İqlim dəyişikliyi ərzaq təminatına və təhlükəsizliyinə neqativ təsir göstərir - ŞƏRH Hadisə

İqlim dəyişikliyi ərzaq təminatına və təhlükəsizliyinə neqativ təsir göstərir - ŞƏRH

İqlim dəyişikliyinin Azərbaycan iqtisadiyyatında daha çox aqrar sektora təsirləri müşahidə olunur. Çünki suya olan tələbatı ödəməkdə müəyyən çətinliklər var. İqlim dəyişdiyi üçün yağıntıların azalması, yağıntıların mövsümi olaraq qeyri-bərabər paylanması kənd təsərrüfatında suya olan tələbin ödənilməsinə neqativ təsir göstərir.

Bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi qlobal iqtisadiyyat üçün kifayət qədər ciddi və dərinləşmiş çətinliklər yaradır.

"İqlim dəyişikliyi ərzaq təminatına və təhlükəsizliyinə neqativ təsir göstərir. Nəticə etibarilə bu fonda kənd təsərrüfatında məhsul istehsalının azalması, qlobal yoxsulluğun dərinləşməsi müşahidə edilir. Eyni zamanda, iqlim dəyişikliyi dövlətlər və qlobal iqtisadiyyat üçün əlavə xərc yaradır. Yəni nəticədə, iqlim dəyişikliyinə qarşı mübarizə, bu istiqamətdə istehsalın tənzimlənməsi praktiki olaraq qlobal xərc deməkdir.

Bu da bütövlükdə qlobal iqtisadiyyata neqativ təsir göstərir. Xüsusilə aqrar sektorda vətəndaşların, bütövlükdə dünya əhalisinin su və digər təminatını həyata keçirməkdə çətinliklər yaratmaqla yanaşı, qlobal iqtisadiyyatda əlavə xərclərin formalaşmasına səbəb olur. Azərbaycan iqlim dəyişikliyindən ciddi ziyan çəkən ölkələr sırasında deyil. Çünki Azərbaycanın təbiəti, iqlimi praktik olaraq kənd təsərrüfatı, eləcə də, digər sektorlar üçün iqtisadi baxımdan hansısa ciddi çətinlik yaratmır.

Praktik olaraq ölkələr alternativlər haqqında düşünürlər. Bir tərəfdən iqlim dəyişikliyinin iqtisadiyyata təsirlərini minimuma endirmək üçün iqlim dəyişikliyinin tənzimlənməsi ilə bağlı tədbirlərin sayında artımlar var. Eyni zamanda, iqlim dəyişikliyinin həm iqtisadiyyata, həm də dünya əhalisinin istehlakına təsirlərini minimumlaşdırmaq üçün yeni texnologiyadan istifadə vacibdir.

Məsələn, bir sıra ölkələrdə okean və dəniz suyunun içməli suya çevrilməsi prosesi gedir. Bu da, təbii ki, suya tələbin ödənilməsində xüsusi paya sahib olur. Bu kontekstdən yanaşsaq, sözsüz ki, iqlim dəyişikliklərinin iqtisadiyyata təsirlərini minimumlaşdırmaq üçün ən ciddi alət texnologiyadır", - deyə o əlavə edib.

V.Bayramov vurğulayıb ki, COP29 dünyanın ən böyük tədbiri hesab olunur.

"Burada iştirak edəcək ölkələrin sayı, ölkə rəhbərləri statusunda təmsil olunma səviyyəsi nəzərə alsaq, dünyanın ən böyük tədbiri hesab oluna bilər. Ümumiyyətlə, bu, həm ətraf mühit, iqlim dəyişikliyi, həm də qlobal iqtisadiyyatla bağlı qərarların qəbul edildiyi platformalardan biridir. Azərbaycanda keçiriləcək COP29 imkan verəcək ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin nümayəndələri bir araya gələrək, müzakirə apara bilsin", - deyə o bildirib.