
“ABŞ və İran arasında mümkün sülh razılaşmasının əldə olunması beynəlxalq münasibətlər sistemində yeni geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Onilliklər ərzində qarşıdurma, qarşılıqlı sanksiyalar, nüvə proqramı ətrafında yaranmış gərginlik və regional rəqabət iki ölkə arasındakı münasibətləri Orta Şərqin təhlükəsizlik gündəliyinin əsas elementlərindən birinə çevirib. Ona görə də, tərəflər arasında əldə olunacaq hər hansı razılaşma yalnız ikitərəfli münasibətlərin normallaşması deyil, həm də regionun siyasi və iqtisadi gələcəyinə təsir göstərə biləcək strateji hadisə kimi dəyərləndirilməlidir. İlk növbədə onu qeyd etmək lazımdır ki, ABŞ və İran arasında münasibətlərin yumşalması Orta Şərqdə hərbi eskalasiya risklərini əhəmiyyətli dərəcədə azalda bilər”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
A.Qurbanova qeyd edib ki, son illərdə region müxtəlif münaqişələr, proksi qarşıdurmalar və enerji təhlükəsizliyi ilə bağlı böhranlarla üzləşib: “Tərəflər arasında dialoqun bərpası regional sabitliyə xidmət etməklə yanaşı, beynəlxalq enerji bazarlarında da nisbi sabitliyin formalaşmasına müsbət təsir göstərə bilər. Digər tərəfdən isə sülh razılaşmasının davamlı xarakter alacağı barədə qəti nəticə çıxarmaq hələ tezdir. ABŞ və İran arasında etimad böhranı uzun illər ərzində formalaşıb və bu amil istənilən razılaşmanın ən həssas tərəfi olaraq qalır. Tarixi təcrübə göstərir ki, siyasi hakimiyyətlərin dəyişməsi, regional böhranların yaranması və ya tərəflərin təhlükəsizlik maraqlarına toxunan hadisələr əldə edilmiş razılaşmaların taleyini sual altına qoya bilir. Məhz buna görə də gələcək dövrdə əsas məsələ sənədin imzalanması deyil, onun institusional mexanizmlərlə təmin olunaraq praktik şəkildə icra edilməsidir”.
Onun sözlərinə görə, geosiyasi baxımdan yanaşdıqda bu proses region ölkələrinin davranışlarına da təsirsiz ötüşməyəcək: “İranın beynəlxalq təcriddən qismən çıxması onun iqtisadi və siyasi imkanlarını genişləndirə bilər. Bu isə bəzi regional güclərin strateji hesablamalarına yenidən baxmasına səbəb olacaq. Həmçinin ABŞ-nin Orta Şərqdə hərbi-siyasi yükünü azaltmaq və diqqətini digər prioritet istiqamətlərə yönəltmək istəyi də bu prosesin əsas motivlərindən biri kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, ABŞ və İran arasında mümkün sülh razılaşması Orta Şərqdə yeni siyasi reallıqlar formalaşdırmaq potensialına malikdir. Digər tərəfdən isə dərin etimadsızlıq mühiti, regional rəqabət və qlobal güclərin maraqlarının toqquşması bu prosesin mürəkkəb və uzunmüddətli xarakter daşıyacağını ehtimal etməyə şərait yaradır”.
Röya İsrafilova