Sosial müdafiə şəbəkəsi üzrə qiymətləndirmə Hadisə

Sosial müdafiə şəbəkəsi üzrə qiymətləndirmə

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının ekspert qrupunun Azərbaycanın sosial müdafiə şəbəkəsi və onun nəticələri ilə bağlı hazırladıqları hesabat layihəsinin təqdimatı olub.
Tədbiri girş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın milli inkişaf modelinin sosialyönümlü xarakter daşıdığını, sosial dövlət statusunun gücləndirilməsinin ölkənin ümumi tərəqqisində əsas prioritetlərdən olduğunu qeyd edib. Nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkənin uzunmüddətli inkişafına yönələn siyasətinin respublikada sosial ədalət prinsipinin təmini və sivil əsaslar üzərində sosial hüquqların etibarlı müdafiəsi mexanizmini formalaşdırdığını vurğulayıb: "Ölkəmizin taleyində yeni və sürətli inkişaf mərhələsi olan 2003-2015-ci illərdə milli iqtisadiyyatın 3,4 dəfə artımı əhalinin gəlirlərinin bu dövrdə 7 dəfə, cari ilin yanvar-sentyabr aylarında 8,7 faiz çoxalması, bu gəlirlərin orta illik artım sürətinin iqtisadi artım sürətini orta hesabla 8,3 faiz üstələməsi ilə müşahidə edilib. Yoxsulluq və işsizliyin 5 faiz səviyyəsinə endiyi Azərbaycan BMT-nin Minilliyin İnkişaf Məqsədlərini özündə uğurla reallaşdıran və BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinə fəal şəkildə qoşulan ölkələrdən biridir".
S.Müslümov respublikamızda sosial rifah halının yüksəldilməsi, insan kapitalının inkişafı yönündə aparılan siyasət müstəvisində əhalinin məşğulluğu və layiqli əməyin təminatı sahəsində atılan addımları diqqətə çatdırıb. O, sosial sahəyə dövlət qayğısının ildən-ilə artırıldığını bildirib: "Buna misal olaraq, dövlət büdcəsindən sosialyönümlü xərclərə 2014-cü ildə əvvəlki illə müqayisədə 9,9 faiz çox, 2015-ci ildə əvvəlki illə müqayisədə 3,4 faiz çox, 2016-cı ilin 9 ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz çox vəsait yönəldilib. Hər il olduğu kimi, növbəti 2017-ci ilin dövlət büdcəsinin də sosialyönümlü olması təmin ediləcək".
Nazir ölkəmizdə vətəndaşların sosial müdafiə hüquqlarının dolğun təminatı sisteminin fəaliyyət göstərdiyini qeyd edib: "Cari ildə də davam etdirilən sosial müdafiə tədbirlərinin nəticəsi kimi, bu ilin 9 ayında 1,3 milyon nəfərdən çox vətəndaşın əmək pensiyası və 460 min nəfərə yaxın şəxsin aylıq və birdəfəlik sosial müavinətlə, 57,4 min nəfərin Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü və 583,8 min nəfərin sosial yardımla, 11,2 min nəfərin evdə sosial məişət xidməti, 1,5 min nəfərin reabilitasiya yönümlü sosial xidmətlərlə, 3,9 min nəfər imtiyazlı şəxsin sanator-kurort yollayışı, 1000 nəfərdən çox əlilin istirahət mərkəzlərinə yollayışla təminatı və s. işlər görülüb".
Sosial ödənişlərin ötən dövrdə mütəmadi olaraq artırıldığını qeyd edən Səlim Müslümov son on ildə sosial müavinətlərin orta aylıq məbləğinin 2,9 dəfə, Azərbaycan Prezidentinin fərdi təqaüdlərinin məbləğinin 2,6 dəfə, 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləğinin 2,2 dəfə artırıldığını bildirib. Nazir həmçinin pensiyaların orta aylıq məbləğində 2003-2015-ci illərdə 10,3 dəfədən çox, 2016-cı ilin 9 ayında 2016-cı ilin əvvəlinə nisbətən 7 faiz artımın qeydə alındığını, sosial cəhətdən həssas qruplardan olan vətəndaşlara yönələn digər sosial ödəniş növlərində də əhəmiyyətli artımların olduğunu diqqətə çatdırıb: "Dünya iqtisadiyyatında böhranın kəskin xarakter aldığı son vaxtlarda bunun milli iqtisadiyyata təsiri minimallaşdırılmaqla yanaşı, dövlət başçısının Fərman və Sərəncamları ilə ölkə əhalisinin 38 faizinə (yəni 3,6 milyondan çox şəxsə) yönələn sosial ödənişlərin artırılması təmin edilib. Habelə işsizlik müavinətinin minimum məbləği 36,4 faiz, bu məqsəd üçün ayrılan büdcə vəsaitinin məbləği 2,4 dəfə artırılıb". Nazir Azərbaycanın əmək və sosial müdafiə sisteminin avtomatlaşdırılmış infrastrukturunun qurulduğunu, bu sahədə müasir, çevik, şəffaf idarəetmə və xidmətlər sisteminin fəaliyyət göstərdiyini vurğulayıb. S.Müslümov dövlətin özünüməşğulluq proqramı vasitəsilə işsiz və işaxtaran vətəndaşların ailə bizneslərinin qurulmasının dəstəkləndiyini vurğulayıb.
