“Bir müddət sonra smartfonlara ehtiyac qalmayacaq” Hadisə

“Bir müddət sonra smartfonlara ehtiyac qalmayacaq”

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları" mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada "Nüvə texnologiyası və istilik-nüvə enerjisi təhlükəsizliyi məsələləri", "Bərpa olunan enerji sahələri və mənbələrin genişləndirilməsi məsələləri", "Radiasiya, nano və biotexnologiyaların konvergensiyası" kimi mövzular müzakirə edilib.
Dəyirmi masanın moderatoru, Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib ki, XXI əsrin çağırışlarına cavab vermək, məsələlərin həlli üçün birgə müzakirə aparılması vacibdir: "XXI əsrdə yaşamağımıza baxmayaraq, dünyada bir çox insanın hələ də multikulturalizm modelindən uzaq yaşadığının, siyasi, elmi, ekonomik problemlər səbəbindən bir-birindən ayrıldığının şahid oluruq. Bakı Beynəlxalq Humanitar Forumunda bu problemlərin həlli istiqamətində görüləcək işlər müzakirə olunur".

Akif Əlizadə deyib ki, texnologiyaların konvergensiyası dəqiq sahələrlə yanaşı, humanitar, ictimai, sosial sahələri də əhatə edir: "Bu gün yeni texnologiyaların inkişaf etməsi yeni növ tədqiqatların aparılmasını tələb edir. Dünyada informasiya-kommunikasiya texnologiyaları inkişaf edərək insanların gündəlik həyat tərzinə, dünyagörüşünə təsir göstərir".
Kimya üzrə Nobel mükafatı laureatı Rudolf Markus bu forumun birgə əməkdaşlığa, müxtəlif məsələlər ətrafında fikir mübadiləsinin aparılmasına, qarşılıqlı münasibətlərin inkişafına mühüm töhfə verəcəyini söyləyib.
Fizika üzrə Nobel mükafatı laureatı Corc Smit isə "Bizim çağırışları əks etdirən elmi-texniki inkişaf perspektivləri" barədə məruzə ilə çıxış edib. Onun sözlərinə görə, yaxın 10 il ərzində bütün dünyada texnologiyalar inkişaf edəcək ki, bu da bir çox sahələrin inkişafına təkan verəcək. Bundan əlavə, 10 ildən sonra dünya ölkələrində pilotsuz maşınlar geniş vüsət alacaq və dünya ölkələrinə yayılacaq: "İnanırıq ki, bu, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da parkinq problemini həll edəcək. Bir müddət sonra smartfonlara, kompüterlərə ehtiyac qalmayacaq. Bunları əvəz edəcək xüsusi eynəklər, yeni cihazlar hazırlanacaq".