Yavru Vətəndə Qarabağ münaqişəsi ilə bağlı çağırışlar edilib Hadisə

Yavru Vətəndə Qarabağ münaqişəsi ilə bağlı çağırışlar edilib

"Bu məsədə Azərbaycanın haqq işini müdafiə etmək hər bir türk gəncin mənəvi borcudur"

Şimali Kiprin Girnə şəhərində Türk Dünyası Həmrəylik Dərnəyi və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunan Türk dünyası birinci Gənclər Forumu çərçivəsində "Türk dünyası gənclərinin ümumi problemləri və əməkdaşlıq", "Gələcəyə baxış: liderlik və dünyagörüşünün inkişafında rəhbərlər" mövzularında panellər keçirilib.
Azərbaycan Milli Məclisinin deputatı, professor Elman Nəsirovun sədrliyi ilə keçirilən panellərdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Şimali Kiprin nümayəndəsi Oğuz Karakartal, Rusiya Federasiyası Çeçenistan Respublikasının gənclər naziri İsa İbrahimov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Qırğızıstan təmsilçisi Nurdin Kaparov və başqaları çıxış ediblər.
Çıxışlarda türk dünyasının gənclərinin Şimali Kiprdə toplanması tarixi hadisə kimi dəyərləndirilib. Türkdilli xalqlar və ölkələr arasında möhkəm həmrəyliyin yaranmasında gənc nəslin üzərinə böyük məsuliyyət düşdüyü qeyd olunub. Diqqətə çatdırılıb ki, türkdilli gənclər arasında səmərəli əməkdaşlıq münasibətinin gücləndirilməsi üçün xüsusilə təhsil sahəsində birgə layihələrin həyata keçirilməsinə ehtiyac var. İkili diplomların əldə edilməsinə nail olunarsa bu, gənclərin türkdilli ölkələrdə rahat inteqrasiyasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Panellər çərçivəsində gəncləri maraqlandıran suallar cavablandırılıb.
Milli Məclisin deputatı Sevinc Hüseynova, professor Aygün Attar, Türk Dünyası Həmrəylik Dərnəyinin sədri Orxan Həsənoğlu, qazaxıstanlı jurnalist Nurgali Jusipbay və başqaları I Gənclər Forumunun əhəmiyyəti ilə bağlı fikir və mülahizələrini bölüşüblər.
Millət vəkili Sevinc Hüseynova bu sahədə nailiyyətlərin əldə olunması üçün təkliflərini çatdırıb. Bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, qurumun Ağsaqqallar Şurası, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu kimi təşkilatların fəaliyyəti türk dünyası arasında birliyin, həmrəyliyin və qarşılıqlı əməkdaşlığın yaranmasına böyük töhfə verib. Millət vəkili gənclərin qarşılıqlı olaraq bütün türkdilli xalqların tarixini, mədəniyyətini, adət-ənənələrini öyrənməsinin vacibliyini, o cümlədən Türk Dünyası Gənclərinin Əlaqələndirmə Mərkəzinin yaradılmasının önəmini qeyd edib.
Nurgali Jusipbay və türkdilli xalqların digər təmsilçiləri çıxışlarında diqqətə çatdırıblar ki, türkdilli ölkələr arasında həmrəyliyin gücləndirilməsi üçün gənclər qarşılıqlı şəkildə ümumi məsələlər barədə geniş məlumatlı olmalıdırlar. Qeyd edilib ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqq işini müdafiə etmək hər bir türk gəncin mənəvi borcudur. Bunun üçün ilk növbədə bütün türk gəncləri xalqlarımızın ümumi problemlərini, tarixini, mədəniyyətini, həmçinin Dağlıq Qarabağ məsələsinin ortaya çıxmasının səbəblərini öyrənməli, fasiləsiz olaraq bu məsələni gündəmdə saxlamalıdırlar.
Çıxışlarda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə xalqımıza təbriklər ünvanlanıb, həmrəylik şüarları səsləndirilib.
Xatırladaq ki, "Dildə, fikirdə, işdə birlik" devizi altında 24 ölkədən 200-ə yaxın xarici qonağın iştirakı ilə keçirilən Forumda Azərbaycan rəsmi şəxslərin, o cümlədən Milli Məclisin deputatlarının da daxil olduğu geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.
Forum çərçivəsində Şimali Kiprin ayrı-ayrı şəhərlərində "Azərbaycanın Dövlət Müstəqilliyi Günü", "Kipr türk mədəniyyət gecəsi", birlik və həmrəylik mövzularında panellər, kitab sərgisi və digər mədəni tədbirlər təşkil edilib.