Nazir Azərbaycanda əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi üçün aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın əhəmiyyətindən bəhs edib: "Ölkəmizdə əmək və sosial müdafiə sisteminin inkişafı, sosial cəhətdən həssas əhali qruplarını əhatə edən milli sosial təminat mexanizmi barədə beynəlxalq rəy və təkliflərə də biz daim önəm veririk. Dünya Bankının ekspert qrupu tərəfindən ölkəmizdə sosial müdafiə sisteminin inkişafı sahəsində aparılan işlərlə bağlı qiymətləndirmənin nəticələri ilə tanışlıq, onların bu hesabat layihəsində əksini tapan məsələlərin müzakirəsi də hesab edirəm ki, faydalı olacaqdır".
Dünya Bankının nümayəndələri Nistha Sinha, Aleksandra Posarak, Marina Petroviç və başqaları çıxış edərək, Azərbaycanda əmək və sosial müdafiə sistemində aparılan islahatların, eləcə də sosial müdafiə siyasətində aktiv tədbirlərə önəm verilməsinin, əhalinin məşğulluq imkanlarının artırılması üçün icra olunan proqramların təmsil etdikləri qurum tərəfindən maraqla qarşılandığını vurğulayıblar. Onlar bildiriblər ki, ölkədə vətəndaşların əmək və sosial hüquqlarının daha səmərəli şəkildə reallaşdırılmasına yönələn bu mütərəqqi islahatları daim dəstəkləyirlər.
Tədbir Dünya Bankının ekspert qrupunun Azərbaycanın sosial müdafiə şəbəkəsi və onun nəticələri barədə təqdimatı ilə davam edib. Təqdimat Azərbaycanın sosial müdafiə sistemi ilə bağlı ümumi məlumatdan və həyata keçirlən sosial müdafiə tədbirlərinin nəticələrinin qiymətləndirilməsindən ibarət olub. Ümumilikdə Azərbaycanda sosial müdafiə sisteminin dolğun və yaxşı əhatəliliyə malik olduğu, həyata keçirilən sosial müdafiə proqramlarının yoxsulluğun azaldılmasında mühüm rol oynadığı bildirilib. Ölkədə pensiya təminatı da yoxsulluğun azaldılmasında ən səmərəli vasitə kimi qeyd olunub. Milli sosial müdafiə sisteminin yaxşı struktura və yeni çağırışlara cavab vermək potensialına malik olduğu vurğulanıb. Ünvanlı dövlət sosial yardımı proqramının səmərəliliyinin qiymətləndirilməsi zamanı diqqətə çatdırılıb ki, bu proqramın ünvanlılıq dəqiqliyi yaxşıdır və onun yoxsulluq boşluğunun aradan qaldırılması sahəsində ən səmərəli olduğu görünür.
Təqdimatda həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək və sosial müdafiə sisteminin elektron texnologiyalar üzərində təkmilləşdirilməsi yönündə görülən işlər, habelə iş proseslərinin və verilənlərin idarə edilməsi üçün qabaqcıl və avtomatlaşdırılmış sistemin yaradıldığı bildirilib. Bunun nümunəsi kimi, ünvanlı dövlət sosial yardımı üzrə mükəmməl sistemin - Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin tətbiqinə başlanıldığı qeyd olunub. Hesabat layihəsində tövsiyələr də əksini tapıb.
Tədbir təqdim olunmuş məlumatlar əsasında geniş müzakirələrlə davam edib.