zamanından başlayaraq Türkiyə səfirlərinin media ilə təmaslarında yeni mənzərənin müşahidə edildiyini vurğulayaraq həmin xəttin İsmail Alper Çoşkunun fəaliyyəti dönəmində daha da zənginləşdiyini bildirib. V.Mahirqızı eyni zamanda bildirib ki, Azərbaycan və Türkiyə cəmiyyəti bir-birinə nə qədər bağlı olsalar da, inteqrasiyanın dərinləşməsinə yenə də ehtiyac duyulmaqdadır. Bu prosesdə isə medianın üzərinə böyük missiya düşür.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan və Türkiyə mediası arasındakı əməkdaşlığın dərinləşməsi üçün böyük işlərin görüldüyünü vurğulayıb. O, eyni zamanda bildirib ki, bu il iyulun 15-də Türkiyədə həyata keçirilmiş dövlət çevrilişi cəhdindən sonra Türkiyə mediası da yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ üçün milli maraqların müdafiəsi aktualdır. Azərbaycan mediasının bu baxımdan Türkiyə mediası ilə həmrəy olduğunu vurğulayan Hikmət Babaoğlu səfir İsmail Alper Çoşkuna qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.
MŞ İdarə Heyətinin üzvü, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, səfir İsmail Alper Çoşkun Azərbaycanın aparıcı media orqanlarının redaksiyalarında olub. Səfiri mediaya açıq diplomat kimi xarakterizə edən baş redaktor əlavə edib ki, belə bir şəxsin ölkəmizdən ayrılması təəssüfləndirici, eyni zamanda sevindiricidir. Çünki İsmail Alper Çoşkun bundan sonrakı vəzifəsində də Azərbaycanı bilən, duyun və sevən adam kimi fəaliyyət göstərəcək.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu iki qardaş ölkə arasında elçi olmağın həssas tərəflərinə toxunub. O bildirib ki, əməli fəaliyyəti İsmail Alper Çoşkunun bu həssas missiyanın öhdəsindən məharətlə gəldiyini söyləmək üçün əsaslar verir.
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də çıxışında Türkiyənin Azərbaycandakı səfiri missiyasının çətinlik törədən tərəfləri üzərində dayanıb. Fikrini əsaslandıran baş redaktor bildirib ki, istər Azərbaycanın, istərsə də Türkiyənin qardaşlıq umacaqları, gözləntiləri var və burada da medianın rolu önəmlidir.
Elçin Mirzəbəyli bildirib ki, Türkiyənin Azərbaycandakı səfiri olmaq asan göründüyü qədər də çətindir: "Mental dəyərlər oxşardır, baryerlər yoxdur. Amma həssaslıq maksimum olmalıdır. Türkiyə ən yaxşı diplomatlarını Azərbaycana göndərir. Onlar da gedəndən sonra öz vəzifələrini layiqincə yerinə yetirirlər. Keçmiş səfir Hulusi bəyi də bütün redaktorlar xatırlayır. Media ilə əlaqələrin qurulmasında onun önəmli rolu olub. Siz də öz fəaliyyətinizlə Azərbaycan mətbuatının Türkiyə mediası ilə iç-içə olmasında rol oynamısız".
Çıxış edənlərdən Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvləri - "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Olaylar" qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu və başqaları Türkiyə və Azərbaycan mediasının hər iki ölkənin ortaq maraqlarının qorunması və təbliği istiqamətindəki fəaliyyətinin səmərəli tərəflərindən söz açıblar. Onlar bu fəaliyyətə daim dəstək göstərilməsinin zəruriliyini əsaslandırarkən bildiriblər ki, səfir İsmail Alper Çoşkun ötən dörd il ərzindəki təşəbbüsləri və reallışdırdığı işlərlə belə bir vacib məsələyə həssaslıqla yanaşdığını isbatlayıb.
Türkiyənin Azərbaycandakı Səfiri cənab İsmail Alper Çoşkun çıxışına tədbir iştirakçılarına təşəkkürlərini bildirməklə başlayıb. O, Azərbaycanda fəaliyyət göstərməyin özü üçün böyük zovq olduğunu deyib. Ancaq Azərbaycanın dost və qardaşlıq baxımdan həssas bölgə kimi dəyərləndirərək buna adekvat işlər görməyin eyni zamanda müəyyən məziyyətlərdən keçdiyini də dilə gətirib.

Azərbaycan və Türkiyə arasındakı münasibətlərin qürur duyulacaq bir nöqtəyə çatdığını vurğulayan səfir Alper Çoşkun bildirib ki, bu nailiyyətin qədri-qiyməti bilinməlidir. "Xalqlarımız arasında qarşılıqlı məhəbbət var. Bu, malik ola biləcəyimiz ən böyük sərmayedir. Bunun qiymətini bilmək lazımdır. Eyni zamanda münasibətləri dərinləşdirmək, buna qarşı çıxan qüvvələrə qarşı mübarizə aparmaq lazımdır", - deyən səfir bildirib ki, bu gün həyata keçirilmə yolları bəzən fərqli olsa da, Azərbaycan və Türkiyənin dövlət siyasətinin hədəfində eyni məqsədlər dayanır. Səfir vurğulayıb ki, Türkiyə heç bir halda Azərbaycanın mənafeyi baxımdan zərərli olan addımı atmaz. Çünki tarixin hər iki xalqa nəsib etdiyi miras var. Qardaşlıq, dostluq mirası. Bu miras qorunmalı və gələcək nəslə də çatdırılmalıdır.
Səfir İsmail Alper Çoşkun eyni zamanda istər siyasi, istərsə də iqtisadi baxımdan Azərbaycan və Türkiyəni bir-birinə yaxın edən cəhətlərə də toxunub və bildirib ki, qarşıdakı fəaliyyət hər iki ölkə xalqlarının daha səmərəli şəkildə bir-biri ilə təmasının təmin edilməsi tədbirlərini gerçəkləşdirməyə yönəlməlidir.