«Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn» Hadisə

«Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn»

Vətəndaş cəmiyyətində iqtisadi və sosial münasibətlərin tənzimlənməsinin dövlətin iştirakı olmadan həyata keçirilməsi arzu edilir. Bu cəmiyyətdə insanların inkişafının müstəqil şəkildə, hər hansı subyektin müdaxiləsi olmadan baş verməsi daha düzgün hesab olunur.
Lakin təcrübə göstərir ki, heç də bütün insanlar öz imkanları ilə maddi və sosial ehtiyatlarını ödəyə bilmir, cəmiyyətin tam hüquqlu üzvünə çevrilmir. Müxtəlif səbəblərdən, o cümlədən sağlamlıq imkanlarının itirilməsi (əlillik), 20 yaşına çatmamış ailə başçısının itirilməsi, yaşlılıq və s. ilə əlaqədar olaraq çoxlu sayda insan çətin vəziyyətə düşür. Əgər bu insanlara nizamlı, daimi dəstək olmasa həmin insanlar cəmiyyətin tam hüquqlu üzvünə çevrilmir, vəziyyətləri daha da pisləşir, nəticədə isə cəmiyyətdə qeyri-bərabərlik, ədalətsizlik yaranır. Bu cür ehtimalları nəzərə alaraq vətəndaş cəmiyyətinin ideoloqları dövlətin bəzi iqtisadi və sosial münasibətlərin tənzimlənməsinə müdaxiləsini məqbul sayır. Hesab edilir ki, dövlət sosial cəhətdən qayğıya ehtiyacı olan insanlaran sosial və maddi təminatını təmin etməlidir.
Dövlət başçısı İlham Əliyevin ötən ilin aprel ayının 7-də verdiyi sərəncamın icrası olaraq, özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə təminatı işləri bu gün də davam etdirilir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, nazirlik tərəfindən artıq 21 rayon üzrə 269 nəfər işsiz və işaxtaran şəxsə aktivlər alınıb verilib.
Azərbaycan qanunvericiliyinə görə, özünüməşğulluq nədir? Qanuna görə, özünüməşğulluq - əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsidir. Nəinki Azərbaycanda, dünyanın heç bir ölkəsində özünüməşğulluq ailəyə şamil olunan bir anlayış deyil. Elə bizim qanunvericilikdə də deyildiyi kimi, əmək qabiliyyətli işsizlərin heç kimdən asılı olmadan müstəqil surətdə iş qurmasıdır.
Ayrı-ayrı dünya ölkələrində özünüməşğulluqla bağlı layihələr formatında müəyyən təcrübələr olsa da, ilk dəfə Azərbaycanda məhz dövlət başçısının təşəbbüsü ilə bütün ölkəni əhatə edən, geniş formatda aktiv məşğulluq proqramının icrası ilə əlaqədar Sərəncam imzalanıb. Bu proqram ayrı-ayrı fərdlərin, onların timsalında ailələrin özünüməşğulluğuna yönəlsə də, nəticə etibarilə iqtisadiyyatda mühüm faktor olan kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, yeni iş yerlərinin açılması prosesinin daimi olması hədəfinə istiqamətlənib.
Özünüməşğulluq proqramına cəlb olunanlar 2016-cı ilin 01 aprel tarixinədək Məşğulluq Mərkəzlərində işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlardır. Onlardan özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən şəxslər biznesin təşkili ilə bağlı zəruri bilik və bacarıqlara yiyələnmək üçün iki aylıq təlim kurslarına cəlb olunublar. Kursları uğurla başa vuranların biznes-planlarının qiymətləndirilməsi zamanı həmin biznes-planlardan 80 faizi müsbət dəyərləndirilib.Uğurlu biznes-planların reallaşdırılması yolu ilə qeyd olunan şəxslərin ailə təsərrüfatlarını qurmaları, beləliklə, əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna şərait yaradılması üçün onların mal və materiallarla təminatı həyata keçirilir.
Qeyd edək ki, geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik olan ölkəmizdə aparılan sosial siyasətin əsas hədəflərindən biri də aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçidin təmin edilməsidir.Belə ailələrin özünüməşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinə cəlb olunmaları ölkədə işsizlik səviyyəsinin daha da azalmasına, əlavə iş yerlərinin yaradılmasına, ailə gəlirlərinin artırılmasına, əhalinin aztəminatlı qruplarının yoxsulluqdan çıxmasına və digər əhəmiyyətli nəticələrə imkan yarada bilər. Artıq dövlətimiz belə ailələrin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi üçün özünüməşğulluq proqramlarına start verib.
