Mətbuat Şurası 5 saytın adını “qara siyahı“ya salıb Hadisə

Mətbuat Şurası 5 saytın adını “qara siyahı“ya salıb

Dünən Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının iclası keçirilib.
Şuradan verilən məlumata görə, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə öncə sədri olduğu komissiyanın müzakirəsinə tövsiyə edilən məsələlər barədə məlumat verib. O bildirib ki, bunların sayı 23-dür. V. Rəhimzadə həmin məsələlərin altısının MŞ-nin Şikayətlər üzrə Komissiyası, digərlərinin Şura Katibliyi tərəfindən təqdim edildiyini deyib. Gündəlik təsdiq olunduqdan sonra müzakirələrə başlanılıb.
"365 info.az" saytı barədə Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının rəyinə bu kütləvi informasiya vasitəsinin baş redaktoru Anar Qasımovun iştirakı ilə baxılıb. Belə qənaətə gəlinib ki, sayt yaxınlarda fəaliyyətə başlamasına baxmayaraq nəinki Dövlət Dəniz Administrasiyasının şikayətini doğuran yazıda, eləcə də yayımladığı əksər materiallarda "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunundan, "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"ndan irəli gələn tələbləri mütəmadi pozur, müxtəlif yaşlı, vəzifəli şəxslərin şərəf və ləyaqətinin təhqirinə, işgüzar nüfuzunun ləkələnməsinə yönələn yazıların materialların təqdiminə üstünlük verir. Komissiya saytın fəaliyyətində etik prinsiplərlə bir araya sığmayan digər məqamların da mövcudluğunu nəzərə alaraq "365 info.az"ın adının Mətbuat Şurasının "qara siyahı"sına salınması üçün tam əsasların olduğunu müəyyənləşdirib.
Bu KİV və həmçinin "Qanun və şah" qəzeti, "yuk.az", "haqqınsesi.com", "dunyaxeber.com" saytları barədə də eyni ölçü götürülüb. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin yaxın günlərdə keçiriləcək iclasında komissiyanın təqdimatı əsasında müvafiq qərarların çıxarılması məsələsinə baxılacaqdır.
Komissiya "anaxeber.az" saytına isə MŞ-nin xəbərdarlığının olunmasını məntiqi hesab edib.
İclasda Şura Katibliyindən təqdim olunan şikayət məktubları da araşdırılıb. Qruplaşdırma aparılarkən müraciətlərdə əsasən adları Mətbuat Şurasının "qara siyahı"sında olan KİV-lər haqqında narazılıqların üstünlük təşkil etdiyi müəyyənləşdirilib. Bu sırada daha çox "İrəvan press", "Media Azərbaycan", "Ədalət tribunası", "Xalq tribunası" qəzetlərinin, "Mozalan" jurnalının elektron versiyalarının adlarının çəkildiyini nəzərə alan komissiya MŞ-nin prosedur qaydalarına əsasən şikayətçilərə eyni zamanda inzibati orqanlara müraciət olunmasını tövsiyə edib.