Təhsil işçiləri mükafatlandırılıb Hadisə

Təhsil işçiləri mükafatlandırılıb

Mikayıl Cabbarov: "Müəllim yeganə bilik mənbəyi deyil"

"2012-ci ilin buraxılış imtahanlarında şagirdlərin 50%-i müsbət qiymət alırdısa, 2016-cı ildə bu göstərici 67% təşkil edib".
Bunu təhsil naziri Mikayıl Cabbarov təhsil işçilərinə mükafatların təqdim olunması mərasimində bildirib. O qeyd edib ki, son 3 ildə Azərbaycanda keçirilən qəbul imtahanlarında 500-dən çox bal yığan məzunların sayı 19%, 600-dən çox bal yığanların sayı isə 30% artıb.
"Əgər hər bir sinifdə 3 şagirddən biri uğurla buraxılış imtahanından keçirdisə, bu il 3 şagirddən ikisi yaxşı nəticə əldə edib. Amma biz təhsil sisteminin fəaliyyəti və keyfiyyəti yalnız buraxılış imtahanlarında əldə edilən nəticələrlə ölçmək istəmirik. Hər bir təhsil müəssisəsinin gücü orada çalışan müəllimlərin gücü ilə ölçülür. Son illər təhsil sahəsində əldə edilən uğurlarda müəllimlərin danılmaz və aparıcı rolu var. Təhsil sisteminin gücü, bu sahəyə ayrılan diqqət, bu işə resursların yönəldilməsi və digər səbəblər bizim üçün imkan verir ki, gələcək fəaliyyətdə daha yüksək nəticələrə nail olaq".
M.Cabbarov qeyd edib ki, bu gün Azərbaycanda 60 minə yaxın müəllim yeni sistem əsasında fəaliyyət göstərir: "Müəllimlər artıq bu ildən yeni dərs yükü və əmək haqqı sistemi üzrə çalışırlar. 2017-ci ildə də bu proses davam etdiriləcək. Gələn il yeni əmək haqqı və dərs yükü ilə əhatə olunan müəllimlərin sayı 100 minə çatdırılacaq. Müəllim olmaq hər bir dövrdə çətin bir vəzifə olub, yaşadığımız dövr müəllim peşəsinin daşıyıcıları üçün daha önəmli və məsuliyyətlidir. Müəllim sinif otağında, ali məktəb auditoriyasında yeganə bilik mənbəyi deyil. Məlumatın çox qısa və asan şəkildə əldə edilməsi imkanlarının çoxluğu müəllimin, tədris sistemində işləyənlərin fəaliyyətinin diqqət mərkəzində olması imkanlarını xeyli dəyişdirib. Biz əminliklə deyə bilərik ki, təhsil sistemində çalışan müəllimlər bir tərəfdən bu günün tələblərini yaxşı anlayır, digər tərəfdən isə qarşıda duran məsələlərin həlli üçün lazımlı gücə malikdir".