Özünüməşğulluq layihəsinin icrasına hazırlıq mərhələsində Məşğulluq Xidmətinin sifarişi əsasında respublikanın iqtisadi zonalarına daxil olan şəhər və rayonlar üzrə kiçik sahibkarlıq fəaliyyəti sahələrinə olan tələbatın öyrənilməsi məqsədi ilə kiçik sahibkarlar arasında iqtisadi sorğu keçirilib. Sorğunun nəticəsi olaraq respublikanın bütün şəhər və rayonları üzrə dayanıqlı və gəlir gətirə bilən biznes sahələri barədə məlumat toplanıb. Sorğu materialları layihədə iştirak etmək üçün müraciət edən iştirakçıların seçimində mühüm rol oynamışdır.
İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul bildirib ki, özünüməşğulluğun Nazirliyin bir neçə il əvvəl həyata keçirdiyi "Özünüdəstək" proqramından fərqi yoxdur: "Yenə də vəsait aztəminatlı ailələrə veriləcək, yenə də kəndliyə inək, qoyun almaqdan danışılır.
Baxmayaraq ki, "Özünüdəstək" layihəsindən fərqli olaraq Özünüməşğulluq bir sahibkarlıq layihəsidir. Özünüməşğulluq imkan verir ki, işsiz sahibkarlıq fəaliyyətinə başlamaq imkanı əldə etsin. Ona görə də ona qarşı tələblər olmalıdır. Gəlin özünüməşğulluğa çıxış imkanı əldə edəni şərti olaraq Türkiyə türkləri kimi girişimçi adlandıraq ki, hər dəfə 3 sözdən ibarət ifadəni təkrarlamayaq. Girişimçi (özünüməşğulluğa iddialı olan) mütləq iqtisadiyyatla, sahibkarlıqla bağlı kurs keçməli və sonunda imtahan verib sertifikat almalıdır. Şərt qoyulmalıdır ki, kursu bitirib sertifikat almayan özünüməşğulluq layihəsinə qoşula bilməz. Bu məsələdə Türkiyə təcrübəsindəki kimi iqtisadiyyat təmayüllü universitetlərin potensialından faydalanmaq olar. Özünüməşğulluq layihəsindən faydalanmaq istəyən girişimçi mütləq biznes-plan yazmaq bacarığına malik olmalıdır. Və həmin biznes-plan qiymətləndirilərək ona nazirin dediyi 4 min manat verilməlidir.
Bir əsas məqamı da deyim. Özünüməşğulluq mütləq ünvanlı sosial yardım proqramından ayrılmalıdır. Əks halda onun heç bir səmərəsi olmayacaq. Ola bilər ki, girişimçiyə tutaq ki, bir il müddətində ya işsizlik müavinəti, ya da ünvanlı sosial yardım verilsin, bu, əksinə daha effektli olardı. Sosial yardımdan ayırmaq deyəndə, yenə də eyni bazaya yığılmış insanların içərisindən seçim aparmaqla auditoriyanı məhdudlaşdırmaq cəhdlərini nəzərdə tuturam və pisləyirəm. Bu halda özünüməşğulluğun heç bir səmərəsi olmayacaq".
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə deyib ki, özünüməşğulluq proqramı aztəminatlı ailələrin kasıblıqdan çıxması üçün nəzərdə tutulan proqramdır. Bu layihə imkan verir ki, ailə dövlət dəstəyi sayəsində öz zəhməti hesabına kasıblıq həddindən çıxsın və gələcəkdə dövlətdən yardım almadan dolana bilsin: "Bu proqram vətəndaşın məşğulluq problemini də həll edir. Yəni, insan əvvəl evində oturub işləmədən 150-170 manat yardım alırdısa, bu gün dövlət dəstəyi ilə öz bisnesini qurur. Öz işi olur, öz gəlirini tədricən artırmaq imkanı əldə edir. Həm işləyir, həm də işləyərək yardım almadan öz dolanışığını təmin edir. Sözsüz ki, bu proqram ünvanlı sosial yardım ilə paralel şəkildə davam etdirilərsə, getdikcə səmərə verdikcə istənilən və gözlənilən nəticəyə çatmaq olar".
Geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik Azərbaycanda aparılan sosial siyasətin əsas hədəflərindən biri də aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçidin təmin edilməsidir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev çoxsaylı və keyfiyyətli iş yerlərinin açılması, sahibkarlığın dəstəklənməsi və iqtisadiyyatın müasirləşdirilməsi, sosial ödənişlərin mütəmadi artırılması yönündə aparılan fəal siyasətdən bəhs edib. O, görülən işlərin sosial rifah göstəricilərinin yüksəlməsinə, habelə işsizlik səviyyəsinin təxminən 5 faizə, yoxsulluq səviyyəsinin 4,9 faizədək azalmasına səbəb olduğunu qeyd edib: "Dünya Bankının metodologiyasına görə, gündəlik gəliri 2 dollardan aşağı olanlar yoxsul, 1 dollardan aşağı olanlar isə ifrat yoxsul hesab edilirlər. 2003-cü ildə dünyada gündəlik gəliri 2 dollardan aşağı olan 2,6 milyard nəfər əhalinin müəyyən hissəsi ölkəmizdə idisə, hazırda dünyada gündəlik gəliri 2 dollardan az olan əhali arasında Azərbaycan əhalisi artıq yoxdur".
Ünvanlı dövlət sosial yardımı proqramının aztəminatlı ailələrin minimum maddi tələbatlarının ödənilməsinə yönəldiyini qeyd edən İ.İsayev əslində onun passiv sosial tədbir olduğunu, aztəminatlı ailələrin yoxsulluqdan çıxmasına səbəb olmadığını bildirib: "Həmin ailələrin yoxsulluqdan çıxması üçün onların üzvlərinin məşğulluğu təmin edilməli, bunun üçün ilk növbədə məşğulluq imkanları araşdırılmalıdır. Təhlillər göstərir ki, sosial yardım alan ailələrin məşğulluq imkanları mövcuddur. 2016-cı ilin aprel ayının məlumatına görə, ölkəmizdə ünvanlı dövlət sosial yardımı alan ailələrin 70%-i Bakıdan kənarda yaşayan ailələrdir ki, onların da 75%-i torpaq pay mülkiyyətinə malikdir. Digər tərəfdən, sosial yardım alan ailələrin üzvlərinin təxminən yarısı 18 yaşından yuxarı olanlardır".
Nazir müavini diqqətə çatdırıb ki, belə ailələrin özünüməşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinə cəlb olunmaları ölkədə işsizlik səviyyəsinin daha da azalmasına, əlavə iş yerlərinin yaradılmasına, ailə gəlirlərinin artırılmasına, əhalinin aztəminatlı qruplarının yoxsulluqdan çıxmasına və digər əhəmiyyətli nəticələrə imkan yarada bilər.
"Ona görə də biz nazirlik olaraq aztəminatlı ailələrlə bağlı aktiv sosial müdafiə tədbirlərinə daha üstünlük veririk", - deyən İ.İsayev son illərdə özünüməşğulluğun təmin edilməsi sahəsində icra olunan pilot layihələrdən söz açıb. O qeyd edib ki, Göyçay və Şamaxı rayonlarında müəyyən kriteriyalar əsasında seçilmiş şəxslərin, o cümlədən bir qrup əlilliyi olan şəxsin öz bizneslərini yaratmaları üçün həyata keçirilən layihələr uğurla nəticələnib. Həmin insanlar müəyyən edilən istiqamətlər üzrə öz bizneslərini yaradaraq fəaliyyətlərini davam etdirməklə yanaşı, onların genişləndirilməsinə də nail olublar.
İ.İsayev bildirib ki, əhalinin məşğulluğu səviyyəsi eyni zamanda sosial yükün əhali ilə dövlət arasında daşınma nisbətini müəyyənləşdirir. Bu, eyni zamanda sosial məsuliyyətin bölüşdürülməsi məsələsidir. Çıxışı zamanı qloballaşma şəraitində sosial problemlərin həllində sosial məsuliyyətin cəmiyyətin hər bir həlqəsi arasında düzgün bölüşdürülməsinin əhəmiyyətindən də bəhs edən nazir müavini "Ölkənin iqtisadi gücündən asılı olmayaraq dünyada elə bir ölkə yoxdur ki, həmin ölkədə sosial problemləri yalnız dövlət həll etsin. Bu problemin həlli üçün cəmiyyətin bütün həlqələrinin bu prosesdə aktiv iştirakı tələb olunur", - deyə vurğulayıb.
O, ölkədə həyata keçirilən sosial siyasətin cəmiyyətimizin bütün həlqələrini sosial biznesin yaradılmasına təşviq etdiyini, sosial biznesin inkişafa gedən yol olduğunu qeyd edib.

Habil Hüseynov

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"