Bakıda Rəşid Behbudovun heykəlinin açılışı olub Hadisə

Bakıda Rəşid Behbudovun heykəlinin açılışı olub

Prezident İlham Əliyev: "Azərbaycan xalqı fəxr edə bilər ki, dünyaya Rəşid Behbudov kimi böyük insanı bəxş edib""

Oktyabrın 4-də Bakıda Rəşid Behbudov küçəsində dünya şöhrətli müğənni Rəşid Behbudovun heykəlinin açılış mərasimi olub.
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət başçısına məlumat verilib ki, dünya şöhrətli müğənninin adını daşıyan Dövlət Mahnı Teatrının qarşısında ucaldılan heykəlin müəllifi xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir. Heykəlin hündürlüyü 3, pyedestalla birlikdə isə 4,5 metrdir.
Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və məşhur müğənninin ailə üzvləri ilə birlikdə heykəlin üzərindəki örtüyü götürüb.
Dövlət başçısı heykəlin önünə gül qoyub.
Prezident İlham Əliyev mərasimdə çıxış edib.
Dövlət başçısı Azərbaycana olan sevgisindən söhbət açıb: "Əfsuslar olsun ki, Rəşid müəllim müstəqil Azərbaycanda yaşamayıb. O, 1989-cu ildə həyatdan getdi, müstəqil Azərbaycanı görmədi. Ancaq çox görmək istərdi. Çünki öz xalqına, millətinə bağlı, milli ruhu yüksək olan insanların hamısı istərdilər ki, müstəqil dövlətdə yaşasınlar, öz müstəqil dövlətini təbliğ etsinlər".
Dövlət başçısı Azərbaycanda Rəşid Behbudovun adının əbədiləşdirildiyini qeyd edib: "Onun adını daşıyan Dövlət Mahnı Teatrı fəaliyyət göstərir. Musiqi məktəbi onun adını daşıyır. Bax, bu küçə Rəşid Behbudovun adını daşıyır. Xəzər Dəniz Gəmiçiliyinin ən müasir gəmilərindən birinə onun adı verilib. Keçən il Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı tərtib edilib, mənim tərəfimdən müvafiq sərəncam imzalanıb və bu gün Rəşid Behbudovun abidəsi açılır. Bu gözəl hadisə münasibətilə Rəşid müəllimin ailə üzvlərini, yaxınlarını, dostlarını, bütün Azərbaycan xalqını bir daha təbrik etmək istəyirəm. Rəşid müəllim həmişə bizim ürəyimizdə yaşayacaq".
Prezident bildirib ki, Rəşid Behbudov ölkəmiz, xalqımız üçün çox işlər görüb. Onun sözlərinə görə, Rəşid Behbudov kimi istedadlı insanlar Azərbaycanı dünyada təmsil edirdilər və göstərirdilər ki, bizim xalqımız nə qədər istedadlı xalqdır. "Biz həmişə onu yadda saxlayırıq. Həmişə televizorda onun mahnıları səslənəndə bir daha görürük ki, bu insan nə qədər istedadlı və gözəl insan idi. Rəşid müəllim çox xeyirxah, səmimi insan idi. Mən onu uşaqlıqdan tanıyırdım. Çünki mənim atam Heydər Əliyev ilə onu çox səmimi dostluq əlaqələri bağlayırdı. O, bizim evimizdə dəfələrlə olub. Mən o görüşlərin bəzilərində olmuşam, görmüşəm, özüm şəxsən müşahidə aparmışam. Görürdüm ki, o, çox sadə, səmimi, xeyirxah bir insan idi. Bir daha demək istəyirəm ki, Heydər Əliyevi Rəşid müəllimlə çox möhkəm dostluq əlaqələri bağlayırdı. Rəşid Behbudov öz həyatını musiqiyə həsr etmişdir. Onun təkrarolunmaz səsi bizim milli sərvətimizdir. Rəşid Behbudov doğma xalqına, millətinə çox bağlı insan idi. Fəxr edirik ki, bizim xalqımızın nümayəndəsi dünya şöhrətli musiqi xadimidir. Azərbaycan xalqı fəxr edə bilər ki, dünyaya Rəşid Behbudov kimi böyük insanı bəxş edib".
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə, Xalq artistləri Mübariz Tağıyev, Xuraman və Fidan Qasımova bacıları, müğənninin ailə üzvü Kamil Şahverdiyev çıxış etdilər.
Dövlət başçısı Rəşid Behbudovun ailə üzvləri, mərasimdə iştirak edən mədəniyyət və incəsənət xadimləri ilə görüşüb.
Daha sonra prezident, xanımı və mərasim iştirakçıları Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının estrada-simfonik orkestrinin müşayiəti ilə əməkdar artist Xəyyam Mustafazadə və müğənni Fəxri Kazım Nicatın ifasında Rəşid Behbudovun və Müslüm Maqomayevin repertuarlarından mahnılar dinləyiblər.