“Atılan bütün bu addımlar ....” Hadisə

“Atılan bütün bu addımlar ....”

Vüqar Zifəroğlu: "Avropanın Türkiyəyə münasibətini dəyişdirmək məcburiyyətində qalmasından xəbər verir"



"Atılan bütün bu addımlar təbii ki, Avropanın Türkiyəyə münasibətini dəyişdirmək məcburiyyətində qalmasından xəbər verir. Hazırda yaranmış şərtlər qoca qitənin maraqlarına cavab vermir. Bir tərəfdən daha çox daxili auditoriyaya hesablanmış siyasət yürüdəcəyini bildirən, eləcə də Rusiya ilə münasibətləri daha isti məcraya salmağı düşünən ABŞ prezidentinin məlum açıqlamaları, bununla da faktiki olaraq Rusiya ilə qoca qitənin ziddiyyətli və kəskin münasibətərinin davam etdiyi zamanda baş-başa qalması, digər tərəfdən də Avropa ilə münasibətləri son dərəcə kəskinləşən Türkiyənin Rusiya ilə münasibətlərinin normallaşması, hətta bir çox prinsipial məqamlarda ortaq məxrəcə gəlmək cəhdlərinin edilməsi Avropanı bəzi qərarlarından vaz keçmək məcburiyyətində qoymaqdadır". Bu fikirləri "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, siyasi şərhçi Vüqar Zifəroğlu səsələndirib: "Məqsəd ən azından Rusiya ilə münasibətlərini normallaşdırmaq üçün Türkiyədən bir vasitəçi kimi yararlanmaqdan tutmuş, Yaxın Şərq siyasətində daha aktiv və indilikdə qalib tərəf kimi görünən Əsəd-İran-Rusiya üçlüyünə qarşı müəyyən avantajlar əldə etmək, Avropa üçün ciddi təhdid xarakteri daşıyan qaçqınlar probleminin həllində rəsmi Ankaradan dəstək almaq və onun köməyindən yararlanmağa qədər geniş spektri əhatə edir. Bütün bu məqamlarda Türkiyə, qoca qitə üçün yeganə, alternativsiz ünvandır".
Analitik əlavə edib ki, suriyalı qaçqınlar məsələsində Almaniya ilə Türkiyənin mövqelərində mövcud olan fikir ayrılığının həlli yolu Avropanın qaçqınlar problemini səmimi şəklində öz üzərinə götürməsindən keçir: "Yəni, bu məsələdə Türkiyədən sipər olaraq istifadə etməklə problemi həll etmək mümkün olmayacaq. Digər tərəfdən Avropa Türkiyənin istəklərinə daha ciddi addımlar atmaqla cavab verməlidir. Türkiyənin Avropadan gözləntiləri bəllidir: terror məsələsində ikili yanaşmaya son qoyulması, Avropa İttifaqına üzvlük məsələsində obyektiv yanaşma, viza problemlərinin həlli, NATO ölkəsi olaraq Yaxın Şərq siyasətində dəstək. Bu sadalananlardan əlavə, Türkiyə bir neçə il ərzində FETÖ-çülərın Türkiyəyə deportasiyası ilə bağlı Berlinə 6 minədək sorğu göndərməsinə rəğmən, sorğuların heç biri təmin edilməyib. Bu da iki ölkə arasında ciddi narazılığa səbəb olmaqdadır. Hər halda indiki dönəmdə Avropanın, əsas da Almaniyanın sadalanan məsələlərin hamısında tam olmasa da, müəyyən yumşalmalara və güzəştlərə gedəcəyini düşünmək olar. Keçən həftə Almaniyada həmin ölkənin PKK qanadına rəhbərlik edən şəxsin həbs edilməsi əslində bir başlanğıcdır. Unutmayaq, bu həmin Almaniyadır ki, paytaxtında dövlət polisinin mühafizəsi altında PKK tərəfdarlarına çadır quraraq siyasi aksiyalar keçirmələrinə şərait yaradılırdı".
V.Zifəroğlu diqqətə çatdırıb ki, Avropa sadəcə olaraq, Türkiyə vasitəsilə özünü qaçqın problemindən maksimum dərəcədə kənarda saxlamağa çalışır və bu zaman maliyyə məsələlərində də bir o qədər yardım etməyə tələsmir: "Əslində Avropa İttifaqına daxil olan ölkələrin özlərində maliyyə sıxıntılarının və iqtisadi problemlərin mövcudluğunu nəzərə alsaq, bu, təbii qarşılanmalıdır. Avropa həmişəki kimi minimum xərclə maksimum əldə etməyə çalışır və bu zaman uduşlu vəziyyətdə olmağı da əsas hədəf olaraq götürür. Düşünmürəm ki, Avropa İttifaqı qaçqınlarla bağlı problemlərin həllində Türkiyəyə ciddi maliyyə yardımı etsin. İndiki iqtisadi kataklizmlərin yaşandığı bir zamanda bunu Avropadan gözləmək sadəlövhlük olardı".