Dövlət sərhədini pozmağa cəhd göstərən Yəmən və Mərakeş vətəndaşları saxlanılıb Hadisə

Dövlət sərhədini pozmağa cəhd göstərən Yəmən və Mərakeş vətəndaşları saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qeyri-qanuni miqrasiyaya qarşı həyata keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 nəfər sərhəd pozucusu saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi məlumat yayıb.

May ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Yəmən Respublikası vətəndaşı – 1986-cı il təvəllüdlü Baidaha Moqbel Abdulrazzaq, mayın 9-da isə “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Mərakeş Krallığı vətəndaşı – 1990-cı il təvəllüdlü Touijar Mohamed dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.