“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi Hadisə

“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi

Həqliyyat vasitələrindən istifadə hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan balın minimum həddi qaldırılıb

Parlamentin dünənki iclasında "Yol hərəkəti haqqında" qanuna yeni dəyişiklik müzakirəyə çıxarıldı. Dəyişikliklər barədə məlumatı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli diqqətə çatdırdı.
Əli Hüseynli xatırlatdı ki, bu yaxınlarda ölkə başçısı ASAN xidmət növlərinin genişləndirilməsi ilə bağlı fərmana dəyişiklik etdi: "Bununla əlaqədar yol hərəkəti qaydaları ilə bağlı inzibati xətalara dair işlərə baxılması qaydası və nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması qaydası ilə bağlı daha şəffaf və operativ mexanizmlərin tətbiq olunması nəzərdə tutuldu. Buna görə də qanunvericiliyə, İnzibati Xətalar Məcəlləsinə, "Yol hərəkəti haqqında" Qanun layihəsinə dəyişiklik edilməlidir. Qanunda sürücü ilə yol polisi əməkdaşları arasında birbaşa əlaqələrin minimuma endirilməsi nəzərdə tutulur. Həmçinin qanunda sürücülər hansısa narahat doğuran halda məhkəməyə müraciət imkanı əldə ediblər. Bir sıra hallarda şirkətlər və həmin hirkətlərə məxsus avtomobillərin sürücüləri yol hərəkəti qaydasını pozduqlarına görə məsuliyyətə cəlb olunurdular. İndi təklif olunan dəyişiklik isə vadar edəcək ki, hüquq şəxslər və nəqliyyat sahəsində məşğul olanlar əgər sürücülər dəyişirsə, bu barədə mütləq dövlət yol polisinə məlumat versinlər".
Millət vəkili Rəfael Cəbrayılov qanun layihəsinə dəyişikliklərdən danışarkən bildirib ki, xüsusi siqnallarla təchiz olunmuş avtomobillərə yol verilməməsi ilə bağlı qayda pozuntusunu digər qayda pozuntusu ilə müqayisədə təhlükəlidir: "Söhbət yol polisi, yanğınsöndürən, təcili yardım maşınlarından gedir. Sürücülər polis maşınlarına yol verirlər. Bunun səbəbləri aydındır. Yanğınsöndürən maşınlara da yol verilir. Çünki onların qabariti böyükdür və toqquşma təhlükəsi baxımından onlara da yol verilir. Lakin təcili yardım maşınlarına yol verilməməsi çox geniş yayılıb. Burada insan sağlamlığından söhbət getdiyi üçün məsələ daha təhlükəlidir".
Rəfael Cəbrayılov bəzi təkliflər verib: "Qanun layihəsinin 151-ci maddəsində sadalanan əməllərlə birgə 60 manat cərimə olunma ayrı bir maddədə verilməlidir. Nəzərə çatdırım ki, Milli Məclisin belə bir təcrübəsi var. Piyadaların keçid zolağı üzərinə çıxan andan onlara sürücü tərəfindən yol verilməsini iki il bundan öncə ayrı bir maddədə yerləşdirdik. Təbii ki, bu da lazımı effekt verdi. Xüsusi səs siqnalları, sayrışan işıqlarla təchiz olunmuş avtomobillərə yol verilməməsinə görə inzibati məsuliyyət 151.2-ci maddədən çıxarılıb ayrıca maddədə verilsin və sanksiya ən azı 100 manata kimi qaldırılsın".
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib. Belə ki, inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitələrindən istifadə hüququnun məhdudlaşdırılmasına səbəb olan il ərzində toplanan balın minimum həddi qaldırılıb.
Dəyişikliyə əsasən, məcəllənin 151.4-cü maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır.
İnzibati Xətalar Məcəlləsindəki digər dəyişiklilərə görə, məcəllənin 151.5 və 152-1.1-ci maddələrində nəzərdə tutulan xətaların törədilməsinə görə şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xətalar 5 balla qiymətləndirilir. İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 il müddətində qüvvədə olur.